Prosineçki “sirr”i açdı

514

Millimizə yeni baş məşqçi təyin olunmuş Rober Prosineçki Şah Abbas kimi şəhərlərimizi, kəndlərimizi gəzməkdədir. Lakin Şah Abbasdan fərqli olaraq o, əyninə dərviş libası geyinməyib. Elə öz ənənəvi geyimindədir. Bu gəzintinin məqsədi də təşkil edəcəyi milli komandaya layiqli futbolçular tapmaqdır. Sizi bilmirəm, mən bu kişinin belə işgüzarlığını alqışlayıram və Şah Abbaslığının davamlı olmasını diləyirəm. Çünki məhz bu axtarışlar milli komandamızda nəyi isə dəyişə bilər. Məsələn, bu bazar yoldaş Prosineçki “Qarabağ” – “Neftçi” matçının ilk hissəsini, daha sonra isə “Xəzər Lənkəran” – “Qəbələ” oyununu izləyib və təəssüratlarını bölüşüb: “Qarabağ” – “Neftçi” oyununu bəyənmədim. Bilmirəm, üstünlük əldə etmək üçün niyə çətinlik çəkirdilər. Amma “Xəzər Lənkəran” – ” Qəbələ” görüşü daha maraqlı idi. “Xəzər Lənkaran”ın oyununu çox bəyəndim. “Qəbələ”də heç bir oyunçu məni qane etmədi”. Buradan belə məlum olur ki, cənab Prosineçki artıq öz gözü ilə gördüyü futbolumuzu əməlli-başlı analiz etməkdədir. Hərdən fikirlərini bu şəkildə dilə gətirir, hərdən də susur. Görünür, onun işə yanaşma tərzi belədir. O öz platformasını isə elə işə başlayan kimi açıqlayaraq deyib: “Mən məşqçi kimi həmişə optimist olmuşam. Komandanın üzərində çox çalışacağıq. Potensiallı oyunçular var. Bəli, biz İtaliya və Xorvatiyanı məğlub edə bilmərik. Amma ən azından, bundan yaxşı futbol göstərə bilərik. Son məğlubiyyətlərdən sonra komandada fiziki durum yerində deyil. Bunun üzərində işləyəcəyik”.

Sizi bilmirəm, mən xeyli vaxtdır ki, cənab Prosineçkinin dediklərini və hərəkətlərini qarabaqara izləyirəm. Di gəl, hələ də anlaya bilmirəm ki, o necə bir komanda formalaşdırmaq istəyir. İnandırım sizi, yatanda da bu fikir məni rahat buraxmır. Dünən elə bu fikirlə yuxuya getdim. Bir də gördüm Prosineçki peyda oldu. Vaxt itkisinə yol verməmək məqsədilə salamsız-kəlamsız ona belə bir sualla müraciət etdim: “Cənab Robert Prosineçki, artıq xeyli vaxtdır ki, ölkəmizdəsiniz. Bir çox oyunu izləmisiniz. İndi bir mənə deyin görüm siz bizim millini necə bir komanda kimi formalaşdırmaq istəyirsiniz? Niyə bu barədə danışmırsınız?” Prosineçki bu sualı eşidən kimi elə qəhqəhə çəkib güldü ki, az qala yuxudan ayılam. Lakin özümü birtəhər saxladım. Handan-hana o dilləndi: “Təbii ki, millinizlə bağlı mənim müəyyən fikirlərim var. Ancaq özümə söz vermişəm ki, bunu mətbuata açıqlamayacağam. Madam ki, bu sual sizi yuxuda da rahat buraxmır, onda ucundan-qulağından bir neçə kəlmə deyəcəyəm. Bəri başdan deyim ki, mənim formalaşdıracağım komanda nə Torresin, nə Foqtsun, bir sözlə, mənə qədər millidə çalışmış baş məşqçilərin formalaşdırdıqları komandalara bənzəməyəcək. Onları təkrar etməklə ad-sanıma xələl gətirmək, azarkeşlərin qınağına tuş gəlmək istəmirəm. Ortaya nəsə bir yenilik qoymaq niyyətindəyəm”.

Bu sözlərdən sonra o məni tərs-tərs süzərək dedi: “Görürəm, söz gəzdirən, milçəkdən fil düzəldən yazara oxşamırsınız. Odur ki, bu barədə ilk dəfə sizə açıqlama vermək istəyirəm. Amma xahiş edirəm, açıqlamalarım sizin yuxunuzdan kənara çıxmasın… Çünki eşitdiyimə görə bu məmləkətdə bəzən yuxuları elə yozurlar ki… Nə isə… Ay kişi, son illər bütün dünya sizin məmləkətinizin inkaşafından ağız dolusu danışır, elə deyilmi? Sözün düzü, mən bura gələnə qədər bu inkişafınıza şübhə ilə yanaşardım. Elə ki, işimlə əlaqədar bu məmləkəti qarış-qarış gəzməyə başladım, onda öz gözlərimlə ana…” Prosineçkinin son sözü çətinliklə tələffüz etməsini görüb ona kömək məqsədilə dedim: “Bəlkə anatomiya demək istəyirsiniz?” Dedi, yox. Dedim, bəlkə, analoq demək istəyisiniz. Elə bil Prosineçkinin çiçəyi çırtladı: “Hə, hə”. Və o, son cümləsini belə tamamladı: “Elə ki, işimlə əlaqədar bu məmləkəti qarış-qarış gəzməyə başladım, onda öz gözlərimlə analoqu olmayan bir inkişafın şahidi oldum. Odur ki, öz-özümə dedim ki, axı niyə belə bir ölkənin futbolu bu inkişafdan geri qalmalıdır? Bir sözlə, məqsədim analoqu olmayan bir milli komanda formalaşdırmaqdır”. Mən sevinclə: “Ay can, ay can, komandamızın da analoqu olmayacaq”, – deyib necə qışqırdımsa, birdən-birə yuxudan ayıldım. Kaş qışqırmayaydım…

Qvami Məhəbbətoğlu