Prosineçki də “ayran”ına turş demir

626

Futbol üzrə millimizin baş məşqçisi Robert Prosineçkinin Antalyada təlim-məşq çərçivəsində “Şaxtyor”a (Donetsk) 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra verdiyi bir müsahibə diqqətimi cəlb etdi. Necə? Siz də həmin müsahibə ilə tanışsınız? Elə isə, lap əla. Onda bir-birimizi daha yaxşı başa düşərik ki… Necə, həmin müsahibədə yeni bir şey yoxdur? Mən sizin bu fikrinizə qatılmıram. Bu gedişlə o da bir babat milli komanda formalaşdıra bilməyəcək? Bu fikrinizə də hörmətlə yanaşıram. Yox, belə olmayacaq, mənə daha sual verməyin. Çünki sizin fikirlərinizə münasibət bildirə-bildirə mətləbdən çox uzaq düşürəm. Bilənlər bilir, bilməyənlər də bilsinlər, mən mətləbdən ayrılmağı əsla sevmirəm… Hə, onu deyirdim axı. Həmin müsahibədə Robert müəllim Prosineçkinin fikirlərindəki bəzi məqamlar məni lap yerimdən oynatdı. Odur ki, mən də hirsimdən kimləri isə oynatmaq fikrinə düşdüm. Axı nə vaxta qədər mən oynayacağam? Yenə də nə isə, icazə verin, indi həmin o məqamlarla bağlı fikirlərimi açıqlayım. Bəri başdan deyim ki, dediklərimlə razılaşsanız da sağ olun, razılaşmasınız da… Fikir bildirsəniz də, yüz yaşayın, bildirməsiniz də…

Hə, cənab Robert müəllim Prosineçki həmin müsahibəsində çox mühüm “tarixi” bir fikir söyləyib. O deyib ki, rəqibə topla daha çox oynamağa imkan verdik. Mən onun bu fikri ilə heç cür razılaşa bilmirəm. Çünki qənaətimə görə, baş məşqçimiz öz zəif oyununu malalamaq məqsədi ilə belə bir ifadə işlədib. Necə yəni imkan verdik? Robert müəllim, imkan vermədiniz e… “Şaxtyor” öz gözəl oyunu ilə buna nail oldu. Odur ki, siz kişi kimi deməli idiniz ki, ikinci hissədə oyun bir qapıya getdi. “Şaxtyor” sanki məşq edirdi və bizimkilərin ayağına nadir hallarda top dəyirdi. Bu da o demək idi ki, “Şaxtyor” öz sanballı oyunu ilə topa daha çox yiyələnmək imkanı əldə etmişdi. Təbii ki, Robert müəllim belə deməyib, əgər belə desəydi, o, rəhbərlik etdiyi millimizin zəif oyununu, daha doğrusu, öz zəif oyununu üzə çıxarmış olaydı. Sual olunur, o niyə belə deyib? Məncə, bu suala cavab tapmaq üçün dağa-daşa düşməyə əsla ehtiyac yoxdur. Çünki o, yaxşı bilir ki, bizim tərəflərdə kimsə öz ayranına turş demir. Robert müəllim də palaza bürünüb ellə sürünməyə üstünlük verib, yəni belə fikirləşib: madam ki, belədir, mən niyə ayranıma turş deməliyəm? Burada bir haşiyəyə çıxmaq istəyirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, bizim məmləkətimizə gələn legionerlərin bizdən öyrəndikləri ilklər elə belə nəsnələrdir.

Daha bir haşiyəyə çıxmaqla isə əsas mətləbə qayıtmaq istəyirəm. Bəli, biz, ümumiyyətlə, adımızı tutan hər kəs üçün istər məmləkətimizdə, istərsə də xarici ölkələrdə geniş imkanlar yaradırıq. Adi bir misal: Robert müəllim Prosineçki bir neçə aydır ki, məmləkətimizdədir. İndiyədək Robert müəllim üçün yaradılmış imkandan onun şikayətləndiyini eşitmisiniz? Yox, təbii ki…

Həmin müsahibəsində Robert müəllim 1:2 hesabı ilə uduzduğumuz oyundan razı qaldığını da dilə gətirib, özü də fəxrlə. Bununla da o daha bir “tarixi” fikir səsləndirib. Gəl yanıb tökülmə də… Hə, bu məqama da yer ayırmaq istəyirəm. Ona bir deyən yoxdur ki, ay Robert müəllim, məgər sizin razı qalmağınızla iş bitir? Axı əsas məsələ məmləkətimizi, onun futbol həvəskarlarını razı salmaqdır. Bu mənada sizin belə bir fikriniz mənə özü çalıb, özü oynayanların məsəlini xatırladır. Amma fikrimcə, bu, yaxşı hal deyil. Yəni bizim tərəflərdə belə hallar heç də yaxşı qarşılanmır. Bu yerdə bir hikmətli rəvayət yadıma düşdü. Deməli belə, bir nəfər dəniz kənarındakı daşın üstündə oturub tütək çalır. Bu biçarə elə güman edir ki, dənizdəki balıqlar onun çaldığı havaya oynayacaqlar. Odur ki, həmin şəxs balıqların ona əhəmiyyət vermədiyini görüb əsəbiləşir və dənizə tor atıb balıq tutmağa başlayır. Tora düşən balıqlar başlayır çabalamağa, atılıb-düşməyə… Bu mənzərəni görən həmin şəxs deyir: “Hə necədir, mən çalanda oynamırdınız, bəs indi kimin zurnasına oynayırsınız?”

Deyəsən, çatdıq axı. Hə, indi də üzümü tuturam həmin Robert müəllim Prosineçkiyə… Robert müəllim, unutmayın ki, bizim azarkeşlər hər havaya oynamırlar. Bir də sizdən xahiş edirəmki, belə mənasız açıqlamalarınızla həmin şəxs balıqları oynadan kimi bizi oynatmağa çalışmayın.

QVAMİ MƏHƏBBƏTOĞLU