Problemli kreditlərin həcmi ilk dəfə 1 milyard manatı ötüb

489
Bu ilin fevral ayına olan məlumata görə, ölkəmizdə fəaliyyət göstərən banklar tərəfindən ümumilikdə 18 milyard 579,8 milyon manat kredit verilib.
 Son bir ildə banklar tərəfindən verilən kreditlərin həcmi 19,9% və ya 3 milyard 95,2 milyon manat artıb. Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərdən məlum olur ki, bankların kredit qoyuluşları əsasən milli valyutada verilən kreditlər hesabına artıb. Belə ki, son bir il ərzində bu növ kreditlər 2 milyard 420,9 milyon manat və ya 21,7% artaraq 11 milyard 140,5 milyon manatdan 13 milyard 561,4 milyon manata yüksəlib. Eyni dövrdə, xarici valyutada verilən kreditlər 674,3 milyon manat və ya 15,5% artaraq 4 milyard 344,1 milyondan 5 milyard 18,4 milyon manata yüksəlib. Milli valyutada verilən kreditlərin 6,1%-i və ya 826,5 milyon manatı, xarici valyutada verilən kreditlər isə 4,1%-i və ya 204,4 milyon manatı vaxtında geri qaytarılmayıb.Məlumat üçün bildirək ki, bu ilin yanvar ayında ilk dəfə olaraq problemli kreditlərin həcmi 1 milyard manatın üzərinə çıxıb. Belə ki, verilən ümumi kreditlərin 5,5%-i və ya 1 milyard 30,9 milyon manatı vaxtında geri qaytarılmayıb. MB-dən açıqlanan statistik göstəricilərdən belə görünür ki, vaxtında qaytarılmayan (problemli) kreditlər üzrə artım son bir ilə ərzində 26,4% və ya 215,8 milyon manata bərabər olub. Onu da qeyd edək ki, ötən ilin yanvar ayı ilə müqayisədə problemli kreditlərin həcmi ümumi kreditlərə nisbətən də yü aşağı düşüb. Belə ki, ötən ilin ilk iki rübünün nəticələrinə görə, problemli kreditlərin həcminin ümumi kreditlərə nisbəti də yüksəlib. Məlumat üçün onu da bildirək ki, 2014-cü ilin yanvar ayında ümumi kreditlərin 5,3%-i vaxtında geri qaytarılmayıb. Ötən ilin dekabr ayı ilə müqayisədə, yəni son bir ay ərzində isə vaxtı keçmiş kreditlərin həcmi 54,6 milyon manat və ya 5,6% artıb.

 

Milli valyutada əmanətlər azalır,

xarici valyutada çoxalır

Mərkəzi Bank açıqlanan digər bir məlumata görə, fevral ayının əvvəlinə banklarda əhalinin 7 milyard 121,3 milyon manat əmanəti olub. Bu məbləğin 4 milyard 276,3 milyon manatı milli valyuta ilə, 2 milyard 845 milyon manatı xarici valyuta ilə yerləşdirilib. Əhalinin banklardakı əmanətləri yanvar ayında 67,1 milyon manat və ya 0,9% azalıb. Əmanətlərin həcminin aşağı düşməsi manatla yerləşdirilən əmanətlərdəki azalma hesabına baş verib. Belə ki, cari ilin yanvar ayında milli valyutada olan əmanətlər 146,1 milyon manat azlıb. Bu azalmanın 67,1 milyon manatını geri götürülən əmanətlər, 79 milyon manatını isə xarici valyutaya çevrilən əmanətlər təşkil edib. Son 2 ayda isə milli valyutada olan əmanətlər 205,8 milyon manat azalıb. Ancaq xarici valutada olan əmanətlər yanvar ayında 79 milyon manat (köhnə məzənnə ilə 100,7 milyon dollar) artıb. Son 4 ayda isə xarici valutada olan əmanətlər 307 milyon manat (köhnə məzənnə ilə 391,4 milyon dollar) artaraq 2 milyard 538,6 milyon manatdan 2 milyard 845 milyon manata yüksəlib. Fevral ayının 1-nə olan məlumata görə, banklardakı əmanətlərin 6 milyard 463,6 milyon manatı rezidentlərə, 657,7 milyon manatı qeyri-rezidentlərə (xarici vətəndaşlara) məxsus olub. Yanvar ayında rezidentlərin banklardakı əmanətləri cəmi 8,9 milyon manat azaldığı halda, qeyri-rezidentlərin əmanətləri 58,2 milyon manat azalıb. Xaricilər əmanətlərin 120,4 milyon manatını milli valyutada, 537,4 milyon manatını isə xarici valyutada banklara yatırıblar. Xaricilərin banklarda, 2014-cü ilin yanvar ayında 619 milyon manat, dekabrında isə 587,2 milyon manat xarici valyutada əmanəti olub. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı devalvasiyanı fevralın 21-də həyata keçirib. Fevral ayında dollara çevrilən əmanətlərin daha da artmış şəkildə açıqlanacağı gözlənilir.

ALLAHVERDİ Cəfərov