Problemli kreditlər rekord həddə çatıb

0
472

Azərbaycan banklarında problemli kreditlərin həcmi 2005-ci ildən bəri ən yüksək həddə çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya əsasən, iyulun 1-nə olan vəziyyətə problemli kreditlərin həcmi 1 milyard 338,7 milyon manat olub. Təkcə iyun ayında problemli kreditlər daha 25,5 milyon manat artıb və ümumi kredit portfelinin 6,6%-nə çatıb. Bu, 2005-ci ildən indiyədək problemli kreditlərin həm məbləğ ifadəsində, həm də ümumi kredit portfelindəki payı baxımından ən böyük göstəricidir.

İqtisadçı Vüqar Bayramov problemi “Zaman-Azərbaycan”a belə şərh etdi: “Problem bankların təqdim etdikləri kreditlərin qaytarılmasında müşahidə edilən çətinliklərlə bağlıdır. Təəssüf ki, 2010-2014-cü illər arasında banklar kredit üçün müraciət edən vətəndaşların ödəmə qabiliyyətini yoxlamadan böyük məbləğdə istehlak kreditləri təklif etdilər. Xatırlayırsınızsa, həmin illərdə banklar hətta çayxanalarda belə içərisində 1000 manat olan kredit kartları paylayırdılar. Həmin kartların verildiyi vətəndaşların ödəmə qabiliyyətləri yoxlanılmırdı, onlardan hər hansı bir girov götürülmürdü. Ödəmə qabiliyyətlərinin yoxlanılmaması, kreditin verilməsi ilə bağlı şərtlərə, demək olar ki, əməl edilməməsi verilən istehlak kreditlərinin böyük bir qisminin qaytarılmasında ciddi problemlərin yaşanmasına gətirib çıxardı. Digər səbəb banklarda kredit faizlərinin yüksək olmasıdır. Vətəndaş krediti götürür və faiz yüksək olduğu üçün qaytara bilmir. Effektiv və real faizlər arasında fərqin olması problemlərə gətirib çıxarır. Bank öncədən nisbətən aşağı faiz vəd edir, amma kredit götürəndə bəlli olur ki, yüksək faizlə onu geri qaytarmaq lazımdır”.

İqtisadçının sözlərinə görə, devalvasiya da problemli kreditlərin həcminin artırılmasına təsir göstərib: “Xarici valyuta ilə verilən kreditlərin qaytarılmasında çətinliklər müşahidə olunur. Xarici valyuta ilə götürülən kreditlər yeni məzənnəyə uyğun olaraq qaytarıldığına görə, xüsusən əməkhaqları stabil qalan vətəndaşların bir qismi həmin kreditlərin qaytarılması ilə bağlı çətinliklərlə üzləşdilər. Bu baxımdan problemli kreditlərin həcmində kəskin artımlar var. Problemli kreditlərin yaranma səbəbini ümumiləşdirsək, əsas səbəb banklardır. Banklar yüksək faizlə gəlir əldə etməyə çalışırlar. Bütün siyasətin yüksək faiz üzərində qurulması, nəticə etibarilə verilən kreditlərin bir qisminin geri qaytarılmasında çətinliklərin yaşanmasına səbəb olur”.

Nicat İntiqam

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here