Problemlər həllini tapacaq

62

 

 

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun keçirdiyi növbəti səyyar görüşdə bir çox problemlər dinlənildi. Qeyd edək ki, növbəti səyyar görüş şəhərin  Əliağa Vahid küçəsi 4/1, Aydın Məmmədov küçəsindəki 7, 9 nömrəli binaların kəsişdiyi ərazidə keçirildi. Görüşə eyni zamanda şəhərin digər küçələrindən- Nizami, Xətai və başqa küçələrdə yaşayan sakinlər də gəlmişdilər.  Əliağa Vahid və Aydın Məmmədov küçələrində yerləşən yaşayış binalarının demək olar ki, əksəriyyətində təmir işləri aparılmış, ərazilər qaydaya salınmışdır. Burada uşaq və böyüklərin istirahəti və əyləncələri üçün şərait yaradılmışdır. Oturacaqlar qoyulmuş, idman qurğuları və uşaqların əylənməsi üçün meydançalar salınmışdır. Buna baxmayaraq təbii ki, çatışmazlıqlar və nöqsanlar da mövcuddur. Səyyar görüşün aktiuallığı da burada özünü büruzə verirdi. Görüşə çoxsaylı sakinlər gəlmişdilər.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşə gələn sakinləri salamladıqdan sonra ölkədə və Mingəçevirdə aparılan əməli işlər barədə məlumatla çıxış etdi.

İlkin olaraq Aydın Məmmədov küçəsindəki 9 nömrəli yaşayış binasının sakini Vilayət Süleymanov çıxış edərək dedi ki, 30 ildir bu binada yaşayır: “Şəhərimizdə aparılan abadlıq-quruculuq işlərindən xəbərdaram və bizə göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhər İcra Hakimiyyətinə minnətdarlığımı bildirirəm. Əlbəttə, görüləsi işlər çoxdur, bu yolda şəhər rəhbərliyinə uğurlar arzulayıram. Binamızın nümunəvi hala gətirilməsi üçün qarşıda bir sıra məsələlər həllini gözləyir. Xüsusən binamızın giriş hissələrinin təmiri, burada qapı və pəncərələrin qoyulması vacib məsələdir. Çox istərdik ki, şəhər rəhbərliyi bunu diqqətində saxlasın”.

Sonra sakinlərdən Təranə Paşayeva, Abusəlim Salamov, Aidə Əliyeva, Nahid Mustafayev, Vaqif Sadıqov, Elnur Yusifzadə Arif Əhmədov, Sevda Məmmədova, İlqar Mirzəyev və başqaları çıxış edərək onları narahat edən məsələlərə toxundular. Maraqlı tövsiyyə və təkliflərini səsləndirməklə görülən işlərə xələl gətirilməməsi üçün qonşulara səsləndilər. Bir çox binaların qarşısında işıqlanma xətlərinin olmaması, zirzəmilərin bərbad halda olması, kanalizasiya xətlərinin tezliklə nizama salınması, antisanitariya qaydalarına əməl olunmaması, ağacların vaxtlı vaxtında budanmaması, eləcə də onların susuzluqdan əziyyət çəkmələri ön plana çəkildi.

O da məlum oldu ki, şəhərdə su və kanalizasiya sisteminin yenidən qurulması layihəsi bərbad halda həyata keçirilir. Artıq 10 ilə çatıb ki, “Azərsu” və podratçı təşkilatlar nəinki işi başa çatdırmayıblar, ən başlıcası isə çirkab suları təmizləməli olan qurğunu inşa etməyiblər.

Amma  “Azərsu” ASC-nin yerli nümayəndəsi  yenə vəd verib ki, sabahdan etibarən sözügedən ərazidəki binaların kanalizasiya xətlərinin dəyişdirilməsinə başlayacaq və işi qısa müddətdə başa çatdıracaqlar. İcra başçısı sakinlərin bir az da səbirli olmalarını diqqətə çatdırdı.

İctimai fəal Vaqif Sadıqov isə  hər işi hökumətin boynuna yükləmək lazım deyil dedi: “Sakinlər də öz üzərlərinə düşəni etməlidirlər. Şəhərdə ilk mərkəzləşdirilmiş isitmə sistemi burada qurulub, amma əksəriyyət mövsümdə yaranan 40-50 manat həcmində istilik pulunu vermir. Halbuki mənzilində kombi quraşdıranlar ay ərzində qaza görə bundan çox pul xərcləyirllər. Belə davam edərsə, günün birində qazanxana işini dayandıracaq, çünki o da qazın pulunu ödəyə bilmir”.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan məsələləri diqqətlə dinləyərək   görüşdə iştirak edən məsul şəxslərə konkret tapşırıqlar verdi və məsələnin həllini qısa müddətdə yerinə yetirməyi tapşırdı. Əminliklə vurğuladı ki, bütün bu çatışmazlıqlar nəzarətə görürülərək vaxtında həllini tapacaq.

Esmira Hidayətova, Mingəçevir