“Problem bəzən aylıq ev kirayəsini verəndə yaşanır”

435
Tələbə adını qazanan gənclər yeni bir həyata başlamağın həyəcanını yaşayırlar. Xüsusən də, yeni həyata ailəsindən uzaqda addım atmağa hazırlaşanlar. İndi onlar uzun zamandan bəri xəyalını qurduqları həyata qovuşmaq üçün səbirsizlənirlər. Özü də qarşılaşacaqları problemlərdən, yaşayacaqları çətinliklərdən xəbərsizdirlər. Tələbələrin ən başlıca problemlərindən biri kirayə ev məsələsidir. 
Yeni dərs ilinin başlanması şəhərdə kirayə evlərin bahalanmasına və ev axtarışında olanların çətinliklə üzləşməsinə yol açır. Mətbuatda bu mövzu haqqında kifayət qədər yazılar yazılsa da, problem dəyişməzdir.

Budəfəki yazımızda kirayə ev tapmağın çətinliklərindən yox, tələbələrin ev sahibləri ilə münasibətdə qarşılaşdıqları problemləri işıqlandırmağa çalışacağıq. Bu məsələdə daha çox qızlar, yoxsa oğlanlar çətinlik çəkirlər deyə bilmərəm. Şübhə etmirəm ki, hər iki tərəfi danışdırsaq kifayət qədər maddə sıralaya bilərik. Amma mən mövzuya xanımların yaşadıqları problemləri saymaqla başlamaq istəyirəm. İlk öncə onu deyim ki, bizim ev sahiblərində “sahiblik” anlayışı dərin kök salıb. Onlar evlərini kirayə versələr də, elə bilirlər ki, oraya istədikləri vaxt girib-çıxa bilərlər. Lap Cənnət nənənin “gəlin mənim süpürgəmdir, harda qoysam orada da durmalıdır” şüarı kimi, “ev mənimdir nə vaxt istəsəm, o vaxt da gələrəm” deyib, sükanı əllərində saxlamaq istəyirlər. Təbii ki, bunu bütün ev sahiblərinə şamil etmək doğru olmaz. Anlayışlı, kirayənişinin ehtiyaclarını nəzərə alan ev sahibləri də az deyil. Biz də əsl tələbə həyatı yaşayan, Azərbaycan Neft Akademiyasının tələbəsi Gülnarə Məmmədovanın məsələ ilə bağlı fikirlərini aldıq.

 

“Ev sahiblərinin xəbər

vermədən istədikləri vaxt evə

gəlmələri insanı narahat edir”

“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən Gülnarə Məmmədova 4 ildir ki, bir qrup tələbə qızla kirayədə qalır. Bu müddətdə o, müxtəlif səbəblərdən yaşadığı evi bir necə dəfə dəyişməli olub. Müsahibim ev sahibləri ilə bəzən kirayə haqqının ödənilməsi prosesində çətinlik yaşadığını bildirdi: “Problem bəzən aylıq ev kirayəsini verəndə yaşanır. Elə vaxt olur ki, valideynlərin pulu tapıb göndərməsi bir neçə gün çəkir. Hamısı yox, lakin bəziləri ay tamam olan kimi pulunu istəyir, həmin gündən bir gün geçikməsini belə, qəbul etmir. Düşünürəm ki, bu məsələdə bir az anlayış göstərmək yaxşı olar. İstər-istəməz pul gecikə bilir. Bununla yanaşı, ev sahiblərində gələcəkləri barədə əvvəlcədən xəbər verməmək kimi bir xüsusiyyət var. Bəziləri ay ərzində istədiyi vaxt evin vəziyyətindən xəbərdar olmaq üçün gəlib yoxlayır. Bunun narahatedici tərəfi ondan ibarətdir ki, gələndə xəbər vermirlər. Öz evləri kimi tez-tez gəlib getmək istəyirlər”.

 

Kirayəçi və kirayə verənin öhdəlikləri…

Yuxarıda da qeyd etdiyimiz kimi, bəzi ev sahiblərinin “sahiblik” anlayışı ancaq öz işlərinə yaradığı vaxt qüvvədə olur. Digər tələbə Gülşən Hüseynova isə deyir ki, ev sahibləri çox vaxt evdə qırılan nəyi isə təmir etməkdən boyun qaçırırlar: “Doğrudur, elə şeylər var ki, bizdən asılı olaraq xarab olur və bu zaman biz öz üzərimizə düşəni edirik. Lakin bizdən asılı olmayan şeylər olur və ev sahibləri çox vaxt qırılan və ya xarab olan əşyanı təmir etməkdən imtina edirlər”.

G. Hüseynova  bunu bütün ev sahiblərinə şamil etmədiyini vurğuladı: “Bütün ev sahibləri belə olmur. Onların arasında çox anlayışlı olanlar da da var. Elə ev sahibləri var ki, evdə nəyinsə qırıldığını biləndə heç bir şey soruşmadan usta göndərirlər”.

Qeyd edək ki, bu kimi narazılıqların həllini tapması üçün, ev sahibi ilə kirayənişin arasında müəyyən hüquqların tənzimlənməsi üçün müqavilə imzalanmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsində həm kirayə verənin, həm də kirayəçinin öhdəlikləri qanunla müəyyən olunub. Hər iki tərəf də razılaşmaya gəldikdən sonra müqavilə tələb etməlidir. Kirayə verənin öhdəlikləri aşağıdakılardır:

1. Kirayə verilən yaşayış sahəsi kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır.

2. Üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş yaşayış sahəsinin müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir (MM 676).

3. “Kirayə verən” kirayəçini 24 saat əvvəlcədən xəbərdar etməklə, kirayə verilmiş mənzili yoxlamaq hüququna malikdir. Yoxlama ayda bir dəfədən çox olmayaraq keçirilməlidir.

“Kirayəçi”nin öhdəlikləri aşağıdakılardır:

1. Kirayəyə götürdüyü mənzili və orada yerləşən avadanlıqları yaxşı vəziyyətdə saxlamaq, yaşayış sahəsini müqavilədən kənar məqsədlərlə istifadə etməmək;

2. Mənzilin kirayə haqqını vaxtında ödəmək.