Prezidentin sərəncamı dövlət idarəçiliyində aparılan islahatların davamıdır

732

Martın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Salyan rayonunda vətəndaşları qəbul edib. Qəbul başa çatdıqdan sonra jurnalistlərə müsahibə verən nazir dövlət başçısının tapşırığı ilə hər ay yerlərdə təşkil olunan görüşlərin əhəmiyyətini vurğulayıb.

Qeyd edib ki, əhali ilə canlı ünsiyyət bir çox məsələlərin operativ həllinə zəmin yaradır, həmçinin vətəndaşlar tərəfindən maraqlı təkliflər, təşəbbüslər irəli sürülür. Bu görüşlər yerlərdə mövcud olan mədəniyyət müəssisələrinin işinin daha da yaxşılaşdırılmasına öz müsbət təsirini göstərir.

Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Prezident İlham Əliyevin 29 mart 2016-cı il tarixli sərəncamına da toxunub.

Bildirib ki, bu gün ölkəmizdə dövlət idarəçiliyinin çevikliyinin yüksəldilməsi, idarəçiliyin təkmilləşdirilməsi, eyni zamanda şəffaflığın artırılması məqsədi ilə, digər sahələrdə olduğu kimi, mədəniyyət və turizm sahəsində də islahatlar davam etdirilir: “Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyində də bir sıra struktur dəyişiklikləri baş vermişdir. Sərəncama əsasən, nazirliyin strukturunda indiyədək mövcud olan 64 rayon mədəniyyət və turizm şöbəsi 15 regional idarədə birləşdirilir. Eyni zamanda, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır. 2017-ci ilin yanvarın 1-ə qədər yeni sistemə keçiləcək və həmin tarixdən bu sahənin mərkəzləşdirilmiş maliyyələşməsi təmin ediləcək”.

Nazir vurğulayıb ki, dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq qəbul edilən bu qərar mədəniyyət sahəsində şəffaf və səmərəli idarəetmə sisteminin formalaşdırmasına əlavə zəmin olacaq.

Əbülfəs Qarayev onu da diqqətə çatdırıb ki, islahatların həyata keçirilməsi işçilərin ixtisar olunmasına gətirib çıxarmayacaq.