Prezidentin Goranboya səfəri bir daha göstərdi ki…

0
222

Martın 3-də Prezident İlham Əliyevin Goranboya səfəri regionların davamlı inkişafına göstərilən diqqətin bariz ifadəsidir. 

Dövlət başçısının Goranboy rayonuna səfəri də bir sıra mühüm obyektlərin istifadəyə verilməsi ilə diqqət çəkib. Belə ki, bu rayona səfəri çərçivəsində dövlətimizin başçısı 130 çarpayılıq Goranboy Rayon Mərkəzi Xəstəxanasının, ümumilikdə 32 min əhalini əhatə edən 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışlarında iştirak edib, həmçinin 164 nəfər işçinin çalışdığı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.

 Dövlətimizin başçısı müasir, son texnoloji yeniliklərə əsaslanan avadanlıq və qurğularla təchiz olunan Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında keçirilən mərasimdən sonra ictimaiyyət nümayəndələri ilə görüşündə çıxış edərkən deyib ki, son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub, 5 xəstəxananın tikintisi isə davam edir. Bir sözlə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Bütün bunlar isə o deməkdir ki, səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətində prioritet məsələ kimi bu gün də diqqət mərkəzindədir. 

“Azərbaycanda səhiyyə sahəsinin maddi-texniki bazası ən yüksək səviyyədə olmalıdır və biz buna nail oluruq” deyən cənab Prezident daha sonra vurğulayıb ki, bizim bu sahədə gördüyümüz işlər eyni zamanda, gözlənilməz hadisələrə də hesablanıb. Belə ki, dövlətimizin başçısı  hazırda dünya gündəmini zəbt edən koronavirusa qarşı ölkəmizdə ciddi mübarizə aparıldığını və lazımi tədbirlər görüldüyünü və narahatçılığa heç bir əsas olmadığını vurğulayıb. Prezident bu prosesdə xəstəxanaların mühüm əhəmiyyət kəsb etdiyini söyləyib: “Həmçinin hansısa bir fors-major vəziyyətdə, əlbəttə ki, belə tibb ocaqlarının mövcudluğu bizim imkanlarımızı genişləndirir. Şadam ki, Goranboy rayonunda belə gözəl tibb müəssisəsi artıq fəaliyyət göstərir”.

Prezident İlham Əliyev daha sonra bildirib ki, bundan başqa son illər Goranboy rayonunda da dövlət xətti ilə bir çox infrastruktur layihələri icra edilib: “Mənim göstərişimlə burada qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. İndi qalan kəndlərin qazlaşdırılması nəzərdə tutulur. Bir neçə önəmli yol layihəsi icra edilib… Təmirli yollar 65 faizə çatıb”. Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, şəhərin içməli su ilə bağlı problemi 2014-cü ildə öz həllini tapıb, üstəlik, müasir Olimpiya İdman Kompleksi tikilir.

Bundan sonra da Goranboy rayonunun inkişafı, iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəyini vurğulayan Prezident İlham Əliyev “Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamla goranboylulara yeni bir sevinc bəxş edib. Bütün bunlar belə deməyə əsas verir ki, regionların sosial-iqtisadi inkişafı bu il də Prezident İlham Əliyevin fəaliyyətinin prioritetlərindən biridir.

Bu bir həqiqətdir ki, regionların inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəinki bölgələrin, eləcə də ölkəmizin inkişafına təkan verir. Bu mənada bu istiqamətdə görülən hər bir iş həm də  ölkəmizin ümumi inkişafının göstəricisidir. Şübhəsiz, bu strategiya həm də respublikamızın istənilən yaşayış məntəqəsinin vətəndaşlarının öz gündəlik həyatlarında hiss etmələrinə gətirib çıxarır. Bir sözlə, Prezidentin Goranboya səfəri bir daha  göstərdi ki, açılan hər bir yeni obyekt regionlarda əhalinin sağlamlığını, iş yerlərinin çoxalmasını, əhalinin məşğulluğunun artmasını, sosial rifahını şərtləndirir.

Qvami Məhəbbətoğlu, “İki sahil”