“Prezidenti yanğının səbəblərinin araşdırılması ilə bağlı tapşırıq verib”

598

“Binəqədi rayonunda baş vermiş yanğın prezident İlham Əliyevin ciddi narahatlığına səbəb olub. Cənab prezident yanğının nəticələrinin aradan qaldırılması, zərər çəkmiş şəxslərə hərtərəfli kömək göstərilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına tapşırıqlar verib. Hazırda Səhiyyə Nazirliyi yanğından xəsarət almış şəxslərə təcili tibbi yardım göstərilməsi ilə bağlı tədbirlər görür”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov qeyd edib ki, dövlət başçısı Xətai və Binəqədi rayonlarında iki yaşayış binasında baş vermiş yanğının səbəblərinin bütün təfərrüatları ilə araşdırılması üçün xüsusi komissiyanın yaradılması barədə göstəriş verib: “Həmçinin yanğına məruz qalmış üzlük materialların istehsalına uyğunluq serifikatının verilməsi, onlardan yaşayış binalarında üzlük kimi istifadə edilməsi, bu halda təhlükəsizlik normalarına riayət olunub-olunmaması məsələləri də araşdırılacaq, pozuntuya yol vermiş qurumlar və şəxslər ciddi şəkildə cəzalandırılacaq. Həmin materiallarla üzlənmiş binalarla bağlı müvafiq tədbirlər görüləcək”.

Ə. Həsənov deyib ki, prezident İlham Əliyev yanğın nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, həmçinin onların dəfninin və yas mərasimlərinin dövlət hesabına təşkili məsələsini Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıb.

Prezidentin köməkçisi onu da bildirib ki, bu cür hallara yol verilməməsi və mümkün təhlükələrin qarşısının alınması məqsədilə yaxın gələcəkdə bütün lazımi tədbirlər görüləcək.

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğu, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri Bakıda yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir: “2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi,  texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər.

Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.Operativ surətdə həyata keçirilmiş tədbirlərlə binanın 27 sakini təxliyə olunub, 37 nəfər xilas edilib. Təxminən saat 14 radələrində yanğın lokallaşdırılıb, yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Bununla belə, ilkin ehtimallara görə binanın fasadından başlayan və qısa müddətdə böyük bir hissəsini əhatə edən yanğın nəticəsində 15 nəfər ölüb, 26 nəfər isə yanıq xəsarəti və tüstüdən zəhərlənmə ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Hazırda binada xilasetmə tədbirləri və mənzillərin müayinəsi davam etdirilir.

 

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci – vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci – ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

 

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.

 

 

Qeyd edək ki, bu gün Bakıda baş verən yanğın nəticəsində ölənlərdən 4-nün şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev bildirib ki, onlar Cavadov Ömər Vüqar oğlu (yaş yarımlıq), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğludur (2 yaş). Hazırda ölənlərin digərlərinin də şəxsiyyətinin müəyyənləşməsi istiqamətində iş aparılır.