Prezident Sumqayıta səfər edib

0
489

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıt şəhərinə əsas giriş yolunda – Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov prezident İlham Əliyevə məlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında da iştirak edib. Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb. Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır. Diqqətə çatdırılıb ki, Sumqayıt Bulvarı və Dənizkənarı Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın çimərliyə birbaşa çıxışının olması onu digər bulvarlardan fərqləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında da olub.