Prezident Sərəncamı: Dəyərlərimizə sevginin təcəssümü

0
175

Bu il xalqımızın  milli sərvətlərindən sayılan, qədim mədəniyyət və dövlətçilik ənənələrinə malik böyük bir xalqın həyat hekayəsini nəql edən  İçərişəhərin Şirvanşahlar sarayı kompleksi və Qız qalası ilə birgə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 ili tamam olur. Şübhəsiz, bu tarixi hadisə ölkəmizdə yüksək səviyyədə qeyd olunacaq. Artıq Prezident İlham Əliyev İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında Sərəncam da imzalayıb. Sərəncama əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının 20 illiyinin qeyd olunmasına dair tədbirlər planını işləyib hazırlamaq tapşırılıb.

Bəri başdan qeyd edək ki, hər birimizin qəlbində qürur hissi doğuran bu “muzey-şəhər” ölkəmizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk tarixi abidəsidir. Elə o vaxtdan da Azərbaycanın UNESCO ilə mədəniyyət sahəsində əməkdaşlıq əlaqələri daha da intensivləşib. Şübhəsiz, ölkəmizin qədim tarixi abidələrinin və məkanlarının, müxtəlif mədəniyyət nümunələrinin dünyaya tanıdılmasında UNESCO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Bu kimi səbəblərdən də bu qurumla əlaqələrin gücləndirilməsi dövlət başçımızın həmişə diqqət mərkəzindədir. Mütəxəssislərin fikrincə, elə Prezident İlham Əliyevin sözügedən Sərəncamı da bunu bir daha sübut edir.

İstər sovet dönəmində, istərsə də müstqəqillyimizin ilk illərində tarixi yaddaşımızın canlı şahidi olan bu nadir məkanı uçurub yerində göydələnlər tikmək istəyirdilər. Milli-mədəni dəyərlərimizin böyük himayədarı ümummilli lider Heydər Əliyev hər iki dövrdə   müdrik siyasəti ilə İçərişəhəri şər niyyətlərdən xilas edib. Üstəlik, İçərişəhəri tarixi memarlıq qoruğu elan edib. Çünki Ulu Öndər yaxşı bilirdi ki, İçərişəhər Azərbaycan xalqı üçün doğma və əziz məkandır. Sonradan Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gərgin və səmərəli fəaliyyəti nəticəsində İçərişəhər UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməklə bu məkan beynəlxalq himayəyə götürülüb. Bu isə o deməkdir ki, İçərişəhər təkcə Azərbaycanın  deyil, həm də bəşəriyyətin tarixi abidəsidir.

Son illər dövlətimizin  diqqət və qayğısı sayəsində buradakı dünya, ölkə və yerli əhəmiyyətli abidələrdə özlərinəməxsus tarix-memarlıq görkəmləri qorunmaqla konservasiya və restavrasiya, bərpa və abadlıq işləri həyata keçirilib. Üstəlik, Prezident İlham Əliyevin Sərəncamı əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də yaradılıb ki, bununla da ölkəmizin tarixi və mədəni incisi olan İçərişəhərin mühafizəsi tam təmin edilib.

Yeri gəlmişkən, bu tarixi məkan dünyanın müxtəlif muzeyləri, yaradıcı mərkəzləri ilə əlaqələr qurub və qurmaqdadır. Məsələn, bu günlərdə Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində “İçərişəhər” Dövlət Tarix–Memarlıq Qoruğu İdarəsi ilə Roma şəhər meriyası abidələrin mühafizəsi və konservasiyası sahəsində birgə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu da İçərişəhərin, habelə milli-mədəni irsimizin dünyada daha da geniş təbliğinə geniş imkanlar yaradır. Şübhəsiz, bütün bunlar tarixi-mədəni dəyərləriimizə sevgisi ilə seçilən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın zəhməti nəticəsində hasil olub.

Qeyd edək ki, hələlik üç maddi irs nümunəmiz – İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi (2000-ci ildə), Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi (2019-cu ildə), eləcə də Qobustan qayaüstü rəsmləri (2007-ci ildə) UNESCO-nun Ümumdünya İrs Siyahısına Ümumdünya daxil edilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”