Prezident: Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar

Bu gün Ermənistan özünün ağır günlərini yaşayır. Təkcə bir faktı qeyd edək ki, ötən ilin sonunda Ermənistanın dövlət borcu 2019-cu illə müqayisədə 647,2 milyon ABŞ dolları artaraq 7,968 milyard dollara çatıb.  Digər tərəfdən, ölkədə siyasi çəkişmələr də ara vermir. Ölkə həyatının bütün sahələrində yaşanan problemlər sayəsində Ermənistanda yoxsulluq artıq pik həddə çatıb. Artıq işsizlik və dolanışıq sarıdan əziyyət çəkən, daha doğrusu, üzləşdikləri məhrumiyyətlərdən bezən vətəndaşlar Ermənistanı tərk etməklə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar. Digər tərəfdən, sadə vətəndaşlardan hələ də dəstək ala bilməyən keçmiş hərbi xunta da hakimiyyətə gəlmək üçün müəyyən planlarlar cızmaqdadır. Bir sözlə, Ermənistan bu gün çökmüş vəziyyətdədir. Erməni siyasətçiləri də etiraf edirlər ki, Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə olmayıb.
Şübhəsiz, bütün bunları iyirmi il ərzində Koçaryan-Sarkisyan xuntasının Ermənistanı faktiki olaraq uçuruma aparmasının, həmçinin Nikol Paşinyan rejiminin onların  siyasətini davam etdirməsinin acı nəticələri  kimi dəyərləndirmək olar. Onların bu siyasətlərinin əsasında isə Azərbaycan ərazilərini işğal etmələri, daha doğrusu, işğalçılıq siyasəti təşkil edib. Yəni Ermənistanın bu duruma düşməsi  son iki ildə baş verən və ya bir neçə ayın nəticəsində baş verən hadisə deyil, bunun birbaşa səbəbi işğaldır.
Azərbaycan da onların işğalçılıq siyasətlərinə qarşı müəyyən addımlar  atıb. Bu addımlar məhz Ermənistanın dünyadan təcrid olunması, belə bir ağır duruma düşməsi ilə nəticələnib. Qeyd edək ki, Ermənistan  SSRİ dağıldıqdan sonra işğalçı, xəyanətkar və təcavüzkar siyasətlərinin nəticəsi olaraq regionda Azərbaycan tərəfindən reallaşdırılan bütün beynəlxalq iqtisadi layihələrdən kənarda qalıb. Üstəlik, işğalçə ölkənin region ölkələri əməkdaşlığı da ürəkaçan deyil. Təkcə bir faktı qeyd edək ki, bu gün regionda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə Türkmənistan, Azərbaycan-Türkiyə-İran əməkdaşlıq formatları mövcuddur. Bununla yanaşı, Türkiyə-İran-Rusiya arasında əməkdaşlıq formatı da var. Ermənistan yeganə ölkədir ki, onlarda belə bir əməkdaşlıq formatı mövcud deyil. Şübhəsiz, bütün bunları Azərbaycanın davamlı regional siyasətinin uğurları kimi dəyərləndirmək olar.
Prezident İlham Əliyev yanvarın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu məsələdən söz açarkən bildirmişdir ki,  biz Ermənistanı ardıcıl olaraq bütün beynəlxalq, regional layihələrdən təcrid etmişdik: “Ermənistanı iqtisadi cəhətdən sarsıtmaq, çökdürmək, təcrid etmək bizim siyasətimiz idi. Mən bunu heç vaxt gizlətmirdim və açıq şəkildə dəfələrlə deyirdim ki, biz bu siyasəti o vaxta qədər aparacağıq ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxarsın. Ondan sonra bölgədə iş birliyi də, əməkdaşlıq da olar bilər və bizim siyasətimizdə dəyişiklik ola bilər. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət bizim bu çağırışlara qulaq asmadı. Əgər vaxtında qulaq assaydılar, bu gün belə rəzil duruma düşməzdilər”.
Prezident, həmçinin vurğulayıb ki, Ermənistanın nicatı yalnız noyabrın 10-da  imzalanmış Bəyanatın icrasındadır: “Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni, Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar.”
Qvami Məhəbbətoğlu, “İki sahil”