Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinin diqqətçəkən nüansları

45

Son günlərdə ölkə gündəmimiz olduqca hərəkətlidir. İstər ölkə başçımızın Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında iştirakı və bu toplantıda ölkəmizin əlavə bir il də Hərəkata sədrlik etməsi qərarının qəbul olunması, istər Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfər etməsi və səfər çərçivəsində ifadə olunan fikirlər, istərsə də  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfər gerçəkləşdirməsi və ölkə başçımızla birgə mətbuat konfransında iştirak edərək açıqlamalar verməsi və daha bir sıra hadisələr gündəmi məşğul etməkdədir. Əslində demək olar ki, ötən ilin 27 sentyabr tarixindən etibarən ölkəmizdə, o cümlədən Cənubi Qafqaz regionunda hərəkətli günlər yaşanılır və hər gün, hər həftə, hər ay yeniliklər baş verir. Və o da qeyd olunmalıdır ki, hazırda bölgənin, hətta Ermənistanın belə siyasi gündəliyinin təyin olunmasında Azərbaycan müəyyən dərəcədə rol oynayır. Azərbaycan Prezidenti tərəfindən verilən hər açıqlama, hər bəyanat Ermənistanda geniş səs-küyə və müzakirələrə səbəb olaraq, əsas gündəm maddəsi kimi qəbul olunur. O cümlədən, ölkə başçımızın 22 iyul tarixində Daşkəsən rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə də bu mənada istisna təşkil etməmiş və geniş səs-küyə səbəb olmuşdur. Olduqca geniş məğzə malik olan müsahibədə bölgələrin sosial-iqtisadi inkişafı, ölkəmizdə altı ayın yekunlarına əsasən əldə olunan nəticələr, işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma tədbirləri, Qoşulmama Hərəkatına sədrlik dövrünün daha bir il uzadılması qərarı, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bölgəyə səfəri və burada səsləndirdiyi və əlbəttə ki, səsləndirmədiyi fikirlər, Aİ-nin Cənubi Qafqaz ölkələrinə vəsait ayırması fonunda Azərbaycana ayrılan vəsaitlə Ermənistan və Gürcüstana ayrılan vəsait arasındakı kəskin fərq, Rusiyaya işgüzar səfərin nəticələri, postmünaqişə dövrünün ölkə rəhbərliyi tərəfindən qiymətləndirilməsi və s. məsələlər barədə danışıldı. Ölkə başçımızın müsahibədə işlətdiyi hər fikir, hər ifadə olduqca dəyərli olmaqla birlikdə, həm də regionun gələcək xəritəsinin müəyyən olunması baxımından müstəsna əhəmiyyətə malik idi. Beləliklə, müsahibəyə daha yaxından nəzər salaq. Qeyd olunduğu kimi müsahibə olduqca geniş şaxəli və ayrı-ayrılqıda gündəm ola biləcək fikirlərlə zəngin idi. Ancaq bu gün biz sadəcə bir neçə məsələyə yaxından nəzər salacağıq. İlk olaraq ölkəmizdə altı ayın yekunlarına əsasən əldə olunan nəticələrə diqqət edək. Ölkə başçımız bildirdi ki, altı ayın yekunları onu göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb və iqtisadiyyatımız 2 faiz artıb. Dünyanın hazırda içində olduğu vəziyyətdə bu olduqca əhəmiyyətlidir. Çünki, ölkəmizdə 2020-ci ilin əvvəllərindən etibarən, dünyada isə daha əvvəl müşahidə olunan pandemiya şəraiti dünya ölkələrinin əksəriyyətini, hətta inkişaf etmiş dövlətləri belə böyük iqtisadi tənəzzülə və geriləməyə məhkum edib. Azərbaycan isə nəinki indiyə qədər bu vəziyyəti məharətlə idarə edib, indi hətta 2 faiz iqtisadi böyüməyə də nail olub. Prezident İlham Əliyev digər sahələrdə əldə olunan nailiyyətlərə də toxundu ki, bunlar içində ən vacibləri fikrimizcə qeyri neft sektorunda və kənd təssərrüfatında əldə olunan nəticələrdir. Hər ikisində təqribən 5 faizdən çox artıma nail olunub. Daha bir artım isə valyuta ehtiyatları ilə bağlıdır ki, dövlətimiz hesabat dövrü ərzində 1 milyard dollar həcmində artıma nail ola bilib. Bu həqiqətən də xüsusi olaraq qeyd edilməyə layiq hadisədir. Bununla da ölkəmizdə valyuta ehtiyatları xarici dövlət borcunu düz altı dəfə qabaqlayıb. Bu isə sözsüz ki, böyük nailiyyətdir. Prezident İlham Əliyev müsahibə zamanı daha bir çox sahələr barədə statistik məlumatlar verərək ölkədə əldə olunan müsbət dinamikanı açıq şəkildə nümayiş etdirdi.

Ölkə başçımızın müsahibə zamnanı toxunduğu məsələlərdən biri də Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin ölkəmizə səfəri ilə bağlı oldu. Prezident İlham Əliyev ilk öncə bildirdi ki, bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir. Əlavə olaraq vurğulandı ki, Avropa İttifaqı ilə əlaqələrdə illər keçdikcə əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır. İndi Aİ və Azərbaycan yeni saziş üzərində çalışır ki, hazırda bununla bağlı 90 faiz razılaşma əldə olunub, qalan məsələlərdə də, realizm prinsipləri üstünlük təşkil edərsə və bəzi məsələlərlə bağlı bizim narahatlığımız nəzərə alınarsa, bu saziş yaxın günlərdə, bəlkə də yaxın aylarda imzalana bilər. Ölkə başçımızın Şarl Mişelin səfəri ilə bağlı vurğuladığı ən diqqət çəkən nüanslardan biri isə şübhəsiz ki, Mişelin Bakı ziyarəti əsnasında “status”, “Dağlıq Qarabağ” kimi artıq tarixin ən dərin çuxurlarına atılmış ifadələri işlətməməsi ilə bağlı oldu. Xatırlatmaq yerinə düşərdi ki, Mişel Azərbaycandan öncə Ermənistana səfər etmiş və orada bu məğzdə ifadələr işlətmişdi. Ancaq ölkəmizdə bu hal baş vermədi. Sözsüz ki, bu, ali rəhbərliyimizin avropalı qonağa reallıqları dərin təfsilatı ilə izah etməsi nəticəsində mümkün olmuşdur. Ölkə başçımız Mişelin bu ifadələri işlətməməsini müdrik bir addım olaraq qiymətləndirmiş və bunu həm də Azərbaycan tərəfinin mövqeyinə olan hörmət olduğunu ifadə etmişdir. Daha sonra Prezident İlham Əliyev “Dağlıq Qarabağ” ifadəsinin nə üçün mənasız olduğunu tarixi həqiqətlərlə də əsaslandırdı. O da əlavə edildi ki, bu, sovet hökuməti tərəfindən Azərbaycanda daimi süni münaqişə ocağının yaradılması üçün ortaya atılmış bir təxribat idi. “Status” məsələsinə gəldikdə isə ölkə başçımız burada da qəti mövqe ortaya qoydu və “statusun” yerini hələ 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandığı dövrdə göstərdiyini bildirdi. Prezident İlham Əliyevin 10 noyabr tarixli xalqa müraciətindən sitat: “Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? ……. Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq ”. Bəli, yəqin ki, hər kəs Qələbəmizin elan olunduğu bu tarixi çıxışı və statusla bağlı ölkə başçımızın həmin gün səsləndirdiyi fikirləri yaxşı xatırlayır. “Status”un Azərbaycan dövləti və xalqı üçün yeri bu çıxışda çox aydın şəkildə təsəvvür olunub. Və bu gün də ölkə başçımız bir daha bildirdi ki, “O (burada status nəzərdə tutulur), hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz”. Beləliklə, Ermənistan tərəfi hər nə qədər bu məsələni gündəmdə tutmağa çalışsa da unutmamalıdır ki, bu gün onun belə bir şansı yoxdur. Müharibə bitib və Azərbaycan qalib ölkə kimi diqtə edən tərəfdir və heç nə bu reallığı dəyişə bilməz. “Status” məsələsini unutmaq və mövcud reallıqlarla barışmaq Ermənistanın yeganə şansıdır. Əks təqdirdə dəfələrlə vurğulandığı kimi “Dəmir yumruq” yerindədir.

Müsahibədə Aİ ilə bağlı vurğulanan növbəti məsələ isə Aİ-nin Cənubi Qafqaz ölkələrinə vəsait ayırarkən ölkələr arasında qoyduğu fərqlə bağlı oldu. Məlumat üçün bildirək ki, Aİ tərəfindən Ermənistan və Gürcüstana kifayət qədər böyük həcmdə vəsait ayırılmasına baxmayaraq bu məsələdə obyektivlik nümayiş olunmamış və Azərbaycana çox az vəsait ayrılmışdır. Üstəlik aydındır ki, indiyə qədər Cənubi Qafqaz ölkələrinə bu həcmdə bir vəsait ayrılmamışdır və indi belə bir vəsait ayrılırsa bu müharibə ilə əlaqədardır. Bəs əgər belədirsə necə olur ki, torpağında müharibə aparılan, işğaldan azad etdiyi ərazilərinə on minlərlə mina basdırılan, demək olar ki, dörd Lüksemburq qədər ərazisi yenidən qurulmağa ehtiyacı olan ölkəyə digərlərindən çox daha az vəsait ayrılsın. Bu hansı ədalətə və obyektivliyə uyğundur? Bunun səbəbini isə -elə bil ki, Azərbaycanın buna ehtiyacı yoxdur deyə izah etmək isə yəqin ki, daha böyük sual işarəsidir. Beləliklə, ölkə başçımız bu məsələ ilə bağlı da mövqeyini ifadə etmiş və bildirmişdir ki, biz Avropa İttifaqı ilə növbəti təmaslar əsnasında bu məsələni daim müzakirə edəcəyik, baxacağıq Ermənistana nə qədər qrant verilirsə ən azı o qədər də bizə verilməlidir.

Sonda postmünaqişə dövrü ilə bağlı da danışan ölkə başçımız bildirmişdir ki, biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Bəli, hazırda Azərbaycan qalib ölkə kimi əsas diqtə edən tərəfdir və hər məsələdə bu üstünlük aşkar şəkildə gözə çarpır. Ermənistan isə nə qədər çırpınsa da sonda Azərbaycanın şərtlərini qəbul etməyə məhkumdur. Burada xüsusi olaraq vurğulamaq istərdim ki, bu gün Azərbaycan bütün bölgə ölkələri ilə müsbət və davamlı inkişaf edən əlaqələrə malikdir. Eyni zamanda bir çox beynəlxalq təşkilat da Azərbaycanı dəstəkləyir. Bütün bunlar isə illərdir aparılan düzgün, düşünülmüş, dürüst siyasətin, etibarlı tərəfdaş imicinin, sözlə imza arasındakı qeyd-şərtsiz vəhdətin və əlbəttə ki, daxili gücün hesabınadır. Beləliklə, Azərbaycan hazırda regionun ən güclü dövləti və əsas söz sahibidir. Ermənistan isə bu güclə hesablaşmağa məcburdur. İstəsə də, istəməsə də.

Xəyalə Cavanşirli,

Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçis

“İki sahil”