Prezidentə və xalqa xəyanət yolunu tutanların yeri həbsxanadır

0
222

Hazırda ölkəmizin bütün sferalarında inkişaf özünü büruzə verir. Şübhəsiz, bu, son illər həyata keçirilən islahatların bəhrəsidir. Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar cəmiyyətin bütün sahələrini əhatə etdiyinə görə hamı tərəfindən təqdir edilir. “Tərəqqi islahatlarsız mümkün deyil” deyən Prezident İlham Əliyev bu il mayın 1-də Azərbaycan Respublikasının yeni Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən də islahatların davam etdirilməsinin vacibliyini bir daha vurğulamışdır.

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu gün ölkəmizdə genişmiqyaslı islahatlar aparılır: “Halbuki cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müstəqillik dövründə miqyasına və nəticəsinə görə bu günə qədər islahatların bu səviyyədə aparılması müşahidə edilmirdi. Şübhəsiz, iqtisadi isla-hatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafını təmin etmək mümkün deyildir. Respublikamızda keçirilmiş iqtisadi islahatlar nəticəsində maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə də kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda mühüm irəliləyiş əldə edilib. Məhz şəffaflıq, dürüstlük və islahatlar nəticəsində keçən il büdcə daxilolmalarının həcmi proqnozdan əlavə bir milyard manat artmışdır və bu vəsait böyük dərəcədə imkan vermişdir ki, bir çox sosial layihələr icra edilsin. Vətəndaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına, minimum əməkhaqlarının, minimum pensiyaların, müavinətlərin əhəmiyyətli dərəcədə artmasına da məhz bu kimi addımlar təkan verib. Şübhəsiz, bu prosesdə kadr islahatı da önəmli rol oynayıb.”

Azər Badamovun fikrincə, bütün ölkələr üçün gözlənilməz olan qlobal pandemiyanın ilk günlərindən başlayaraq Prezident İlham Əliyevin sərəncamları və göstərişləri ilə atılan ardıcıl addımlar cəmiyyətimizin bu sınaqdan da az itkilərlə çıxmasına zəmin yaradır. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev bu prosesdə ölkəmizdə aparılan islahatların da böyük əhəmiyyət kəsb etdiyini və davamlı olacağını da vurğulamışdır. Əminəm ki, növbəti islahatlar da ölkəmizə yeni töhfələr verəcək.”

Milli QHT Forumunun regional məsələlər üzrə vitse-prezidenti Qalib Nəbiyev isə vurğuladı ki, aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə də təkmilləşmə göz qabağındadır: “Bu gün islahatlar, eləcə də onların nəticələri vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Çünki vətəndaşlarımız yaxşı dərk edirlər ki, islahatlar ölkəmizi gücləndirir və gələcək dayanıqlı inkişafını şərtləndirir. Onu da qeyd etmək istəyirəm ki, bu gün də cənab Prezidentin xəbərdarlıqlarından nəticə çıxarmayan, ona göstərilmiş etimaddan öz maraqları üçün sui-istifadə edən məmurlara da rast gəlinir. Onlar belə əməlləri ilə aparılan islahatlara kölgə salmaqla yanaşı, dünya bəlasına çevrilmiş koronavirusla mübarizə zamanı da üzərlərinə düşən vəzifələrin məsuliyyətini anlamayaraq, bu prosesdən öz maraqları üçün istifadə edirlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçılarının və digərlərinin əməlləri göstərdi ki, onlar Prezidentə və xalqa xəyanət yolunu tutublar. Şühbəsiz, onlar, yəni xalqa, vəzifəsinə xəyanət edənlər cəzalarını alacaqlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, heç kim qanundan üstün deyil və əgər kimsə fikirləşirsə ki, onun yaxınları, tanışları, qohumları, yüksək vəzifəli dostları kömək edəcəklər, səhv edir.”

Müsahibimiz daha sonra dedi: “Hesab edirəm ki, yeni Baş prokuror Kamran Əliyev belələrinə qarşı daha kəskin mübarizə aparacaq və bu xoşagəlməz hallara son qoyacaqdır. Onu da qeyd edim ki, ümumiyyətlə, respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində qazanılan uğurların davamlılığı korrupsiyaya qarşı mübarizə sahəsindəki tədbirlərin önəmini daha da artırır. Bu məqamda cənab Prezidentin bu sözlərini də xatırlatmaq istərdim: “Digər vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”