Prezidentə təşəkkür etdilər

604

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 19 oktyabrda sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi proseduralarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanda sahibkarlıq fəaliyyəti üçün lisenziyaların “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulur. Məlum olduğu kimi, çoxsaylı yoxlamalar artıq şikayətlərə səbəb olur, narazılıqlara yol açırdı. 2015-ci il, noyabrın 1-dən isə Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırılması nəzərdə tutulur. Sahibkarlıq sahəsində istisna yoxlamalar yalnız Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılacaq.

“Sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması tarixi və inqilabi islahatdır”. Bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib. Nazirin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən verilən göstərişlərin hamısı yerinə yetirilməyib və bu istiqamətdə işlər davam etdirilir: “Qanunsuz yoxlama, ümumiyyətlə, aparılmamalıdır. Bununla əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyi hələ bu ilin altı ayının yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyev tərəfindən verilmiş göstərişlərə uyğun olaraq,- “Qaynar xətt” yaradılıb və sahibkarlıq subyektlərinə məlumat verilib ki, belə hallar olarsa, mütləq müraciət etsinlər”.

Bəs son dəyişikliklərlə bağlı iş adamları nə düşünürlər?

“İndoneziyada azərbaycanlı 11 iş adamı ilə birlikdə sərgidəyik. Bu fərmanı çox böyük sevinclə qarşıladıq. İnanın, bütün iş adamlarımız devalvasiya, müəyyən iqtisadi çətinliklərin olmasına baxmayaraq, bu qərarı yüksək əhvali-ruhiyyə ilə qarşıladılar. Biz iş adamları bunu çoxdan gözləyirdik. Çox sevinirik. Ona görə də hörmətli Prezidentimizə dərin təşəkkürümüzü bildiririk”. Bu sözləri “İpək Yolu” Sahibkarlığa Dəstək İctimai Birliyinin rəhbəri Rəşid Çulaqov “Zaman-Azərbaycan” qəzetinə müsahibəsində dedi.

İş adamının sözlərinə görə, ixracata yaşıl işıq yandırılması, müəyyən səlahiyyətlərin “ASAN xidmət” kimi bir quruma verilərək sahibkarlar üçün yeni bir yol açılması böyük işdir: “Sərhədimizin o biri üzündə 142 milyon əhalisi olan Rusiya, 71 milyon əhalisi olan İran var. Biz bu ölkələrlə nəqliyyatla birgünlük məsafədəyik. Ümid edirəm, bizim kiçik və orta sahibkarlar özlərinə bazar tapa biləcəklər. Hörmətli Prezidentimizdən istədiyimiz odur ki, ixracatla bağlı məsələləri Ticarət Palatasından və Dövlət Gömrük Komitəsindən alaraq, “ASAN xidmət”ə verərək, işimizi asanlaşdırsın. Belə olduğu halda çoxlu sayda iş yerləri açılacaq”.

“Abşeron Beton” zavodunun rəhbəri Zaur Alışovun isə mövzu ilə bağlı sualımıza cavabı belə oldu: “İşsizliyin artdığı vaxtda bu fərmanın verilməsi bizim üçün müsbət təkan olacaq. Yoxlamaların aradan qaldırılması bizim üçün çox sevindirici xəbər oldu. Həqiqətən də, bu davam etsə, məmurlar tərəfindən buna riayət olunsa, iş adamları nəfəs alarlar”.

“Rigs” otelinin sahibi Ramil Quliyev isə: “Çox gözlənilməz oldu bizim üçün. Artıq çox yorulmuşduq boş-boş yoxlamalardan. Əslində “yoxlama” da demək doğru deyil, qanunsuz yoxlamalar olurdu. Amma indi inanırıq ki, daha rahat işləmək imkanımız olacaq. Biz nə olduğu bəlli olmayan ödənişlərdənsə vergimizi daha rahat ödəyərik. Bu fərmanın nəticəsində heç bir işçi gizlədilmədən, vergidən yayınmadan bütün iş adamları rahat işləyə biləcəklər. Nəticədə işsizlər üçün yeni iş yerləri açılacaq. Bu fərmana görə cənab Prezidentə təşəkkür edirik”.

Rasim Məmmədli