Premyer Liqada yeni mövsümə start verilir

387

Azərbaycanda 2014-15 mövsümünə artıq sabah rəsmən start veriləcək. Bildiyiniz kimi, yeni mövsümdə də çempionatımız 10 komandanın iştirakı ilə 4 dövrəli sistemlə keçiriləcək. Yeganə fərq ondadır ki, “Rəvan”ın yerinə bu dəfə “Araz Naxçıvan” mübarizə aparacaq. İlk turun oyunları iki günə bölüşdürülüb. 5 qarşılaşmadan 3-ü paytaxtda keçiriləcək. Bu da normal haldır. Axı 10 klubdan tən yarısı Bakıda məskunlaşıb. Turun 2 qarşılaşması canlı yayımlanacaq. “İdman Azərbaycan” sabah AZAL – “Xəzər Lənkəran”, ertəsi gün isə “İnter” – “Qəbələ” görüşünü azarkeşlərə canlı təqdim edəcək.

 

9 avqust

18:00 “Bakı” – “Simurq”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Fərid Məmmədov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

Çempionatın açılışı “Bakı” klubunun bazasında baş tutacaq. O “Bakı” ki, son ana qədər Premyer Liqada iştirakı sual altında idi. Elə indi də “zolaqlılar” hər an dağılmaq təhlükəsi ilə üz-üzədirlər. Bu səbəbdən heyət, demək olar ki, darmadağın olub. Aparıcı futbolçuların hamısı komandanı tərk edib. Bu azmış kimi, elita təcrübəsi olan klubun gənc yetirmələri də maliyyə problemini əsas gətirib başqa komandalara keçdilər. “Bakı” yarandığı gündən bəlkə də, ilk dəfədir ki, çempionata zəif komanda imici ilə başlayır. Çünki futbolçuların çoxu akademiyanın gənc yetirmələridir. Bu oyunçularla isə komanda ən yaxşı halda autsayder olmamaq üçün yarışa bilər. Maraqlı məqam ondadır ki, bu həftə Vüqar Mustafayevlə Vadim Abdullayev “Bakı”dan ayrılaraq “Simurq”a keçiblər. Lakin “Bakı” tərəfi bu oyunçulara görə təzminat tələb edir. Maraqlıdır, görəsən adıçəkilən futbolçular doğma komandalarına qarşı matçda meydançaya çıxacaqlarmı? Ancaq fakt odur ki, “Simurq” səfərdə oynamasına baxmayaraq, bu cütlüyün favoritidir.

 

20:00 AZAL – “Xəzər Lənkəran”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Mehman Mahmudov, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

Bakı. “AZAL Arena”

Çempionatın iki müəmmalı komandası AZAL-la “Xəzər Lənkəran” “AZAL Arena”da qarşılaşacaqlar. AZAL yay fasiləsində heyətini tamamilə dəyişdi. “Xəzər Lənkəran”da da ciddi dəyişikliklər oldu. Ancaq cənub klubu olduqca güclü transferlər edib və çempionata da iddialı başlayır. Oğuz Çətinin rəhbərliyi altındakı “Xəzər Lənkəran”ın hazırkı durumu çox böyük maraq doğurur.

 

10 avqust

18:00 “Araz Naxçıvan” – “Neftçi”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Vaqif Musayev, Ramiz Məhərrəmov

Naxçıvan. Muxtar Respublika stadionu

Premyer Liqanın debütantı üçün təqvim heç də yaxşı olmadı. Çünki komandanın ilk turdakı rəqibi güclü “Neftçi” olacaq. O “Neftçi” ki, Avropa Liqasındakı iştiraka görə, mövsümə çox tez start götürüb və tam hazır vəziyyətdədir. Oturmuş heyətə də malik olan “flaqman” Naxçıvan səfərinə favorit qismində yolanır. “Araz Naxçıvan”ın evdə oynamasına baxmayaraq, heyət baxımından rəqibindən qat-qat zəifdir.

 

20:00 “İnter” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Nail Nağıyev

Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Vüsal Əliyev

Bakı. “İnter Arena” stadionu

İlk turun mərkəzi qarşılaşması paytaxtda oynanılacaq. Keçmiş adı “Şəfa” olan stadion “İnter Arena” adı altında ilk rəsmi oyununu qəbul etmiş olacaq. Hər iki komanda mövsümə çox tez başlamışdı. Çünki hər iki klub Avropa Liqasında iştirak edirdi. Avrokubokla erkən vidalaşan “Qəbələ” də “Xəzər Lənkəran” kimi, heyətində köklü islahatlar apardı. Ancaq şimal klubunun ötən mövsümdəki heyətinin daha güclü olduğunu əminliklə söyləmək olar. Ən azı bu heyətin oturması və stabil çıxış etməsi üçün zamana ehtiyacı var. “İnter” isə Avrokubok oyunlarında göstərdi ki, yenə çempionatın iddialıları sırasında olacaq. Bu səbəbdən də “bankirlər” qarşılaşmanın favoritidirlər.

 

20:00 “Sumqayıt” – “Qarabağ”

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Elşən Acalov, Sərxan İsmayılov

Sumqayıt. “Kapital Bank Arena”

Avrokubokda mübarizəni davam etdirən son çempion “Qarabağ”ı ilk turda elə də asan oyun gözləmir. Çoxları bunun əksini düşünə bilər. Ancaq ildən-ilə güclənən “Sumqayıt” indi gənclərlə yanaşı, təcrübəli futbolçulara da sahibdir. “Qarabağ” barədə isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Çünki Ağdam klubu yenə çempionatın bir nömrəli favoritidir. Bir sözlə, bizi çox maraqlı oyun gözləyir.