“Portuqallara oxşarlığım var”

553

Yay fasiləsində heyətində ciddi islahatlar aparan “Qəbələ”nin yola saldığı futbolçulardan biri də Amit Quluzadə oldu. “Neftçi”nin yetirməsi ölkə daxilindən və Türkiyədən təkliflər almasına baxmayaraq, tam başqa bir ölkəyə, Portuqaliyaya yollandı. Elita təmsilçisi “Beyra-Mar”a keçidi son anda baş tutmayan Amit Portuqaliyanın ikinci liqa komandası “Atletiko” ilə anlaşdı. Hazırda Lissabonda komandası ilə birlikdə olan gənc yarımmüdafiəçi müsahibəsində bir çox məsələyə aydınlıq gətirdi.

– “Qəbələ”dən getməyinin səbəbi nə oldu?

– Konkret bir səbəb yoxdur. Müqaviləmin vaxtı bitdiyinə görə ayrıldım.

– “Qəbələ”dən ayrılandan sonra uzun müddət klubsuz qaldın. Həmin ərəfədə təklif yox idi, yoxsa sən özün vaxtı bu qədər uzatdın?

– Bəli, xeyli müddət klubsuz qaldım. Təkliflər var idi, sadəcə olaraq, viza açılması üçün gözləyirdim ki, Portuqaliyaya gəlim. Şükür Allaha, alındı, gəldim.

– Hansı klublardan təklif oldu?

– Elə buradakı (Portuqaliyadakı – red.) klublardan. “Braqa”, eyni zamanda Rumıniyanın yüksək liqa təmsilçisi “Otelul Qalati”dən təklif oldu. Bundan başqa, Türkiyədən də təkliflər oldu. Həmçinin yerli klublardan.

– Türkiyədən də təklif aldığını deyirsən. Sən özün orada legioner həyatı yaşamısan. Nə əcəb ora getməyə müsbət baxmadın?

– Bura Avropadır, burada futbol oynamaq uşaqlıq arzumdur. Avropa futbolundan daha çox şey öyrənə bilərəm.

– Ölkə daxilindən konkret hansı komandalar sənin xidmətində maraqlı idilər?

– Bunu deməsəm, daha yaxşı olar.

– “Atletiko” ilə müqavilən haqda da danışaq. Bu klub səni necə tapdı? Təklif necə oldu?

– Menecerim vasitəsilə bu klubla müqavilə imzaladım. Video görüntülərimi izləyəndən sonra qərara gəldilər ki, təklif edilsin. Mən də razı oldum və artıq buradayam.

– “Atletiko”nun bazası ilə yəqin ki, tanış olmusan. Necədir şəraiti?

– Hər şey çox yaxşıdır. Heç bir problem yoxdur. Halımdan məmnunam.

– Ordakı şəraiti bizim hansı klubumuzun şəraiti ilə müqayisə etmək olar?

– Demək olar ki, bizim klublarımızın şəraiti ilə eynidir. Bizim futbolumuz da inkişaf edir.

– Bir ara “Beyra-Mar”la danışıqlar oldu. Ora keçməməyinin səbəbi nə oldu?

– Düzdür, “Beyra-Mar” əsas liqada çıxış edir. Lakin menecerim indiki klubumun mənim üçün daha yaxşı olacağını dedi və buranı seçdim.

– Orada olmaqdan razısanmı?

– Çox şükür, hər şey istədiyim kimidir.

– Bildiyin kimi, Vəli Qasımov Portuqaliyada tanınmış futbolçudur. Getməmisdən əvvəl Vəli müəllimlə məsləhətləşmisənmi?

– Bəli, Vəli müəllim burada legioner həyatı yaşayıb. Bir şeyə ehtiyacım olarsa, əlbəttə ona müraciət edəcəyəm. Amma hələ danışmağa ehtiyac yoxdur.

– Səni xarici görünüşünə görə portuqallara da bənzətmək olar. Orada səni səhv salmırlar?

– Bəli, bir az oxşarlıq var (gülür). Bəzən olur belə şeylər, mənim üçün problem deyil.

– Orada sənə münasibət necədir?

– Yaxşıdır, heç bir problem yoxdur. Mən burada öz ölkəmin adını təmsil edirəm. Ona görə də çalışıram yaxşı futbol oynayım.

– Artıq yaşın U-21 millisində oynamağa imkan vermir. Potuqaliyanın 2-ci liqasında oynayaraq əsas milliyə dəvət alacağına inanırsanmı?

– Ola bilər. Lakin bu sualın cavabını millinin baş məşqçisi verə bilər. Mən də millidə oynamaq, ölkə futboluna faydalı olmaq istəyirəm.

– Cəmi 22 yaşın olmasına baxmayaraq, artıq legioner həyatı yaşama təcrübən var. Bunun sənə Portuqaliyada müsbət təsiri olacağını düşünürsənmi?

– Əlbəttə müsbət təsiri olacaq.

– Bu gənc yaşda ölkədən getmə səbəbin dedin ki, uşaqlıqdan Avropada oynamaq həvəsinin olmağıdır. Bəs ölkə daxilində oynamaq istəyin yoxdur?

– Xeyr. Təbii ki, Azərbaycanda yetişmişəm, öz ölkəmin adını təmsil edirəm. Futbolumuz günü-gündən inkişaf edir, bu, göz qabağındadır. Amma ölkəmi kənarda təmsil etmək istəyirəm.