“Polşadakı matçda rəqibin gücünü hiss etdik”

74

Yaxşı komandaya qarşı oynayacağıq. İstənilən halda futbolçularıma güvənirəm. Meydanda düşüncəli komanda olmalıyıq. Hamını sevindirməyə çalışacağıq.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov doğma meydanda Polşanın “Lex” komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

“Lex” ilə oyunun çox vacib olduğunu bildirən Q.Qurbanov deyib: “Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk mərhələdə layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik”.

“Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam oyuna hazırdır. Biz futbolçu “döyüşçü”lərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəyik”, – deyə mütəxəssis əlavə edib.

Q.Qurbanov ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını bildirib: “Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər”.

Azarkeşlərin futbolun ən vacib hissəsi olduğunu diqqətə çatdıran mütəxəssis bildirib: “Azarkeşlər futbolçulara motivasiya, inam, məsuliyyət verirlər. Onların sayının çox olması bizim üçün yaxşıdır. Stadionun tam dolmasını istərdim. Bilirik ki, hamı qalib gəlməyimizi istəyir”.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda “Qarabağ” rəqibinə minimal hesabla uduzub – 0:1.