Polşa narahatdır

347
“Son günlər Rusiya ordusunu Ukraynaya birbaşa müdaxilə təhlükəsi artıb”.
 Bunu Polşanın Baş Naziri Donald Tusk deyib. O bildirib ki, şübhələnmək üçün əsasları var: “Son bir neçə saatdır, Rusiyanın Ukraynaya birbaşa müdaxilə etmə riskinin ötən günlərə nisbətən daha da artması ilə əlaqədar informasiyalar əldə etməkdəyik. Əgər Rusiya qüvvələri Ukraynaya müdaxilə edərsə, yeni situasiya yaranacaq və düşünürəm ki, bu, heç kim üçün yaxşı olmayacaq. Təbii ki, Qərb ictimaiyyəti buna birmənalı cavab verəcək”.

D. Tusk Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Avropa iqtisadiyyatına da ağır təsir edəcəyini, ancaq Ukrayna böhranın həllində Rusiyanın heç bir reaksiya göstərməməsinin nəticələrinin daha ağır olacağını vurğulayıb.

Bu arada isə Ukraynanın şərqindəki Donbass bölgəsində güc strukturlarının əməkdaşları ilə separatçı-terrorçu qruplaşmalar arasında gedən qanlı döyüşlərdə son bir sutka ərzində 18 Ukrayna həbrçisi həlak olub, 54-ü yaralanıb.

Bu rəqəmi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya Mərkəzinin spikeri Andrey Lısenko keçirdiyi gündəlik brifinqdə açıqlayıb. “Bu, antiterror əməliyyatında iştirak edən bütün güc strukturlarından alınan məlumatların cəmidir”, – deyə o, söyləyib.

A. Lısenko terrorçuların Ukrayna qüvvələrinin Luqansk, Donetsk, Qorlovka, Staxanov, Alçevsk və Sverdlovsk şəhərləri istiqamətində hücum hazırlıqlarını pozmağa çalışdıqlarını deyib. Antiterror əməliyyatına cəlb olunmuş qüvvələr əməliyyatların aktiv fazasını davam etdirmək üçün hazırlıq tədbirləri həyata keçirirlər.