Polad Ələmdarın Azərbaycanlı dublyoru – Babək Həsənzadə

0
685

Babək Həsənzadə: Gizli qəhrəman olmağın da öz zövqü var. İnsanlar bəzən danışırlar ki, görəsən, bu səhnəni icra edən kimdir. Bu mənə çox xoş gəlir.

 

“Qurdlar vadisi”ndə baş rolun ifaçısı Polad Ələmdarın (Necati Şaşmaz) dublyoru-kaskadyorunun azərbaycanlı olduğunu çox az adam bilir. Elə bu müsahibə alınanadək biz də bilmirdik. Babək Həsənzadənin maraqlı müsahib olduğunu bizə həmkarımız İsmayıl Həsənov demişdi. Deyilən qədər var imiş…

– Babək, oxucularımıza özün barədə məlumat verərdin.

– Mən Babək Həsənzadə 1990-ci ildə Lənkəran şəhərində anadan olmuşam. İlk təhsilimi Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada almışam. 6-cı sinfə qədər həmin məktəbdə təhsil aldıqdan sonra təhsilimi Lənkəran Özəl Türk Liseyində davam etdirmişəm. Ali təhsilimi isə Türkiyənin Fateh Universitetinin iqtisadi-siyasi-idarəetmə bölümündə alıram. İlk təhsil ilimi başa vurduqdan sonra dublyorluq, kaskadyorluq sənəti ilə bağlı təklif aldım. “Hollivud” istehsalı filmdə çəkilən yeganə azərbaycanlı hələ ki mənəm.

– Kaskadyorluqla bağlı ilk təklifi necə aldın?

– Uşaqlıqdan idmanla məşğul olmuşam. İdmana ilk olaraq karate-do idman növü ilə başlamışam. Təhsillə yanaşı, idmanı da davam etdirmişəm. 2008-ci ildə 60 kiloqram çəki dərəcəsində qaydasız döyüş üzrə Azərbaycan çempionu olmuşam. Bütün bu nailiyyətləri qazanmaqda ailəmin, xüsusilə də atamın böyük təsiri olub. Türkiyəyə getdikdən sonra “kinqboksinq” idman növü ilə məşğul olmağa başladım. İdman zalındakı müəllimim “Kurtlar vadisi” serialında Memati obrazını canlandıran Gürkan Uyğunun dublyoru imiş. Mən bunu sonradan öyrəndim. Bir gün zala həmin filmlə bağlı dublyor seçmək üçün gəlmişdilər. Bu zaman mənim enerjimi, hərəkətlərimi görüb bəyəndilər və mənə dublyorluq etməyi təklif etdilər. Bu barədə əvvəllər heç düşünməmişdim. Ancaq təklifi qəbul etdim. Çünki mən o zaman tələbə idim. Düşündüm ki, maddi baxımdan ailəmin yükünü azaldaram, həm də bir yerdən iş həyatına atılmış olaram. Təklifdən iki gün sonra zəng gəldi və bildirdilər ki, “Adanalı” serialında təhlükəli bir səhnə üçün dublyora ehtiyac var. Bu səhnədə silahla vurulub, ikinci mərtəbədən yıxılmalı idim. Beləcə, alındı.

– Bu işdə adrenalin nə dərəcədə rol oynayır?

– Elə bu sənəti seçməyimdə ən böyük səbəb adrenalin həvəskarı olmağımdır. Hər nə qədər təhlükəli, riskli olsa da işimi sevirəm. Təhlükəsizliyimiz nə qədər yaxşı səviyyədə olursa olsun, yenə də hər zaman risk var. Rolu elə yaşamalısan ki, o rolun içinə girməlisən. Buna görə də çəkilişdən sonra gerçək həyata qayıtmaq bir az çətin olur. Çünki insan filmin, səhnələrin təsirindən çıxa bilmir. Bu sahədə rolun özü olmalısan. Əgər bunu bacarmasan, rolun süni alınar və ya tamaşaçı bunu tam olaraq qavraya bilməz. Aktyorlara da mükafatları elə məhz buna görə verirlər.

Sonra mənə Polad Ələmdarın dublyoru olmaq üçün təklif gəldi. Bu təklif mənim üçün çox gözlənilməz oldu. Çünki Necati Şaşmazla bir bir yerdə işləmək, həqiqətən də, çox sevindirici idi. Çünki o hamı tərəfindən heyranlıqla izlənilən bir aktyordur. Mən təklif aldığım ərəfədə daha populyar idi. Dedilər ki, sənin boyun və çəkin “Kurtlar vadisi” serialındakı Polad Ələmdar obrazına çox uyğundur. Bu sənətdə işlər belədir ki, aktyora üzdən oxşamasan da, onun dublyoru ola bilərsən. Tamamilə fərqli bir insan olsanız belə, boy və çəki uyğun gəlirsə, problem olmur. Təhlükəli səhnələrdə baş rol aktyorlarından istifadə edilmir. Önəmli olan isə dublyoru orada gizlədə bilməkdir. Dublyorun professionallığı həm də odur ki, üzünü kameradan gizlədə bilir. Yerə yıxılanda, havada uçanda belə dublyor üzünü gizlədə bilməlidir.

– “Kurtlar vadisi”ndə dublyorluğu yenə də davam etdirirsiniz?

– 5 ildir ki artıq bu sahədə işləyirəm. “Kurtlar vadisi” serialında artıq təhlükəli səhnələr olmadığı üçün orada iştirak etmirəm. İlk dəfə Polad Ələmdar obrazını 71-ci seriyada əvəz etmişəm. Həmin seriyada İskəndəri qovalama səhnəsi var idi. Həmin seriyada dekabr ayında

30 metr yüksəklikdən 4 dəfə suya tullanmışam. Həmin vaxt mənim 18 yaşım var idi.

İndiyə qədər 20-yə yaxın filmdə dublyorluq etmişəm. Sonuncu dəfə isə

Azərbaycanın ən böyük layihələrindən biri olan “Əli və Nino” filmində dublyorluq etmişəm.

– Türkiyədə fərdi şəkildə çalışırsan, yoxsa əməkdaşlıq etdiyin şirkət var?

– Yox, bizim qrupumuz var. Qrupumuzun adı “İstanbul Stand Team”dır.

Bu sahədə qrupumuz çox tanınır. Bir filmin çəkilişinə qrupumuzdan bəzən 1 nəfər, bəzən 20 nəfər, bəzən də 30 nəfər gedir. Bu, filmdən asılıdır. Filmdə daha çox döyüş səhnələrində, atlı səhnələrdə, qılınc səhnələrində, maşın qəzaları və ya əlbəyaxa döyüş səhnələrində iştirak edirik. Filmin büdcəsi həmin filmdə parçalanan maşınlarla, yanan binalarla, geyimlərlə, fərqli-fərqli yerlərdə çəkilişlərlə ölçülür.

– Çəkiliş zamanı dublyor xəsarət alarsa, onun xərclərini kim ödəyir?

– Onu deyim ki, mən həmişə aldığım məvacibin haqqını verməyə çalışmışam. Buna görə də, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Baş verə biləcək xəsarətlərdən qorunmaq üçün biz işdən qabaq sığortalanıb çəkilişə başlayırıq. Qalıcı xəsarət isə nadir hallarda baş verir. Əgər dublyor xəsarət alırsa, şirkət ona hər gün adi iş günündə verdiyi qonorarın yarısını ödəmək məcburiyyətindədir.

– Aktyorluq sənətini qocalana kimi davam etdirmək olur, bəs dublyorluq sənətini necə?

– Bu barədə mən də çox düşünürəm. Elə buna görə də aktyorluq barədə də düşünürəm. Sənətimi dəyişmək istəyimin elə başlıca səbəblərindən biri budur. İnsanın orqanizmi həmişə eyni qalmır. Mən bu gün etdiyim hərəkəti 5, 10 il sonra edə bilməyə bilərəm. Sonradan tanınmış aktyor olan dublyorlar çoxdur. Məsələn, Cek Çan, Jet Li və s. Bundan başqa bu sahədə müəllimlik də etmək olar. Ya bu yolla həyatını davam etdirə bilərsən, ya da aktyor kimi.

– Azərbaycanda səni tanıyırlar?

– Məni əsasən Polad Ələmdarın dublyoru kimi tanıyırlar. Çünki bizim xalqın ona simpatiyası daha çoxdur. İnsanların mənim üçün etdikləri dua, mənə göstərdikləri dəstək həmişə mənim üçün önəmlidir. Mənə uğurlar diləmələri belə mənim üçün çox böyük stimuldur. Ölkəmizin adını xaricdə hallandırmaq, təmsil etmək mənim üçün bir fəxrdir.

– Azərbaycanda dublyorluqla məşğul olanlar varmı?

– Azərbaycanda bu sənətlə məşğul olan dostlarım var. Azərbaycanda film sahəsində inkişaf yeni-yeni başlanır. Seriallar da son illərdir ki, çəkilməyə başlanır.

– Biz türklər cəsarətli, döyüşkən, qorxmaz millətik. Dublyorluq bu sahədə işimizə yaraya bilərmi?

– Millətimizin ürəkli, cəsarətli olmağı bu sənətdə bizə çox kömək edir. Türklər dünyada döyüşkənlik ruhu ilə tanınırlar. Bizim Qafqaz milləti olmağımıza, müharibə şəraitində yaşamağımıza görə gənclərimiz idmana, döyüşə daha çox maraq göstərirlər. Bu bizə dublyor olmaqda daha çox yardım edir. Bu bizə qanla gələn bir şeydir. Ancaq bütün bunlara baxmayaraq, çox çalışmaq lazımdır. Elə məşqlər var ki onları hər gün, hər həftə, hər ay etməlisən. İplə tullanmaq, helikopterdən enmək, maşın səhnələri və s. bunları etmək üçün döyüşçü olmaq lazım deyil. Bəzən elə olur ki, çempionların edə bilmədikləri hərəkətləri adi bir döyüşçü edə bilir. Döyüşçü olmaq o demək deyil ki, sən filmdə gözəl döyüşə bilərsən. Düzdür, köməyi olur, hətta böyük bir avantajdır.

– Aktyorların dublyorlara münasibəti necə olur? Məsələn, Necati Şaşmazın sizə münasibəti necədir?

– Aktyorlar öz dublyorları ilə mehriban olurlar. Filmdə əgər dublyor hər hansı bir hərəkəti səhv etsə, tamaşaçı bunu dublyorun etdiyini deyil, aktyorun etdiyini sanır. Ancaq işin içində olan biləcək ki, bu, dublyorun səhvidir. Dublyorun aktyordan heç bir asılılığı yoxdur. Əksinə, aktyor dublyoru ilə yaxşı yola getməlidir. Çünki dublyor bilavasitə aktyorun rolunu icra edir. Dublyor-aktyor münasibətinə gəlincə, bu, insandan insana dəyişir. Çəkiliş zamanı vaxt olduqca aktyorla dublyor arasında  münasibət yaranır. Necati Şaşmazdan isə həmişə xoş, səmimi münasibət görmüşəm.

– Dublyorluq təhlükəli işdir. Valideynlərin sənə görə narahat deyillər?

– Ana elədir ki, oğlu adi bir ofisdə belə işləsə, deyəcək ki, ehtiyatlı ol. Onlara işimi, çətinliyimi çox da bildirmirəm. Nə qədər gizlənsəm də anam hər dəfə hansı kadrda oynadığımı bilir. Uşaq yaşlarımdan hiperaktiv biri olmuşam. Adrenalini sevməyim də yəqin ondan irəli gəlir. Mən özümü bu işin içində tapmışam. Təhlükə artıq bizim üçün normal bir şeydir…

– Dünya səviyyəsində tanınmış aktyorlardan kimin dublyoru olmaq istəyərdin?

– Gizli qəhrəman olmağın da öz zövqü var. İnsanlar bəzən danışırlar ki, görəsən, bu səhnəni icra edən kimdir. Bu mənə çox xoş gəlir.

Mən əminəm ki, 5, 10 ilə Azərbaycanda da çəkilən filmlərin sayı artdıqca dublyorluq da inkişaf edəcək, tələbat artacaq.

Necati Şaşmazdan başqa, Ahmet Kural və bir çox tanınmış aktyorun da dublyoru olmuşam. Bundan sonra Bred Pitin dublyoru olmaq istəyərdim. Çünki məni daha çox ona oxşadırlar. Leonardo Di Kaprionun da dublyoru olmaq istəyərdim. Çünki onlar dünya üzrə tanınmış böyük Hollivud aktyorlarıdır. Mən özümə Hollivudu hədəf seçmişəm və bu yolla irəliləyirəm. Ən böyük hədəfim “Oskar”ı almaqdır. Bununla ölkəmin adını zirvələrə daşımaq istəyərdim.

– Bildiyimə görə, dublyorlar imiclərini tez-tez dəyişirlər.

– Bəli. İmicimi tez-tez dəyişirəm. Bizim özümüzə aid imicimiz, demək olar ki, olmur. Bəzən məcbur oluruq ki, müəyyən bir imicdə aylarla, günlərlə gəzək. Bu, bizdən asılı deyil. Rolla, səhnə ilə, filmlə bağlı olur. Aktyor necədirsə, sən də elə olmalısan. Bu da bizim işimizin bir parçasıdır. Professional insan bundan şikayət etməməlidir. İndiki imicim isə İstanbulda çəkilən xarici bir proyektlə əlaqədardır.