Plener rəngkarlığın estetikası 

843

I Respublika etüd sərgisinin yekunları barəsində düşüncələr…

Müstəqillik dövrü təsviri sənətimizin yeni-yeni bədii hadisələr yaşaması, ideologiyadan azad olmuş rəssamlıq məkanına əvvəllər rastlaşmadığımız mövzuların və bədii həll yanaşmalarının daşınması heç şübhəsiz bu sahənin özünəməxsus inkişafına duyulası təsir göstərmişdir. Azərbaycan tarixinin uzaq-yaxın səhifələrinə “bədii güzgü” tutmağa imkan verən müsabiqələrin, qədim miniatür üslubunun müasir ənənələrlə zənginləşməsinə xidmət edən sərgilərin, dini dəyərlərimizin bədiiləşdirilməsinə yönəli ekspozisiyaların təşkili bu qəbildən olan tədbirlərdəndir. Bu mənada müstəqillik illərində fəaliyyətə başlayan Xətai Sənət Mərkəzinin (rəhbəri Zahid Əvəzovdur) davamlı olaraq sənətsevərləri maraqlı tədbirlərlə sevindirməsinin də sənət məkanına yaddaqalan bir rəngarənglik gətirdiyini deməliyik. Mərkəzin bu günlərdə yekunlaşdırdığı etüd müsabiqə-sərgisi həm də bu yöndə atılan ilk addım olmuşdur. Odur ki, Azərbaycan təsviri sənəti məkanında birinci dəfə keçirilməsi onun tarixi mahiyyət daşıdığını şərtləndirmişdir. Tədbirə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstək verməsi də bu əhəmiyyətin duyulmasından qaynaqlanmışdır. Digər tərəfdən uzaq-yaxın keçmişimizdə yaradıcılıq prosesinin ayrılmaz hissəsi olan etüdə qayıdış baxımından bu sərgi-müsabiqənin rəssamlarımız arasında maraq oyadıcı – təkanverici olması da duyulan olmuşdur…
Yeri gəlmişkən deyək ki, etüd adətən ölçü etibarilə kiçik, işlənmə müddətinə görə nə qədər qısamüddətli olsa da, bir çox hallarda uğurlu bədii tutumuna görə irihəcmli tablolardan geri qalmırlar. Bir qayda olaraq naturadan işlənən etüd görünənlərin yaradıcılıq axtarışlarının təkmilləşməsi, təbiətin bədii dərki və ifadəsi baxımından duyulası əhəmiyyət kəsb edir.
Etüdü ikinci dərəcəli hesab edənlərə də rast gəlmək mümkündür. Ancaq bəzən tez-tez, buna imkan tapmayanda isə az-az da olsa təbiətin qoynuna çıxmaqla ətraf mühitə münasibətini plener rəngkarlığı ilə ifadə etməyə imkan tapan rəssamların təravətli tutum alan palitrasının bütünlükdə yaradıcılıq axtarışlarına, xüsusilə də əsərlərini koloritinin yeniləşməsinə duyulası təsir göstərdiyi danılmazdır. Odur ki, etüdün rəssam həyatının ayrılmaz parçası olduğunu etiraf etməliyik.
Plener rəngkarlığının nəticəsi olan etüdün Avropada zəngin ənənələrə malik olması, bu yöndə Barbizon məktəbi nümayəndələrinin xüsusi fəallıq göstərməsi qarşılığında milli rəssamlıq məkanında etüdə güclü meylin olmadığını etiraf etmək lazımdır. Amma onu da deyək ki, təbiətdə mövcud olan motiv və rəng zənginliyindən məntiqlə istifadənin nəticəsidir ki, qədim miniatürçü rəssamlarımız çəkdikləri əsərlərdə ecazkarlığı birmənalı olan rəng-harmoniya möcüzələri yaratmağa nail olmuşdular. Onların göz yaddaşlarında hifz olunan gözəlliyin nəhayətsiz çalarlara malik olmasının nəticəsidir ki, uzun əsrlər boyu onlar Avropa rəssamlığı qarşısında “təslim” olmamış, dünya incəsənəti xəzinəsinə bənzərsiz nümunələr bəxş etməklə Şərq-müsəlman rəssamlığının çoxqatlı estetik xəritəyə malik olduğunu sübut etmişlər. Hər halda miniatürlərdə əyaniləşən təbiətə və hadisələrə özünəməxsus bədii münasibətin müsbət nəticələri Azərbaycan rəssamlığında ilhamverici bir qaynağa çevrilməklə, bu günümüzə kimi sənətkarların yaradıcılıq axtarışlarında özünü təzahür etdirməkdədir. Elə Xətai Sənət Mərkəzinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirdiyi “Vətənimin tərənnümü” adlı I Respublika müsabiqə-sərgisinin də ali məramı sələflərimizin başladıqları xoşməramlı işi müstəqillik dövründə də davam etdirmək, çoxəsrlik sənət saxlancımızı yeni və özünəməxsus bədii-estetik dəyərlərlə zənginləşdirməkdir.
Çox qısa zaman kəsiyində müsabiqəyə 150 müəllifin 400-ə qədər etüd təqdim etməsi göstərdi ki, bu sahəyə maraq hələ də qalmaqdadır. Amma əsərlər çox olsa da, çoxlarının etüdün-plener rəngkarlığının estetikasına sona qədər bələd olmadığı da duyuldu. Odur ki, belə işlərə qarşı ciddi tələbkarlıq nümayiş olundu. Münsiflər heyətinin üzvləri tərəfindən onlarım yalnız yüzə qədəri tamaşaçılara təqdim olunmaq üçün seçildi. Səsvermə nəticəsində əsas mükafatlar Ramil Məmmədov (I yer), İslam İsrafilov (II yer) və Şahin Quliyevə (III yer)təqdim olundu. Asif Azərelli, Əbülfəz Fərəcoğlu, Raul Hüseynov,Vüqar Əli və Cavid Məmmədov müsabiqənin həvəsləndirici mükafatına layiq görüldülər. Bundan əlavə baxış zamanı Bəxtiyar Yusifov, Süleyman Hüseynov, Aygün İsmayıllı, Elmar Manaflı, Rəşad Cabbarov, Alina İqnatova, Hafiz Kərimov, Ülviyyə Rzayeva, Elşad Əhmədov, Gülşən Ağayeva və b. əsərləri də uğurlu etüd nümunələri kimi dəyərləndirildi.
Qeyd etmək lazımdır ki, seçilən və ictimailəşdirilən etüdlərin əksəriyyətində onların bilavasitə naturadan işləndiyi kifayət qədər duyulan idi. Bu etüdlərdə ətraf mühitin və günəş işığının təsiri altında rəngdən-rəngə düşən təbiətə real-gerçəkçi münasibət duyulurdu. Belə ki, “birnəfəsə” çəkildiyi rəng və yaxı improvizələrindən duyulan həmin kiçik ölçülü əsərlərdən böyük tabloların aşılaya biləcəyi estetik dəyəri almaq mümkün idi. Günəşin çıxması və batması zamanı səmanın, dağın və yaxud dənizin aldığı çoxsaylı rəng çalarlarının geniş bədii ümumiləşdirmələrlə ifadəsinin yaratdığı estetik tutum nə qədər duyğulandırıcı idisə, bir o qədər də heyrət doğurucu görünürdülər. Etiraf edək ki, belə etüdlərin qiymətli xüsusiyətlərindən biri onların ümumi bədii tutumunun duyulası təravətə bələnməsidir. Bunu isə yalnız illərlə toplanmış təcrübənin və yüksək sənətkarlığın nəticəsində əldə etmək mümkündür…
Bədii-texniki ifadə tutumuna görə bəzən də irihəcmli tablolara hazırlıq kimi qəbul olunan etüdlər, çox vaxt müstəqil rəngkarlıq nümunəsi kimi qəbul olunmaq gücündə olur. Bu da ilk növbədə yuxarıda vurğuladığımız kimi, hər bir yaradıcının məkana-təbiətə münasibətində ifadə olunan səmimiyyətin, nümayiş etdirdiyi bədii-texniki ustalığın sayəsində baş tutur. Yaxşı haldır ki, I Respublika etüd müsabiqəsində belə işlər kifayət qədər idi…
Artıq tarixə qovuşan bu müsabiqə-sərginin uzun müddət xatırlanacağını şərtləndirən səbəblərdən biri də Xətai Sənət Mərkəzi rəhbərliyinin iştirakçıları mükafatlandırmadan sonra etüd səfərinə aparması olmuşdur. Məqsəd fərdi qaydada Vətənin gözəlliyini vəsf edən rəssamları bir araya gətirməklə, yaradıcı insanların nə vaxtsa mövcud olmuş birgə fəaliyyətinin bu gün də mümkünlüyünü nümayiş etdirmək idi. Qənaətimizcə, paytaxtdan o qədər də uzaq olmayan Şamaxı rayonuna yaradıcı səyahət müsabiqə iştirakçıları üçün də gözəlliyə açılan neçə-neçə yeni “pəncərə”nin kəşfi olmuşdur. Doğrudan da şairlər yurdu kimi tanınan Şamaxının iyirmi beş kilometrliyindəki Avaxıl kəndində gördükləri paytaxtdan gələn rəssamlar üçün çöx gözlənilməz olub. Dağlarla əhatələnmiş bu kəndin hər guşəsi, payız fəslinin “rəng seli”nə bələdiyi təbiət guşələri əsrarəngiz və duyğulandırıcı idi. Bütün günü məşhur Pirqulu rəsədxanasının qonşuluğundakı Avaxılda keçirən rəssamlar təbiətlə canlı təmaslarını naturadan çəkdikləri etüdlərdə ifadə ediblər. Onların plenerdə nümayiş etdirdikləri canlı performans yerli əhalinin də diqqətini çəkmişdir. Gün ərzində rəssamların iş prosesini izləyən maraqla insanların gördüklərindən böyük zövq almaları hiss olunan idi. Rəssamlarsa çox qısa zaman kəsiyində dəyişməkdən usanmayan havanı, rəngdən-rəngə düşən dağlrarı və meşələri kətana köçürməkdə davam etmişlər. Odur ki, günün sonuna yaxın hər müəllifin səyyar bədii saxlancında 3-4 etüd toplanmışdı. İslam İsrafilov, Cavid Məmmədov, Şahin Quliyev, Ramil Məmmədov, Asif Azərelli, Raul Hüseynov, Bəxtiyar Yusifov və başqalarının ərsəyə gətirdikləri qısamüddətli etüdlərdə yalnız naturadan müşahidə oluna biləcək gözəlliyin təravətini duymaq mümkün idi…
Dağ kəndinin özünəməxsus aurası bu etüdlərdə yaddaqalan ifadəsini tapmışdı, desək, həqiqəti söyləmiş olarıq. Qənaətimizcə, “Vətənin tərənnümü” adlı I Respublika etüd müsabiqə-sərgisini təşkil etməklə onun təşkilatçıları sənət tariximizdə yeni səhifə açdıqlarını təsdiqləri kimi, rəssamların plenerdə birgə çalışmalarını həyata keçirmələri ilə onların yaradıcı prosesin canlanmasına xidmət edən milli “Barbizon məktəbi”nin təməlini qoymuş olduqlarını sərgilədilər…
P.S. Yazı “Kaspi” qəzetinin 28 oktyabr tarixli sayında çap olunub.
Ziyadxan Əliyev