“Piyada lap ölsə belə…”

603

Bakıda piyada zolağının çəkilişi zamanı səhvə yol verilməsi barədə xəbərlərə tez-tez rast gəlirik. Bu günlərdə yayılan bir xəbərdə paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindəki yolda da belə bir səhvə yol verildiyi bildirilib. Belə ki, həmin piyada zolağının bir hissəsi səkiyə, digər hissəsi isə otluq olan əraziyə çıxır. Belə hallarda isə piyadalar yolu həmin yerdə keçmək istəmir, yolun başqa hissələrinə üz tuturlar. Bu vəziyyətdə ya onları cərimə gözləyir, ya da qəzada xəsarət alma riskləri artır. Yolu düzgün yerdən keçməyən piyada qəza hadisəsinə səbəb olduqda isə həm də sürücünü işə salmış olur. Yeri gəlmişkən, bizdə piyadaların iştirakı ilə baş verən qəzaların əksəriyyətində sürücülər də məsuliyyətə cəlb olunurlar. Hətta bir çoxlarında belə bir fikir formalaşıb ki, piyada vurulubsa, sürücü günahkardır. Axı sürücüdən asılı olmayan, təqsirkarın 100 faiz piyada özü olduğu hallar da az deyil. Belə olan halda sürücü niyə məsuliyyətə cəlb olunsun? Mövzu ilə bağlı “Yeniavaz”a “Digesta” hüquq mərkəzinin rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov açıqlama verib.

Səhv çəkilən piyada keçidləri…

1. Səhv çəkilən piyada keçidindən keçməyən piyada yolu başqa yerdən keçərsə, cərimələnməlidirmi?

Cavab: “Bu halda “cərimələnməlidirmi” sualı bir az çətin sualdır. Təbii ki, yol hərəkəti qaydalarını pozmamalıyıq. Bizim yol hərəkəti qaydalarına görə, piyadaların yolun hərəkət hissəsini piyada keçidi olmayan yerdən də keçməyə hüquqları var. Amma şərt belədir – əgər yolu keçmək istəyən piyadanın görünmə sahəsində piyada keçidi və yolayrıcı yoxdursa. Yəni piyada o tərəfə baxır, bu tərəfə baxır və görür ki, nə piyada keçidi var, nə yol ayırıcı var, bu zaman ortasından ayırıcı zolaq, məhəccər filan olmayan yolu keçə bilər. Yaxşı görünən yerdə, işıqlı görünən yerdə. Qaranlıq vaxtı isə olmaz. Əgər piyada görürsə ki, bunun keçəcəyi yerdə piyada keçidi yoxdur, yaxud siz demişkən, keçib üzü divara dirənəcəksə, onda təbii ki, piyada keçidi olmayan yerdən də yolu keçə bilər, problem yoxdur.

“Keçidlər arasında optimal 150-300 metr məsafə ola bilər”

2. Piyada zolaqlarının səhv çəkilməsinin səbəb nədir? Hər halda yəqin ki, ortada bir anlaşılmazlıq var.

Cavab: “Bununla bağlı tikinti-şəhərsalma normaları var. Bu həm də yol hərəkəti qaydalarına bağlıdır. Ancaq yol hərəkəti qaydalarından daha çox tikinti-şəhərsalma standartlarına riayət olunmalıdır. Onu da bildirim ki, yaşayış məntəqələrində – qəsəbədə, kənddə əlverişli piyada keçidləri olmalıdır, rahat, təhlükəsiz, görünən yerdə, belə deyək, piyadaların öz həyatlarını, sağlamlıqlarını riskə atmadan keçə biləcəkləri yerdə. Keçidlər arasında optimal 150-300 metr məsafə ola bilər. Yəni piyada keçidləri arasında məsafə 150 metrdən az, 300 metrdən çox olmamalıdır. Amma ehtiyac olmayanda – tutaq ki, yaşayış məntəqəsindən kənar yolda lap 5 kilometrdən bir də ola bilər. Avtomagistralda isə eynisəviyyəli piyada keçidi ola bilməz. Bütün bunlarla bağlı tələblər var və buna riayət etmək lazımdır.

“Piyada lap ölsə belə, sürücü günahsız ola bilər”

3. Sürücüdən asılı olmayan səbəbdən, yəni açıq-aşkar piyadanın öz təqsiri ucbatından onu maşın vurubsa, bu halda sürücü niyə məsuliyyətə cəlb olunur? Bizdə belə fikir formalaşıb ki, piyada maşınla vurulubsa, sürücü məsuliyyət daşıyır. İşi polis araşdırır və sürücü çox ağır mərhələdən keçir.

Cavab: “Bilirsiniz, bu, təcrübənin yanlışlığıdır, normal təcrübə formalaşmayıb. Qanuna görə isə bəli, əgər sürücünün təqsiri yoxdursa, piyada lap ölsə belə, hətta bir neçə piyada ölsə belə, sürücü günahsız ola bilər. Əgər sürücünün həmin vaxt piyadanı görmək imkanı olmayıbsa, yaxud piyadanı görsədə nəqliyyat vasitəsinin sürətini azaltmaqla, yaxud dayanmaqla onu vurmamaq üçün tədbir görmək imkanı olmayıb. Belə halda sürücünün heç bir günahı yoxdur, amma yenə deyirəm, yanlış təcrübə formalaşıb. Bunları sübut eləmək çox çətindir, problem budur. Bunun praktiki tərəfində problem var, qanunvericilik tərəfində problem yoxdur.

Sübutları vaxtında toplamırlar. Ən böyük səhv nədir – bir sürücü adam vurur və deyir ki, əşi, yoldur də adam vurmuşam. Qardaş, sən dərhal vəkil tutmalısan, çünki heç özün də düz-əməlli bilmirsən ki, günahsızsan ya yox. Ona görə də dərhal hüquqi prosedurlara girişmək lazımdır. Sürücülər sadəlövhcəsinə yanaşırlar, sonra isə məlum olur ki… Deyirlər barışmışıq, şikayət yoxdur, əslində isə bu heç bir əhəmiyyət daşımır. Cinayət məsuliyyəti o halda yaranır ki, sübut olunsun ki, sürücünün təqsiri var. Subyektiv yanaşma olanda bunu sübut eləmək çətin işdir. Maşınlara quraşdırılan kameralar da bu mənada sübut sayıla bilər. Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulan hər şey sübut sayıla bilər, şahid ifadəsi və s. Sadəcə olaraq əsas məsələ o hadisəyə qiymət verilməsidir – kim harada imiş, necə imiş. Bununla gərək vaxtında ciddi məşğul olasan”.

Nicat