Pis adam ömür boyu xoşbəxt ola bilməz

0
510

Sevinc paylaşdıqca çoxalır deyirlər. Yaxşılıq da elədir, məncə. Sən bir adama yaxşılıq eləsən, o da eynisini başqasına edəcək. Yaxşılıq edən adam bunu təkcə qarşısındakına eləmir, həm də özünə edir.

Yaxşılıq edən adam daxilən rahat olur, özünü gümrah hiss edir, hətta bundan o qədər feyzyab olur ki, yenə də eynisini yaşamaq, yaşatmaq istəyir.

Kimsə deyə bilər ki, bəlkə mənim yaxşılıq eləmək üçün pulum yoxdur? Əvvəla, yaxşılıq dediyin bir iş pul olmasa da olar. Dilənçiyə 20 qəpik verməklə də yaxşılıq etmiş olursunuz, bir iş yoldaşınızın işinə yaramaqla da, qonşunun xoda düşməyən maşınını itələməyə kömək etməklə də, yolu keçə bilməyən bir uşağın əlindən tutmaqla da, ürəyini boşaltmaq istəyən bir ağsaqqala qulaq asmaqla da.

Əsas odur, bu sənin ürəyindən gəlsin. Özü də sizə bir sirr açım – yaxşılığı davamlı şəkildə edəndə insan onun təsirindən, sözün həqiqi mənasında, məst-xumar olur. Və bu hissi başqa heç nə ilə əvəzləmək olmur.

***

Yaxşı adamın ailəsi də rahat olur, uşaqları da. Mən özünü yaxşı adam kimi göstərməyə çalışanları, özünü reklam eləyib “yaxşı adam” olanları nəzərdə tutmuram. Yaxşı adam bir işi səmimiyyətlə görür və onu bəlkə yaxşılıq elədiyi adamdan və Allahdan başqa heç kim bilmir.

***

İnsanın pulu çox ola da bilər, olmaya da bilər. İndi gəlin iki adam təsəvvür edək: biri pis, digəri yaxşı. Hər ikisinin də kifayət qədər pulu var. Yaxşı adam bu pulla səmimi şəkildə yaxşılıq edirsə, əl tutursa, kimlərinsə problemlərinin həllinə köməklik göstərirsə, bir yetim uşağın oxumasına köməklik edirsə, bununla həm də öz ailəsinə mənəvi mənada xoş bir həzz, sevinc yaşatmış olur. Ailəsinə, övladlarına, yaxınlarına nümunə olur. İşin başqa tərəfi isə etdiyi yaxşılıqlara görə qazandığı dualardır. Bu dualar vasitəsilə həm də onun ailəsi xata-balalardan qorunur.

İndi gəlin varlı, amma pis adam təsəvvür edək. Bu adam elədiyi pislikləri davamlı şəkildə öz beynində düşünür, növbəti pislik barədə beynini yorur, ssenarilər cızır. Hətta eləmək istədiyi pislik reallaşmasa belə bunları düşünməklə həmin adam özünə pislik etmiş olur. Əgər pisliyi reallaşıbsa, sonra başlayır qarşı tərəfin pisliklərindən qorunmaq barədə düşünməyə. Beləcə, öz ömür-gününü zəhərləyir. Bu düşüncə və hisslərin təsiri ailəsinə də sirayət edir; üstəgəl, pislik etdiyi adamların bədduası.

***

Bəli, edilən yaxşı və pisliklər bumeranq kimidir – gec və ya tez, sənə qayıdır. Amma dediyimiz kimi, yaxşılığı bir dəfə, iki dəfə eləməklə bitirəndə dadı tez qaçır. Bunu davamlı eləməliyik, həyat prinsipimizə çevirməliyik, adətə çevirməliyik. Əkdiyimiz ağaca su verib onun böyüməsinə vasitəçi olduğumuz kimi, içimizdəki xeyir “ağacı”na da davamlı yaxşılıq adlı “su” verməliyik ki, böyüsün.

Yaxşılığın bir də axirətdə qarşılığını düşünək. Necə də gözəldir. Yəni bir yaxşı əməlin görün nə qədər müsbət nəticəsi var.

***

Ən sadə yaxşı adamın belə xoşbəxt olması normaldır. Amma pis adamın, hətta milyonlar sahibi olsa belə, xoşbəxt olacağına inanmıram.

Pis adam ömür boyu xoşbəxt ola bilməz…

Nicat Intiqam