Pilotlar arasında həyəcan dolu mübarizə yaşanıb

331

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günündə – aprelin 28-də avtoidman həvəskarları maraqlı idman mübarizəsinin şahidi olublar.

azetac xəbər verir ki, əvvəlcə üçüncü sərbəst yürüş təşkil olunub. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari” komandasının pilotu Sebastyan Fettel 1 dəqiqə 43,091 saniyə göstərici ilə birinci olub. “Mercedes”in sürücüsü Luis Hamilton yürüşü ikinci, “Ferrari”nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub.

Daha sonra Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu keçirilib.

Sıralanma yürüşündə “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 41,498 saniyə) və “Mercedes”in sürücüsü Luis Hamilton (1 dəqiqə 41,677) ən yaxşı nəticəni göstəriblər. Onlar müvafiq olaraq, ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü “Mercedes”in pilotu Valtteri Bottas tamamlayıb.

Sıralanma turundan sonra Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Aprelin 29-da saat 16:10-da baş tutacaq həlledici mərhələnin start düzülüşü aşağıdakı kimi olacaq: Sebastian Fettel (“Ferrari”), Luis Hamilton, Valtteri Bottas (hər ikisi “Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raykonnen (“Ferrari”), Eseteban Okon, Serxio Peres (hər ikisi “Force India”), Niko Hulkenberq, Karlos Sainz (hər ikisi “Renault”), Lans Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarles Lekler (“Sauber”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandurn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”) və Roman Qrojan (“Haas”).

Qran-Pri çərçivəsində Formula 2 üzrə birinci yarışın qalibi müəyyənləşib. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Dams” komandasının pilotu Aleksander Albon birinci, “ART Grand Prix”in sürücüsü Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar.

Formula 2 üzrə birinci yarışın qaliblərinin təltif olunması mərasimində mükafatları pilotlara Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov təqdim ediblər.

Aprelin 29-da saat 13:10-da 29 dövrədən ibarət Formula 2 üzrə ikinci yarış başlayacaq.

Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət əsas yarışı isə aprelin 29-da saat 16:10-da start götürəcək.