Peyğəmbərlər və övladları

727

Bəşəriyyət həyata “İlk ata” ilə addım atıb. O addım da cənnətlə başlayıb.

Allah-təala insan kimi ilk dəfə Adəm atamızı, sonra isə Həvva anamızı yaradıb. Cənnət dərd çəkmək, əzəb görmək yeri olmasa da Adəm atamızın əzabları cənnətdə başlayıb. Burada şeytan ortaya çıxdıqda “qadağan edilən meyvədən” yeyib. Əsas yurdundan qürbətə düşüb və dünyaya gəlib. Yer üzündə də illərlə tək gəzib-dolanıb. Özü dünyanın bir küncündə, xanımı isə o biri küncündə. Nəhayət Ərəfatda görüşüblər. Onların ilk övladları olan Habil və Qabil bir qız ucbatından bir-birilə mübahisə edib və nəticədə Qabil Habili öldürüb.

Diqqət yetirin, bu çox qəribə hadisədir. Peyğəmbər olan atanın övladının biri qatil, o biri isə məqtul (öldürülən) olur.

Adəm atanın əziyyəti min ildən artıq davam edib. Cənnətdə yaradılıb, sonradan isə dünyaya göndərilib. Cənnətdə onun üçün hər şey bol və çoxlu miqdarda olduğu halda burada əkinçilik edərək ruzisini əldə edib. Quran bu hekayəti övladlarının həyatı üçün gecə-gündüz alın tərilə işləyən, övladları ilə imtahana çəkilən və ya gözəl həyat tərzi keçirdiyi halda fələyin yazısını yaşayan atalara nümunə göstərib. Heç bir ata Adəm atamız kimi əziyyət çəkməyib, çəkməsi də qeyri-mümkündür.

İkinci “Ata Peyğəmbər” Nuh əleyhissəlamdır. Tufandan əvvəl Hz.Nuh gəmi hazırlayıb və ona inananlar həmin gəmiyə miniblər. İnanmayıb gəmiyə minməyənlər arasında xanımı ilə oğlu Kənan da olub. Gəmi nəhəng dalğalar arasında hərəkət etməkdə ikən oğlu Kənan hələ də gəmiyə yaxınlaşmırdı. Bu zaman ata şəfqətlə: “Ey oğlum! Gəl bizimlə gəmiyə min, kafirlərdən olma” deyib yalvarmağa başlasa da, oğul bununla razılaşmır.

Kənan düşmən tərəfdə olmasına, Allaha qarşı üsyan etməsinə və atasını tanımamasına baxmayaraq, Hz.Nuh yenə də nəzakətli və şəfqətli şəkildə “Əziz oğlum!” mənasında “Yə buneyyə!” deməklə ona əlini uzatmağa davam edirdi. Kənan bütün təklifləri rədd etdi. Lakin Nuh ata yenə də şəfqətini Rəbbinə bildirib, “Ey Rəbbim, oğlum mənim ailəmdəndir” desə də, Allah-təala: “Ey Nuh, o sənin ailəndən deyil. Onun qüsuru var” – deyə hökm verir. Çünki din əlaqəsi qohumluq əlaqəsindən üstün olur. Nuh əleyhissəlam da Allah-təalanı bu hökmünə baş əyərək Rəbbindən bağışlanmısını diləyir.

Övlad və ata sınağı ilə üzləşən peyğəmbər

Böyük peyğəmbərlərdən olan və Rəbbindən “peyğəmbər övladı” dilədiyi üçün yüzlərlə peyğəmbərin atası olan İbrahim əleyhissəlam ata-övlad, övlad-ata münasibətlərində böyük nümunə və istisna rəhbərdir.

O, əsil atalıq örnəyi göstərərək Allah-təaladan əməlisaleh bir övlad dilədi, Allah-təala da ona gözəl xasiyyətli bir övlad müjdəsini çatdırdı. Lakin sonradan onu Allah yolunda qurban etmək kimi bir əmr aldı. Ata da bunu xanımından əvvəl oğluna çatdırdı və belə dedi: “Ey oğlum, yuxuda səni qurban kəsdiyimi gördüm. Bu haqda sən nə deyirsən?”. Həyatının bahar çağını yaşayan əməlisaleh oğul “Əziz atam, sən əmri yerinə yetir!” – ifadələrilə Allah-təalaya qarşı olan etimadını bildirdi. Ata yumşaq ifadələrlə “Əziz oğlum” deyir, övlad da bunun qarşılığında “Əziz atam” deyirdi. Bu söhbətdəki ədəb, incəlik və ata ilə övlad arasındakı hörmət insanı məst edir.

Görəsən, hansı ata oğlunu qurban etmək əmri alsa, heç bir tərəddüd etmədən bıçağı əlinə götürər, eyni zamanda hansı övlad atasının “Səni qurban edəcəyəm” təklifilə razılaşar? Gördüyünüz kimi, Allah-təala da elə ataya belə bir övlad vermişdi. Görün, onlar bir-birlərinə necə də uyğun gəlirdilər?

İbrahim əleyhissəlam övladı ilə imtana çəkildiyi kimi, atası ilə də imtahana çəkilirdi. Özü tövhid rəmzi olan bir peyğəmbər, atası isə Nəmruda tabe bir bütpərəst, sərt, rəhmsiz, kobud bir insan idi. Hər dəfə əl-ayağa düşərək, tez-tez “Yə əbəti!” yəni “Atacan, əziz atam, nə olar!” deyə yalvararaq atasını tövhid dininə dəvət etdiyində ata bütün nifrətilə “Ey İbrahim, yoxsa sən mənim tanrılarımdan üç çevirirsən? Əgər sən bu hərəkətindən əl çəkməsən səni daşlayaram” deyib onu hədələyirdi. Lakin oğlu İbrahim buna əhəmiyyət verməyərək öz işinə davam edərək: “Sənə görə Rəbbimdən bağışlanma diləyirəm”. Lakin Allah-təala onun bu diləyini qəbul etmədi. Hz.İbrahim də atasının Allaha düşmən olduğunu Rəbbindən öyrəndikdən sonra o da inadından əl çəkdi. Allaha qulluq övladlıqdan üstün oldu, iman Allaha qarşı edilən üsyana qalib gəldi.

Gözüyaşlı ata

Başqa bir peyğəmbər Yaqub əleyhissəlam gözüyaşlı, qəlbi hüzn içində, ən ağır övlad dərdi çəkmiş, həsrət odunda yanaraq “Yusif! Yusif!” deyə dərdini qəlbində saxlamış, lakin bunu Allahdan başqa heç kimə bildirməmiş, ata-oğul dərdini ən dərin tərəflərilə yaşayan bir insan olmuşdu. Yusifin macərası bir yuxu ilə, bir cümlə ilə – “Əziz atam, mən yuxuda gördüm ki” cümləsilə başlayır və “Atacan, bu mənim yuxumun izahıdır” ifadələrilə bitir.

Kənan diyarında yaşayan Yaqub atanın dərdindən gözləri tutulur, Misirdə görünən Yusif də qardaşlarına “Bu köynəyi götürüb atamın gözlərinə çəkin. Çəkən kimi gözləri açılacaq” – deyib köynəyini göndərir. “Mən Yusifin qoxusunu alıram” – ifadələrilə atalığın zirvəsində olan Hz.Yaqub köynəyini gözlərinə çəkən kimi gözləri açılır.

Yusifin quyuya ataraq aradan götürdüklərini hesab edən və atalarına ən böyük dərdləri çəkdirən Yusifin qardaşları ondan üzr istəyərək bağışlanmalarını xahiş edirlər. Övladlarının qarşı çıxmalarını, tərs olmalarını və mənfi xüsusiyyətə malik olmalarını anlamağa çalışan Yaqub ata: “Sizin üçün Allahdan bağışlanmanızı diləyəcəyəm” – deyib atalıq borcunu göstərir və hamısını bağışlayır.

Namusu ilə imtahana çəkilən peyğəmbər ata

Dünyada çəkmədiyi dərd, əziyyət qalmayan başqa peyğəmbər ata da var ki, heç bir ata bu qədər əziyyət görə bilməzdi. Sodom və Gomorra camaatı homoseksuallıq kimi bir azğınlıq içində idi. Qadınları bir kənara qoyaraq kişilər öz həmcinsləri ilə cinsi yaxınlıq edirdilər. Yoldan keçən gənc bir kişi, oğlan görən kimi arxasınca düşür, ondan əl çəkmirdilər. Artıq bu məsələ ən son nöqtəsinə çatmışdı. Bıçaq sümüyə dirənmişdi. Allah-təala da iki gözəl kişi simasında Hz.Cəbraili və Hz.Mikaili göndərir. Hər iki mələk Hz.Lutun qonağı olurlar. Hz.Lutun evinə iki gözəl cavanın gəldiyini eşidən insanlar onun qapısının qarşısına yığırlar. Hz.Lutdan gələn qonaqları onlara vermələrini tələb edirlər.

Hz.Lut o qədər çətin vəziyyətə düşür ki, hətta nə deyəcəyini də bilmir. Çarəsiz qalır. O, qonaqlarını verə bilməzdi. Vermədiyi halda da qapıda dayanan azğınları susdura bilmirdi. Sonda gücü yalnız özünə və ailəsinə çatır. Öz qızlarını onlara təklif edib deyir: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır, onlardan şəriətə müvafiq surətdə istifadə edin. Onlar nigah baxımından sizin üçün daha təmizdirlər. Allahdan qorxun və məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda ağlı başında bir adam yoxdur?””, – dedi. Onlar heç bunu da dinləmədilər və: “Sənin qızlarına heç bir ehtiyacımız olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”, – dedilər.

Qonaqlar da Hz.Lutu çətin vəziyyətdə qoymamaq üçün kim olduqlarını deyib həmin azğın qövmün yaşadığı yeri alt-üst etdilər.

Namus və qeyrət imtahanına çəkilən atalar üçün Lut əleyhissəlamın bu vəziyyəti çox gözəl nümunədir.

Lakin başqa bir ata da var ki, əsil “qız atası” odur. Quranda “Muhəmməd sizin kişilərinizdən heç birinin atası deyil” buyurularaq onun yalnız Fatimə kimi “cənnət gözəli”nin atası olduğu bildirilir. Dünyada iki “ailə” var ki, bunlardan biri “İbrahimin ailəsi” digəri isə “Məhəmmədin ailə”sidir ki, hər namazda onlara dualar edirik.

Hər bir müsəlman heç bir peyğəmbər arasında fərq qoymadan bütün peyğəmbərlərin həyatlarını öyrənməyə çalışmalıdır. Onların həyatlarından nümunələr götürməlidir. Çünki yüz minlərlə peyğəmbər arasında Quranda cəmi-cümlətanı 25 peyğəmbərin adı çəkilir, həyatlarından qısa şəkildə bəhs olunur. Bunları öyrənməmək bizim tənbəlliyimiz, öyrənib yaşamamağımız isə bədbəxtçiliyimiz olar. Peyğəmbər ataları nümunə götürən insanlar nə xoşbəxtdirlər!