Peyğəmbərimizin adları

2355

Bir Osmanlı şairi peyğəmbərimizi mədh edərkən belə yazır:

Sən Əhmədü Mahmudu Muhammədsən, əfəndim, Haqdan bizə sultani-müəyyədsən, əfəndim.

Şair bu beytdə peyğəmbərimizin məşhur adlarından üçünü işlətmişdir. Yeri gəlmişkən, xatırladaq ki, xristianlığın kitabı olan İncildə sonuncu peyğəmbərin adı Əhməd kimi verilmişdir. Əslində Əhməd, Mahmud və Məhəmməd adlarının kökündə eyni söz durur: “Həmd” sözü. “Həmd” sözünün mənası öymək, mədh etmək, tərifləməkdir. Yəni bu mübarək üç adın mənası öyülmüş, mədh edilmiş, sevilmiş anlamına gəlir. Mustafa adı isə seçilmiş, üstün anlamındadır.

Peyğəmbərimiz Həzrəti Məhəmmədə bəzən Əbül Qasim adı ilə də müraciət etmişlər. Məlumdur ki, ərəblərdə qədimdən bəri insanı bu gün bizdə olduğu kimi, atasının, babasının adı ilə deyil, fərqli şəkildə təqdim etmişlər. Yəni belə: Məhəmməd Abdullah oğlu Qasim atası. Bu ünvan əslində Həzrəti Məhəmmədə aiddir. Qasim peyğəmbərimizin böyük oğlunun adıdır. Məlumdur ki, peyğəmbərimizin övladlarının əksəriyyəti, o cümlədən də Qasim uşaq yaşında bu dünyadan köçmüşdür.

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) haqqında ən gözəl adları söyləmək olar. Şairlər onu “Könüllər sultanı”, “Gözümüzün nuru, başımızın tacı”, “Böyüyümüz, ağsaqqalımız, yolgöstərənimiz, həyat örnəyimiz” kimi təqdim ediblər. O, həqiqətən də böyüyümüz, yolgöstərənimizdir. Onun göstərdiyi yolla biz Haqqa dönürük, Haqqa doğru gedirik. O, peyğəmbərlərin sonuncusu və əşrəfidir. O, yaradılmışların ən gözəlidir. Bu kainat, bu Yer üzü onun hörmətinə yaradılmışdır. O, könlümüzün sultanı, O, başımızın tacıdır. Uca Allaha şərik qoşmamaq şərtilə Onun adına hər cür gözəllikləri yaraşdırmaq olar. Amma nə yaraşdırsaq nə söyləsək, yenə az olar. Klassik ədəbiyyatda qızılgülü ona bənzədirlər, amma inanın ki, qızılgülün gözəlliyi də o mübarək zatın çöhrəsi yanında çox sönük və bəsitdir. Peyğəmbərimizi sevmək, onunla öyünmək bir qədər fərdi xarakter daşıyır. Belə ki, hər kəs öz sevgisi miqyasında, öz bilgisi qədərində ona aşiq olur, onun adını çağırıb adına mədhiyyələr qoşur. Allah bizi onun yolundan ayırmasın.