Peşəkar idmançıların iştirak etdiyi “Nar Kuboku” turnirinin qalibləri məlum olub

513

Göyçay rayonunda ilk dəfə olaraq tanınmış idmançıların iştirakı ilə qaydasız döyüş növləri və kantakt üzrə “Nar Kuboku” uğrunda yarışlar təşkil edilib. Teymur Əhmədov adına “AzNar” İdman Klubunun təşkilatçılığı ilə Göyçay şəhər stadionunda keçirilən peşəkar döyüşçülərin yarışında ilk öncə Dövlət Himni səsləndirilib.

Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi yüksək qayğısından, ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsindən, idmançılarımızın qazandığı uğurlardan danışıb, “AzNar” QSC-nin maliyyə dəstəyi ilə Azərbaycan Çoxmübarizəli İdman Döyüş Növləri Federasiyasının və “AzNar” İdman Klubunun fəaliyyət göstərməsini yüksək qiymətləndirib.

Azərbaycanlı peşəkar K-1 döyüşçüsü, dünya çempionu, “Mauqli” ləqəbli Zabit Səmədov turnirin yüksək səviyyədə təşkil edildiyini deyib və yarış iştirakçılarına uğurlar arzu edib. Tədbirdə qeyd edilib ki, hazırda ölkəmizin 35 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və Azərbaycanda ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur. Ötən 6 ildə çoxmübarizəli idman döyüş növü üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub.

İkram Vəliyev ölkəmizdə bir çox sahələrin inkişafına köməklik göstərməsinə və hümanitar layihələri maliyyələşdirməsinə, yeni iş yerləri açmasına görə Rusiyada yaşayan azərbaycanlı iş adamı, “AzNar” QSC-nin sahibi Fərhad Əhmədova Göyçay rayon İcra Hakimiyyəti adından “Dostluq və xeyriyyəçilik” mükafatını təqdim edib. Musiqiçilərin iştirakı ilə konsert proqramından sonra ümumi mükafat fondu 18 min manat olan “Nar Kuboku” turnirinə start verilib.

Stadionda quraşdırılan rinqə çıxan 12 peşəkar idmançı arasında 6 qaydasız döyüş keçirilib. Döyüşlər hər biri 5 dəqiqə olmaqla iki raunddan ibarət olub. Müxtəlif döyüş idman növləri üzrə Azərbaycan çempionatının və beynəlxalq turnirlərin qalibləri olan Emin Hüseynov (59 kq), Novruz Novruzov (61 kq), Fuad Əliyev (66 kq), Təhməz Əlizadə (80 kq), Səbuhi Həsənov (84 kq), Zaur Abdulqədirov (100 kq) rəqibini məğlub edərək turnirin qalibi olub. İdmançılara pul mükafatı və diplomlar təqdim olunub. Yarışları ümumilikdə 5 mindən çox idman azarkeşi izləyib.

Esmira Hidayətova