“Peşə hazırlığı ilə məşğul olan müəssisələrin attestasiyasına ehtiyac var”

Peşə təhsili ümumi təhsilin tərkib hissəsi kimi ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biridir. 
Sevindirici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən peşə təhsilinin inkişafı istiqamətində bir çox dövət proqramları imzalanıb. “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı”nın (2007-2012-ci illər), “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi bu qəbildən olan əsas sənədlərdir.

Təəssüflə qeyd etmək istəyirik ki, Gədəbəy Rayon Peşə Liseyi yaddaşımızda həmişə baxımsız binası, səliqəsiz həyət-bacası, şagird və müəllim davamiyyəti zəif olan təhsil müəssisəsi kimi qalıb. Adıçəkilən təhsil ocağının hazırkı vəziyyəti isə bizi çox təəccübləndirdi, həm də sevindirdi. Gədəbəy Rayon Peşə Liseyinin binasının fasad hissəsinin müasir avadanlıqlarla işıqlandırılması, ərazisinin hasara alınması, şagird hay-küyü, zəng səsi bu təhsil ocağındakı canlanmadan xəbər verirdi. Bu səbəblərdən dolayı Gədəbəy Rayon Peşə Liseyinə baş çəkmək qərarına gəldik. Lisey binasının daxilində də bayırda olduğu kimi, səliqə-sahman hökm sürürdü. Bizi sözügedən Peşə Liseyinin direktoru Nahid Allahverdiyev qarşıladı. N. Allahverdiyevin Gədəbəy Rayon Peşə Liseyinə yeni direktor təyin olunmasını onun özündən öyrəndik. Rəhbərlik etdiyi təhsil ocağına bir canlanma, yeni nəfəs gətirən gənc direktor N. Allahverdiyevlə müsahibəmizi sizlərə təqdim edirik.

– Nahid müəllim, ilk olaraq, rəhbərlik etdiyiniz müəssisə haqqında məlumat verərdiniz.

– Gədəbəy Rayon Peşə Liseyi 1970-ci ildə Peşə Məktəbi kimi fəaliyyətə başlayıb. 1996-ci ildən etibarən isə Gədəbəy rayon Peşə Məktəbinə lisey statusu verilib. Hazırda liseyimizdə müxtəlif ixtisaslar üzrə 368 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 49 müəllim, 20 istehsalat təlimi ustası məşğul olur.

– Hansı ixtisaslar üzrə kadr hazırlayırsınız?

– Şagirdlərimiz 9 müxtəlif ixtisaslar üzrə – traktorçu maşinist, dərzi, rabitə avadanlıqlarının quraşdırıcısı, heyvandarlıq kompleksləri və fermaların operatoru, xarrat, dülgər, parket ustası, təmirçi çilingər, əməliyyatçı mühasib, xalçaçı, qaz avadanlıqlarının qaynaqçısı – təhsil alırlar. Bildiyiniz kimi rayonumuzun turizm potensialı böyükdür. Ona görə çalışırıq ki, liseyimizdə gələcək illərdə turizm ixtisası da açılsın.

– Şagirdlər ən çox hansı ixtisaslara maraq göstərirlər?

– Qızlar xalçaçı, əməliyyatçı mühasib, heyvandarlıq kompleksləri və fermaların operatoru ixtisaslarına daha çox maraq göstərirlər. Oğlanların isə bütün ixtisaslara marağı böyükdür.

– Respublika üzrə peşə məktəbi və liseylərinə maraq dünya ilə müqayisədə çox aşağıdır. Gədəbəydə peşə təhsilinə maraq hansı səviyyədədir?

– Rayonumuzda peşə təhsilinə maraq həmişə yüksək olub. Misal üçün 2014-2015-ci tədris ilində 193 nəfər Gədəbəy Rayon Peşə Liseyinə qəbul üçün sənəd vermişdi. Amma biz onlardan 3 illik qrupa 60 nəfər, 1 illik qrupa isə 40 nəfər şagird qəbul etdik.

– Şagird qəbulunda prioritetləriniz nələrdir?

– Çalışırıq ki, sənəd verənlər arasından daha istedadlı və peşə təhsili almağa real həvəsi olan şagirdləri qəbul edək.

– Ekspertlər peşə təhsilindəki problemlərin başlıca səbəblərindən biri kimi maariflənmə işinin  zəif olmasını göstərirlər. Sizin peşə təhsili haqqında nə kimi maarifçilik fəaliyyətləriniz var?

– Biz qısa müddət ərzində orta məktəblərlə sıx əməkdaşlıq qurmağa nail olmuşuq. Qəbul ərəfəsində, müəllimlərimiz orta məktəblərə gedərək Gədəbəy Rayon Peşə Liseyi, ixtisaslarımız, peşə təhsilinin önəmi haqqında şagirdlərə məlumat verir, valideynlərlə söhbət edirlər. Bunun da bəhrəsini görməkdəyik.

– Rəhbərlik etdiyiniz müəssisədə peşə təhsilinin səviyyəsi sizi qane edirmi?

– Açığı, şagirdlərə verdiyimiz peşə təhsilinin səviyyəsi məni qane etmir. Bunun da bizdən asılı olan və olmayan səbəbləri vardır. Qarabağ müharibəsi dövründə (1989-1995-ci illərdə) Gədəbəy Rayon Peşə Liseyinin binası kazarma kimi hərbçilərin istifadəsində olub. Bu müddət ərzində də liseyin isitmə sistemindən, emalatxanalarından tutmuş bütün infrastrukturu sıradan çıxarılıb. Hazırda Gədəbəy Rayon Peşə Liseyinin binasının əsaslı təmirə ehtiyacı var. Təsəvvür edin, 1995-ci ildən bu yana bizim Peşə Liseyinin emalatxanası olmayıb. İndi mən binanın zirzəmi qatında bir emalatxana hazırlatmışam. Amma, təbii ki, bu kifayət etmir. Çox istərdim ki, bütün ixtisaslar üzrə emalatxanamız, güclü maddi-texniki bazamız olsun.

Bundan başqa, pedaqoji kadrların idarə edilməsi məsələsində müəyyən çətinliklər mövcuddur. Bu da əsasən müəllimlərin peşə qabiliyyətlərinin aşağı olması ilə bağlıdır. Hesab edirəm ki, peşə hazırlığı ilə məşğul olan müəssisələrin attestasiyasına ehtiyac var.

– Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda peşə təhsili verən müəssisələrə maraq aşağı səviyyədədir. Sizcə, bunun səbəbi nədir?

– Hesab edirəm ki, respublika üzrə peşə təhsilinə marağın az olması, sözügedən təhsil sahəsində təlim-tədrisin keyfiyyətinin aşağı olması ilə əlaqədardır. Çünki peşə öyrənmək istəyən şagird ixtisaslı fəhlə-kadr hazırlayan müəssisələrin çoxunda xəyal qırıqlığı yaşayır. Əksər hallarda peşə məktəbinə gələn şagird buradan heç nə öyrənə bilmir. Çünki peşə məktəbi və liseylərimizin böyük əksəriyyətinin maddi-texniki bazası, müasir dünya tələbləri ilə ayaqlaşa bilən pedaqoji kadrları yox səviyyəsindədir. Ona görə də şagirdlər peşə məktəblərində keçirdikləri zamanı vaxt itkisi kimi dəyərləndirirlər.

– Lazım olan avadanlıqları dövlətdən ala bilirsinizmi?

Gədəbəy Rayon Peşə Liseyinə yeni direktor təyin olunmuşam. Nazirliyə ünvanladığımız heç bir məktub cavabsız qalmayıb. Mən bunun üçün təhsil naziri Mikayil Cabbarov başda olmaqla, Təhsil Nazirliyinin bütün kollektivinə təşəkkür edirəm. Bu yaxınlarda  onlardan müəyyən zəruri avadanlıqlar istəmişdik. Artıq həmin avadanlıqların bir hissəsini alıb, yeni emalatxanamızda quraşdırmışıq. Bunlar əsasən son model tikiş avadanlıqları, qaynaq aparatları, xarrat, parket və dülgər ustaları üçün lazımi alətlərdir.

Bildiyiniz kimi, Gədəbəy aqrar rayondur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Prezidentimizin bu sərəncamı kənd təsərrüfatı sahəsində ciddi uğurları, sıçrayışları hədəf seçib. Həmin sərəncam  qarşımıza aqrar sahə üzrə kadr hazırlığı işini uğurla aparmağı məqsəd qoyur. Amma bizim bu sahə ilə bağlı lazımi texnika və avadanlıqlarımız, demək olar ki, yox səviyyəsindədir. Hazırda traktor, presbağlayan, kombayn, yük maşını və s. texnikalara böyük ehtiyacımız var.

Slavyanka kəndində Peşə Liseyinin balansında 25 hektar torpaq sahəsi var. 15-ildən çoxdur ki, ora istifadəsiz qalmışdı. Amma bu il hektar yarım ərazidə taxıl əkmişik. Məqsədimiz isə təlim təsərrüfatını işə salmaqdır. Çünki təlim təsərrüfatı peşə liseylərinin gəlirlərini artırmağa imkan verir ki, bu da təlim-tədris prosesində həm müəllimlər, həm də şagirdlər arasında bir çox stimullaşdırıcı proqramlar həyata keçirməyə, zəruri ehtiyaclarımızı vaxtında aradan qaldırmağa imkan verəcək.

– Məzunlarınızın işə qəbul üzrə statistikasını aparırsınızmı?

– 2013-2014-cü tədris ilində 104 nəfər məzunumuz olub.  Onların 64 nəfəri hərbi xidmətə yollanıb. Yerdə qalanlarını isə işlə təmin etmişik. Bizim özümüz maraqlıyıq ki, məzunlarımızın iş tapmasına bilavasitə kömək edək. Artıq rayonumuzdakı bir çox müəssisələrdən, bələdiyyələrdən kadr hazırlığı ilə bağlı sifarişlər almışıq. Misal üçün, Gədəbəy Rayon Telekomunikasiya Qovşağının rəisi bizdən bu il 10 nəfər işçi istəyib. Müşahidələr göstərir ki, ali təhsilli baytarların böyük əksəriyyəti rayonda işləməyə maraq göstərmirlər. Ona görə də Gədəbəy Rayon Baytarlıq İdarəsi də bizdən kadr istəyir.

– Rayonda fəaliyyət göstərən müəssisələrlə lazımi əməkdaşlıq qura bilmisinizmi?

– Rayonumuzda fəaliyyət göstərən müəssisələrlə əməkdaşlığımız yüksək səviyyədədir. Aqrolizinqlə, Gədəbəy Rayon Qaz İstismar İdarəsi, Şəhər Bələdiyyəsi, Baytarlıq idarəsi, Telekommunikasiya Qovşağı ilə müqavilələrimiz var. Müqavilə əsasında şagirdlərimiz müvafiq ixtisaslar üzrə adlarını çəkdiyim müəssisələrdə staja cəlb olunurlar. Bu da şagirdlərimizə nəzəri biliklərini praktikada sınaqdan keçirib, ixtisaslarının sirlərinə daha yaxşı yiyələnmələrinə imkan verir.

– Şagirdlərinizin dərsə davamiyyəti, marağı sizi razı salırmı?

– Hazırda Gədəbəy Rayon Peşə Liseyində şagird davamiyyəti 90%-dən yuxarıdır.

– Şagirdləriniz arasında ali təhsilə maraq göstərənləri varmı?

– 2013-cü ildə 4 nəfər şagirdimiz ali məktəbə qəbul olub. Təhsillərini universitetlərdə davam etdirmək istəyən şagirdlərimizə hər cür dəstək veririk.

– Necə düşünürsünüz, peşə təhsilinə marağı artırmaq üçün ilk olaraq nə kimi işlər həyata keçirilməlidir? Gənc direktor olaraq, bu barədə fikirləriniz bizim üçün maraqlıdır.

– “Zaman-Azərbaycan” qəzetində sizin bir yazınızı oxumuşdum. Orada təklif olunurdu ki, peşə liseylərinin məzunlarına ali məktəblərə qəbul prosesində ixtisaslarına yaxın ixtisas seçdikləri təqdirdə, xüsusi imtiyazlar verilsin. Mən də sizinlə həmfikirəm. Hesab edirəm ki, bu, ölkəmizdə peşə təhsilinə marağın artması ilə yanaşı, keyfiyyətli mütəxəssis hazırlığına böyük töhvə verə bilər.

P.S Nahid Allahverdiyevlə söhbətimizi yekunlaşdırdıqdan sonra bir daha əmin olduq ki, bir çox sahələrdə olduğu kimi, təhsil idarəçiliyində də gənclərin önə çəkilməsi Prezident İlham Əliyevin təhsil siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfə verməkdədir.

Elvin Əliyev