Penitensiar Xidmətdə işləmiş yazıçı: “Bəşəriyyətin ən vacib məsələləri qadınların diktəsi ilə həll edilir”

0
380

O, həbsxana mühiti ilə bağlı yazdığı əsərləri ilə gündəmdədir. Uzun müddət Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində müxtəlif vəzifələrdə çalışmış bu şəxsin ərsəyə gətirdiyi hər əsərində qapalı mühitə – “içəri”yə düşmüş insanların acı talelərindən bəhs edilir. Cəsarətlə demək olar ki, son illər ədəbiyyatımızda məhbəs mövzuları öz dəhşətləri, çılpaqlığı ilə məhz onun qələmi ilə oxuculara çatdırılıb. O, indiyədək bununla bağlı bir-birindən maraqlı 11 kitab (“Residivist”, “Qadın düşərgəsi”, “Üzdəniraq ada”, “Penitensiar lövhələr”, “Qazamat “sanitar”ları” və sairə) ərsəyə gətirib. Əsərləri də maraqla qarşılanıb. O həm də Penitensiar Xidmətdə işləmiş ilk yazıçı kimi ədəbiyyatımıza daxil olub. Yəqin, bildiniz. Bəli, söhbət istefada olan ədliyyə mayoru, tanınmış yazıçı Rövşən Yerfidən (Rövşən Həsənli Həsənbaba oğlu) gedir. Bu günlərdə biz də Rövşən bəylə həmsöhbət olub, ona bir neçə sualla müraciət etdik.

– Rövşən bəy, istərdim ki, söhbətimizə, bu yaxınlarda ictimaiyyətə təqdim etdiyiniz kitabınızla – “Müqəssir”lə başlayaq…

– Bəri başdan deyim ki, əsərin məzmunu barəsində danışmayacağam. Amma onun mövzusu və bu mövzu ətrafında düşündüklərimi bölüşməyə çalışacağam. Əsərlə tanış olan hər kəs təsdiq edə bilər ki, mövzu son dərəcə vacib, günümüzlə səsləşən, aktual mövzudur. Bu povest ictimai həyatımızda geniş işıqlandırılmayan, sanki kölgədə qalan, kriminal xəbərlərdən xatırlanan erkən nikahlar, adiləşən boşanmalar, məişət zorakılığı, qətllər – bir sözlə, həyatın ağır çətinlikləri ilə üzbəüz qalan qadınlarımızın əzablı talelərini yada salır. Belə qadınlara lazımi diqqətin olmamasıdır ki, cəmiyyətimizdə hər ay nə qədər qadın, ana ailə münaqişələri zəminində öldürülür. Üstəlik, bunlarla yanaşı son vaxtlar qadın, ana intiharları da artır.

– Ümumiyyətlə, sizin əsərlərinizdə Azərbaycan qadını həmişə ön planda olur. Bunun özəl səbəbləri varmı?

– Bəli, bir çox əsərlərim kimi “Müqəssir”i də Azərbaycan qadınına həsr etmişəm. O qadın ki, mən onu bütün çatışan-çatışmayan cəhətləri ilə sevirəm. Bu sevginin bir səbəbi 13 yaşımdan anamı itirməyimdir. O zamandan bütün analarda özümdən ixtiyarsız anamı axtarmışam, onlara daim ehtiramla baxmışam. Bir səbəbi də 10 yaşımdan dahi Cəfər Cabbarlının “Seçilmiş əsərləri”ndən ibarət üçcildliyini oxumağımdır. Bu əsərlərdəki ailəcanlı, fədakar, vəfalı, əzabkeş qadın obrazları məndə Azərbaycan qadınına xüsusi rəğbət, məhəbbət hissləri aşılayıb.

Həyat elə gətirdi ki, Penitensiar Xidmətdə çalışdığım zaman üç ilə yaxın qadın həbsxanasında xüsusi şöbədə – qadın məhkumların cinayət işləri, şəxsi işləri saxlanılan yerdə işlədim. Fürsətdən istifadə edib o dövrün (1998-2001-ci illər) və ona qədərki bir çox qadın cinayətlərinin sənədləri ilə, haqqlarında çıxarılmış məhkəmə sənədləri ilə yaxından tanış oldum. Bunların nəticəsində “Qadın düşərgəsi”, “Sel”, “Günahsız qatil”, “Lənətə gələnlər”, sonuncu kitabım “Müqəssir”i yaza bildim.

– Yenə də bu mövzuya müraciət etmək fikriniz var?

– Material hələ tükənməyib, Allah imkan verərsə, hələ yenə bir neçə povest yaza bilərəm.

– Rövşən bəy, “Müqəssir”dəki müqəssirlə bağlı müxtəlif fikirlər söylənilir… Əsərin müəllifi kimi əsil müqəssirə aydınlıq gətirməyinizi xahiş edirəm…

– Zavallı Əfiqəni müqəssir hesab etmək ən asan yoldur. Əslində isə mən əsil müqəssirin kim olduğunu ilk cümlədə, Şeyx Şamildən gətirdiyim sitatla bildirmişəm. Eyni zamanda həmin sitatı özünü kişi hesab edənlərə bir çağırış hesab edirəm.

– Ümumiyyətlə, qadın haqqında çox fikirlər söylənilib. Hətta qadının böyük qüvvə olması da vurğulanıb. Sizdə qadının belə bir qüvvəyə malik olması ilə bağlı əminlik varmı?

– Əsrlərdən bəri qadının nə qədər böyük varlıq olmasına dair tonlarla kitablar, əsərlər yazılıb. Mən buna ancaq onu əlavə edə bilərəm ki, bu gün də bəşəriyyətin ən vacib məsələləri qadınların diktəsi, təsiri ilə həll edilir. Kişilər, sadəcə, üzdə olan görüntüdür. Gəlin etiraf edək ki, hər birimiz həyatımızda vacib qərarları həll edəndə anamızın, həyat yoldaşımızın və ya qızımızın təsiri altına düşməməyimiz, rəyini nəzərə almamağımız mümkün deyil.

– Siz Azərbaycan qadınını bütün cəhətləri ilə sevdiyinizi dediniz. Müsbət xüsusiyyətləri məlumdur. Çatışmayan cəhətləri deyəndə nə düşünürsüz?

– Əlbəttə, deyəcəklərim mənim öz subyektiv fikirlərimdir, ola bilsin, kimlərsə razılaşmasın. Mənim nəzərimcə Azərbaycan qadınının, ümumilikdə Şərq qadınının ən xoşagəlməz qüsuru, çatışmazlığı böyük əksəriyyətinin şöhrətpərəst və maddiyyatpərəst olmasıdır. Sirr deyil ki, bu gün nikahların üçdə ikisi maddiyyat üzərində qurulur. İstər qız, istər valideynlər ilk növbədə oğlanın maddi durumu ilə maraqlanırlar. Doğrudur, ev də, qazanc da, maşın da lazımdır. Bəs ruh? İnsan təkcə maddiyyatdan ibarət deyil axı. Ruh məsələsində pul işə yaramır. Əgər səninlə yaşayacaq adam baxışlarından hisslərini anlamayacaqsa, sənə dəyər verməyəcəksə, günboyu axşam üçün darıxmayacaqsa, nəyə lazım onun var-dövləti? Çox varlı qadınlar var ki, onların heç bir maddiyyat problemi yoxdur. İstəyəndə özlərinə kişi də taparlar, amma onların qəlbləri bir qayda olaraq boş olur, ruhi tənhalıqdan əzab çəkirlər.

Təsəvvür edin, sosial şəbəkələrin birində belə bir xəbər yazılıb ki, bir xarici vətəndaş – ərəb, ya ingilis ailə qurmaq üçün azərbaycanlı xanım axtarır: nə dərəcədə ajiotaj yaranar… Xarici dil bilən də, bilməyən də seçimdən keçmək üçün özlərini həlak edərlər.

Maddiyyata hərislikdəndir ki, müstəqillik dövrü başlayandan bəri Dubayda, Türkiyədə, qonşu ölkələrdə ən qədim peşə ilə məşğul olan belə qadınlarımız haqqında məlumatlar, onların dəstə-dəstə həbs edilmə xəbərləri hamımız üçün adiləşib. Bu məsələdə işsizliyin, dolanışığın ağırlığını bəhanə edilməsi ilə qəti razı deyiləm. Dəfələrlə diqqət etmişəm, həbs edilənlər arasında nə vaxtsa gürcü və ya çeçən qadınının adının çəkilməsinə rast gəlməmişəm. Demək, bizim qadınlarımızda onlardakı qədər milli ləyaqət hissi, düşüncəsi yoxdur.

Şöhrətpərəst, maddiyyatpərəst anaların tərbiyə etdiyi övladlar da böyüyəndə şübhəsiz, acgöz, talançı, dələduz olacaqlar. Belə ruhlu övladların getdikcə artıb çoxalması gələcəkdə xalqa böyük faciələr gətirə bilən səbəblərə rəvac verir. Səhv etmirəmsə, böyük Cavidin belə bir cümləsi var: “o xalqın gələcəyi xoşbəxtdir ki, onun savadlı və millətini sevən qızları var”. Qadınlarımızın savadlanmasında bizdə müəyyən uğurlar varsa da, millətsevərlik az qala yox dərəcəsindədir. Millətini sevən qadın heç vaxt övladının “mama” çağırmasını istəməz.

– Amma etiraf edək ki, dedikləriniz çox ağır ittihamlardır…

– İnanın ki, bu ittihamlar qərəzdən deyil, məhəbbətdən irəli gəlir. Mən çox arzulayıram ki, Azərbaycan qadını ruhsal, ruh adamı olmaq baxımından bir qədər Qərb qadınına yaxınlaşsın. İnsan ruh adamı olanda Tanrıya daha yaxın olur, ədalətli olur. Yaşayış tələbatından artıq dünya malının gərəksizliyini dərk edir. Mütləq deyil dindar olsun. Belə qadın səmimiyyəti, vicdanı, insanlığı düzgün qiymətləndirir. Nəhayət, əsl sevginin, xoşbəxtliyin nə olduğunu anlayır. Mənim “Müqəssir” və qadın mövzusunda yazılmış digər povestlərimin də ideyası, oxucuya çatdırmaq istədiyi əsas fikir məhz budur.

– Yeri gəlmişkən, sizin əsərləriniz həmişə maraqla qarşılanır. Hətta əsərlərinizlə bağlı polemikalar da aparılır… Məsələn, elə bu yaxınlarda millət vəkili Fazil Mustafa facebook sosial şəbəkəsindəki şəxsi profilində sizin kitablarınızla bağlı belə bir status paylaşıb: “Yazar Rövşən Yerfinin 3 kitabı ilə tanış oldum. Həbsxana həyatının ən aktual məsələlərinə aydınlıq gətirib. Bu mövzuda açığı son illərdə belə realist və sanballı əsərlər oxumamışdım. Xüsusilə də, “Penitensiar lövhələr” islahatçı görüşlərlə zəngindir. İnsanların həbsxanada gerçəkdən islah olunmasının yollarını və mövcud strukturun nöqsanlarını sistemli şəkildə göstərir. Qarşınıza çıxarsa, alıb oxuyun. Bu da həyatımızın bir sferası. Orada da insanlardır. Onların yaşadığımız mühitə islah olunaraq qayıtması birinci növbədə rahat yaşamaq istəyən insanların faydasınadır. Müəllifə təşəkkür edirəm bu kitablara görə…” Yaradıcılığınızla bağlı belə təşəkkürlər, belə müraciətlər çox olur?

– Fazil bəyə göstərdiyi diqqətə görə minnətdarlığımı bildirirəm. Təəssüf ki, belə tanınmış ziyalılardan dəstək verən az olur. Əksəriyyəti mənəvi dəyərlərə də öz marağı prizmasından yanaşırlar. Bu sayaq təşəkkürlər, müraciətlər mənə əsasən sadə oxuculardan, gənclərdən, tələbələrdən olur. Həqiqətən yaxşı əsər haqqında məqalələr yazılmasa da, gec-tez oxucu kütləsi tərəfindən dəyərini alır. Etiraf edirəm ki, məni tanıdan internet, kitablarımın elektron versiyalarıdır. Son dörd il ərzində 8 kitabım onadək saytın elektron kitabxanasında yerləşdirilib. “Üzdəniraq ada” və “Lənətə gələnlər”in hər birini üç mindən artıq istifadəçi bilgisayarına, telefonuna yükləyib. Yazıçı üçün oxucu diqqətindən qiymətli heç nə ola bilməz…

Qvami Məhəbbətoğlu