Pelenin əlini sıxan ilk azərbaycanlı futbolçu Arif Əsədov: “Nə vaxtsa yenidən “Neftçi”yə qayıdacağam”

703

“Neftçi”nin heyətində çıxış etmiş futbolçular həm də o zamanki SSRİ-nin əsas yığma komandasında böyük uğurlara imza atıblar. Belə ki, əfsanəvi futbolçumuz Anatoli Banişevski 1966-ci ildə İngiltərədə keçirilmiş dünya çempionatında bürünc medal qazanmaqla yanaşı, Avropa (1972-ci il, Belçika) çempionatında da gümüş mükafata yiyələnib. İqor Ponomaryov isə SSRİ yığmasının tərkibində Olimpiya oyunlarının qızıl medalını əldə edib.
“Neftçi”nin yetirmələri aşağı yaş qrupu üzrə komandalarda da öz sözlərini deyiblər: Nikolay Smolnikov SSRİ-nin U-21 yığmasının tərkibində (1967-ci il) Avropa çempionatının qalibi olub (Yeri gəlmişkən, İqor Ponomaryov Olimpiya çempionu olmamışdan öncə 1978-ci ildə U-21-in heyətində də fərqlənib). Vitali Şevçenko SSRİ-nin U-18 yığma komandasının tərkibində (1969-cu il) Avropa çempionatının bürünc medalını qazanıb. Vəli Qasımov 1985-ci ildə SSRİ U-16 komandasının tərkibində Avropa çempionatının qalibi olub.
1988-ci ildə Sovetlər Birliyinin U-16 komandası Kanadada keçirilmiş dünya çempionatının birincisi adına layiq görülüb. Kuboku başı üzərinə qaldıranlar arasında “Neftçi”nin gənc futbolçuları – Arif Əsədov, Vladislav Qədirov və Vyaçeslav Lemiş də yer alıb. 1988-ci ildə 18 yaşadək futbolçuların iştirakı ilə keçirilmiş Avropa çempionatında “Neftçi”nin üzvü Arif Əsədov növbəti dəfə SSRİ yığmasının tərkibində ali mükafata sahib çıxıb. (“Neftçi”nin digər üzvü Tərlan Əhmədov da SSRİ yığmasının formasında 1990-cı ildə keçirilmiş U-18 Avropa çempionatının qızıl medalını əldə edib). Beləliklə, həmsöhbətimiz həm dünya, həm də Avropa çempionu, (o ölkəmizdə bu titullara layiq görülmüş yeganə şəxsdir) “Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovdur.
– Arif müəllim, hazırda nə işlə məşğulsunuz?
– Hələlik, futboldan kənardayam.
– Heç bir klubdan, komandadan dəvət almamısınız?
– Gözləyirəm, görək nə olacaq… Yeri gəlmişkən, İranla bağlı bir planım var idi. Hətta ötən ilin sonlarında bu məqsədlə İranda səfərdə oldum. Lakin təklif olunan şərtlər məni qane etmədi.
– Orada hansı klubla danışıqlar aparırdınız ki?
– Onu hələ sirr olaraq saxlamaq istəyirəm.
– Həmin danışıqlar tam başa çatıb, yoxsa?..
– Hələ də bu məsələ gündəmdədir.
– Bəs AFFA-dan da sizinlə maraqlanan yoxdur?
– Hələ ki, yox…
– Bu sizi narahat edir?
– Əlbəttə, edir…
– Bəlkə itirilmiş enerjinizin bərpasını gözləyirlər?
– Demək olar ki, formadayam…
– Yadıma düşmüşkən, 45 yaşınız istefanızdan bir neçə ay sonraya təsadüf etdi… Sizi AFFA-dan yada salan oldumu?
– Buna görə rəhbərliyi qınamaq fikrində deyiləm. Görünür, rəhbərliyə bu barədə məlumat verilməyib.

“Neftçi” bir aysberqdir
– Eşitdiyimə görə, siz “Neftçi”nin baş məşqçi postundan istefaya göndərildiyinizi (Arif Əsədov “Neftçi”nin baş məşqçi postundan ötən ilin iyunun 3-də Azərbaycan Kubokunun finalında “Qarabağ”a 1:3 hesablı məğlubiyyətin ardından Müşahidə Şurasının qərarı ilə istefaya göndərilib – Q.M.) Qəbələdən Bakıya avtobusla qayıdarkən öyrənmisiniz. Bu sizə necə təsir etdi?
– Belə bir məlumatı haradan, kimdən aldığınızı deyə bilmərəm. Buna rəğmən, sizə bir səmimi etiraf edim: mən hələ bu olaydan iki ay öncə “Neftçi”dən gedəcəyimi bildirmişdim. Bu da klubda rəhbərliyin dəyişməsi ilə bağlı idi. Yəqin bilirsiniz, klubda yenidənqurma aparılanda – ötən ilin martında Müşahidə Şurasının təşkilindən sonra Sadıq müəllim (“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov – Q.M) klubu tərk etdi. Futbolun da yazılmamış qanunları var: əgər səni komandaya baş məşqçi gətirən gedirsə, sən də getməlisən. Doğrudur, bu məsələyə professional yanaşma deyil. Amma fakt budur ki, belə addımlar atılır. Gedəcəyimlə bağlı rəhbərliyə müraciətim bununla bağlı idi. Digər bir səbəb isə… O ərəfədə mətbuatda “Neftçi”yə əcnəbi baş məşqçi gətirilməsi ilə əlaqədar yazılar dərc olunurdu. Təbii ki, bu da mənə öz təsirini göstərirdi.
Lakin onda yeni rəhbərlik məni buraxmaq istəmədi. Dedilər, bəs biz sənə güvənirik, sən həmişə gənclərə etimad göstərirsən, strategiyan da xoşumuza gəlir, yeni komandanın formalaşmasına kömək edərik. Mən də razılaşdım. Onu da deyim ki, klubla müqaviləm bu ilin yayına qədər idi… Bir də mənim bu kluba ikinci qayıdışımdan sonra uğurlar da olmuşdu axı: yəni “Neftçi” ölkə kubokunda finala qədər irəliləmişdi. Premyer Liqanı 4-cü pillədə başa vurmaqla Avropaya vəsiqə qazanmışdı. Bu mənada qarşıma qoyulan minimum məqsədə də nail olmuşdum.
– Yəqin görünür, sonradan yeni rəhbərlik nələrisə götür-qoy edib. Nəticədə “Qarabağ”a uduzmağınız sizi uzaqlaşdırmaq üçün bir bəhanə olub…
– Onu deyə bilmərəm. Amma deyə bilərəm ki, “Neftçi” hər mövsüm titul qazanmalıdır. Bu da olmayanda məsuliyyət baş məşqçinin üzərinə düşür. Baş məşqçi həyatı da elədir ki, daim bir yerdə işləmək olmur. İstefaya hər zaman hazır olmalıdır. Bir də unutmayın: qələbə hamının, məğlubiyyət isə həmişə baş məşqçinin ayağına yazılır. Amma o günə kimi komandadan ayrılacağım barədə bir işarə belə yox idi. Olsaydı, Arif Əsədov duyuq düşərdi.
– Arif müəllim, hərdən mənə elə gəlir ki, “Neftçi”nin görünməyən tərəfləri də var. Bəlkə siz onun görünməyən tərəflərinin qurbanı olmusunuz?
– Mən görünən tərəflərindən söz açdım. Görünməyən tərəflərindən (kim bilir, bəlkə də var) heç nə deyə bilmərəm. Amma deyə bilərəm ki, onda komandada müəyyən problemlər var idi. O da istər-istəməz final oyununa təsir etməli idi… Bir də çempionatın başa çatmasına iki ay qalmış belə bir addımın atılması heç də düzgün deyildi.

“Pelenin əlini sıxan ilk azərbaycanlı futbolçu mən olmuşam”
– Həm məşqçi həm də futbolçu kimi fəaliyyət göstərmisiniz… Hansı güclü olub, futbolçu Arif Əsədov, yoxsa məşqçi Arif Əsədov?
– Düşünürəm ki, futbolçu kimi daha çox uğur qazanmışam. Belə ki, mən SSRİ yığmasının heyətində Avropa və dünya çempionu olmuşam. Amma mənə elə gəlir ki, bundan da yaxşı göstəricilərim ola bilərdi. Lakin davamı gəlmədi. Bu da təbii ki, SSRİ-nin dağılması ilə bağlı oldu.
– Sizdən başqa, belə titullu futbolçularımız varmı?
– Vladislav Qədirov dünya çempionu olub, Tərlan Əhmədov isə Avropa çempionu… Avropa və dünya çempionu adlarına isə yalnız mən layiq görülmüşəm. Onu da deyim ki, SSRİ tarixində yalnız bizim U-17-lər dünya çempionu olub.
– 1987-ci il. Kanada. Pele… Bu adlıq cümlə sizə nələri xatırladır?
– Həmin il Kanadada yeniyetmələr arasında dünya çempionatının finalı keçirilib və finalda SSRİ-nin gəncləri Nigeriyanı məğlub ediblər (Bu SSRİ tarixində ilk və son nailiyyət oldu). Həmin oyunda əfsanəvi futbolçu Pele də fəxri qonaq kimi dəvət olunmuşdu. Oyundan qabaq Pele meydana çıxdı və hər bir oyunçu ilə əlbəəl görüşəndən sonra xatirə şəkli çəkdirdi.
– Belə çıxır ki, Pelenin əlini sıxan ilk azərbaycanlı futbolçu siz olmusunuz?
– Düzü, bu barədə qəti fikir söyləyə bilmərəm, amma ola bilsin ki, o birinci elə mənəm.
– Yeri gəlmişkən, bəs Vladislav, Lemiş… Axı onlar da həmin heyətə daxil idilər.
– Onlar meydana çıxan ilk on birlikdə yox idilər.
– O xatirə şəklini qoruyub saxlaya bilmisiniz?
– Hə, kolleksiyamdadır.
– O zaman diqqət mərkəzinə necə düşmüşdünüz?
– O zaman həmin komandaların heyətinə düşmək çox çətin idi. Mənim ora düşməyimə gəlincə. Hər il müxtəlif yaş qrupları üzrə “Yunost” (“Gənclik”) turniri keçirilərdi. Həmin yarışları tanınmış seleksiyaçı məşqçilər mütəmadi izləyərdilər.1985-ci ildə bizim 15 yaşlılardan ibarət Azərbaycan yığması Böyükağa Ağayevin rəhbərliyi altında Nalçikdə o, yarışa qatılmışdı. Elə həmin il mən, Vladislav Qədirovu və Ruslan Lukin (daha sonra Lemiş) milli komandaya seçildik (SSRİ üzrə 35-ə yaxın futbolçu seçilmişdi). Bir il ərzində biz millinin təlim-məşq toplantılarında iştirak etdik. Mən və Vladislav imtahanlardan üzüağ çıxa bildik. İlk dəfə Avropa çempionatında çıxış etdik və finalda İtaliyaya məğlub olduq. İkinci yeri tutduq. Bununla da dünya çempionatına vəsiqə qazandıq və çempionluq titulunu əldə etdik. Əgər SSRİ dağılmasaydı yəqin ki, əsas milli komandada da forma geyinəcəkdim.
– 2016-cı ildə ilk dəfə olaraq ölkəmizdə 17 yaşadək oğlanlardan ibarət komandalar arasında Avropa Çempionatı keçiriləcək. Görəsən, bu komadada çıxış edəcək gənclərimiz bilirmi ki vaxtilə Arif Əsədov bu yaşda uğurlu nailiyyətlərə imza atıb?
– Bilmirəm.
– Arif Əsədov unudulacağından qorxmur ki?
– Mənə elə gəlir ki, bu gün bizdə futbol adamlarına yanaşma mexanizmi yoxdur.
– Hə, qayıdaq bayaqkı sualımıza…
– Məşqçi kimi də uğurlarım var. Belə ki, 2006-cı ildə U-19 məhz mənim rəhbərliyim altında mərhələyə adlayıb. “Neftçi”nin həm əvəzedici, həm də əsas heyətini ölkə çempionu etmişəm… Hə, onu da deyim ki, Arif Əsədov həm də futbolçu və məşqçi kimi Azərbaycan çempionu olan yeganə şəxsdir. “Neftçi”nin heyətində oyunçu kimi 3 dəfə çempion olmuşam, iki dəfə Azərbaycan Kubokunu, 1 dəfə isə Superkuboku əldə etmişəm.

“Sən demə, onun könlünə
“Neftçi” düşübmüş”
– Sabiq komandanızın çıxışı barədə nə deyə bilərsiniz? Sizdən sonra “Neftçi” Samir Əliyevi də yola saldı. Hazırda həmin postda Əsgər Abdullayevdir. Elə bil ki, bu klubda baş məşqçi postu, əgər belə demək mümkünsə, çox “sürüşkəndir”.
– Unutmayın ki, “Neftçi” ölkəmizin top komandasıdır. Həmişə də “flaqman” kimi tanınıb. Elə bu səbəbdən bu komandada baş məşqçi kimi çalışmaq asan deyil. Bir də “Neftçi”də hansı strategiyanın həyata keçirilməsindən asılı olmayaraq, nəticə həmişə əsas götürülür. Odur ki “Neftçi”dəki hər baş məşqçi bu yazılmamış qanuna əməl etməyə çalışmalıdır. Əks halda, uğursuzluq onun axırına çıxar.
– Belə hallar məşqçilərin gələcək karyeralarına xələl gətirmir?
– Məsələn, Mourinyonun “Çelsi”də uğurlu ili də oldu, uğursuz ili də… Ötən il onu da istefaya göndərdilər, yəni bu, normal bir haldır.
– Uğur qazanmaq “Neftçi”nin alnına yazılıb?
– Yenə deyirəm, bu komandada həmişə qələbə haqqında fikirləşməlisən. Elə bu səbəbdən komandalarımız arasında ən çox çempion adını qazanan da, kubok əldə edən də “Neftçi”dir. İlk dəfə Avroliqaya çıxan da bu komandadır.
– Böyükağa müəllimlə münasibətləriniz necə olub?
– Yaxşı, amma etiraf edim ki, bir məsələdə ondan incimişdim. Mənim rəhbərlik etdiyim “Neftçi” Zaqrebin “Dinamo”suna uduzandan sonra demişdi ki, bəs istefa vermək kişilik əlamətidir. Bu sözlər mənə pis təsir etmişdi (Sonradan analiz aparanda bütün günahları məndə gördü). Sən demə, onun könlünə “Neftçi” düşübmüş.
– Sadıq müəllimlə bəs?… Amma etiraf edək ki, onun gedişindən sonra “Neftçi” sanki çökdü?
– Deməzdim çökdü. “Neftçi”də həmişə nəsildəyişmə prosesi gedib. Bəzən komandaya bu proseslərin mənfi təsir də olur. İnanıram ki, rəhbərlik zamanla komandanı qaldıra bilcək. Amma Sadıq müəllimin uğurlarını danmaq olmaz. Hətta o, “Neftçi”yə ən çox uğur qazandıran prezident kimi tarixə düşüb.
– Hərdən veteran futbolçularla oturub “Neftçi” barədə fikir mübadiləsi aparırsınız?
– Biz hər həftədə iki gün “Neftçi”nin köhnə bazasında bir araya gələrək futbol oynayırıq. Hər oyundan sonra çay süfrəsi arxasında bununla bağlı müəyyən müzakirələr aparırıq. Yeri gəlmişkən, orada yaratdığı şəraitə görə bazanın rəhbəri Oqtay Abdullayevə təşəkkürümü bildirirəm.
– Hərdən “Kaş bunu etməyəydim…” fikri beyninizdə dolaşırmı?
– Düşünürəm ki, 2011-ci ildə kaş Çempionlar Liqasının seçmə turu çərçivəsində keçirilmiş Zaqrebin “Dinamo”su ilə oyundan sonra istefa verməyəydim (Burada onlarla 0:0 oynadıq, orada isə 0:3 uduzduq). Halbuki bu oyundan sonra Sadıq müəllim istefamı qəbul etmirdi. Eləcə də Tahir Süleymanov mənim getməyimi istəmirdi. Mən israr etdim. Çünki cavanlığımdanmı, çılğınlığımdanmı bu məğlubiyyəti həzm edə bilmirdim. Onu da deyim ki, onda “Neftçi” 6 il idi ki, çempion olmurdu. Məhz mənim rəhbərliyim altında bu həsrətə son qoyulmuşdu. Və o zaman heç kəs də demirdi ki, “Neftçi” mütləq qrupa düşməlidir. Amma bizim bu uğursuzluğumuz geniş rezonans doğurdu. Amma sonrakı proseslər göstərdi ki, mən öz istefamla səhv bir addım atmışam.
– Arifə həmişə bir işarə bəs edib?
– Bəli… Şair demişkən, mən arifəm, işarədən qananam. Son olayla bağlı yenə deyirəm, həmin oyuna qədər mənə bir işarə olsaydı, könüllü şəkildə istefa verib, gedərdim.
– Siz Bakının “Dinamo”sunda, Ağdamın “Qarabağ”ında, Gəncənin “Gəncə”sində də çıxış etmisiniz. Amma hiss edirəm ki, “Neftçi” sizə daha doğma olub. Doğmadan aldığınız bu zərbə sizi sarsıtmadı ki?
– Yenə deyirəm: sözün düzü, doğmamdan belə addım gözləməzdim. Buna rəğmən, “Neftçi” yenə də mənə doğmadır. Yeri gəlmişkən, 15 yaşımdan “Neftçi”nin əvəzedicisində çıxış etmişəm. Və mən 16 yaşımda əsas ştata daxil edilmişəm. 17 yaşımdan “Neftçi”nin əsas heyətinə qəbul olunmuşam. Bu komandanınn heyətində müdafiəçi kimi 150-dən çox oyunda meydana çıxmışam və 3 qola imza atmışam. Yenə deyirəm, 3 dəfə futbolçu kimi Azərbaycan çempionu olmuşam. 2 dəfə kuboka sahib çıxmışam, 1 dəfə superkuboka yiyələnmişəm.
Məşqçi kimi isə əvəzedici komandaya çempionluq yaşatmışam. 6 illik həsrətdən sonra bu komandaya çempionluq bəxş etmişəm. “İlin məşqçisi” adına layiq görülmüşəm. Avroliqaya komanda çıxarmışam… Amma mənə elə gəlir ki, nə vaxtsa yenidən “Neftçi”yə qayıdacağam. Arzum da elə məşqçi kimi karyeramı o komandada başa vurmaqdır (Futbolçu karyeramı “Gəncə”də bitirmişəm). Yeri gəlmişkən, son vida matçım Bakıda “Neftçi” ilə oyunda olub (O zaman “Neftçi”nin prezdenti Rövnəq Abdullayev idi). Onu da vurğulayım ki, ölkəmizdə ilk dəfə vida matçı mənim üçün təşkil olunub.
– “Neftçi”yə qayıtmaq inamı sizdə haradandır?
– Mən bu komandada heç zaman pis işlər görməmişəm.
– Maşaallah, kifayət qədər ilklərə imza atmsınız… Bəlkə sizə qarşı qısqanclıq var?
– Hiss etməmişəm.

“Problem həm futbolumuzda var, həm də futbolçularımızda”
– Əhməd Ələsgərov, Valeri Qazzayev və digər məşqçilərin rəhbərlikləri altında çıxış etmisiniz. Onlar yaddaşınıza necə həkk olunublar?
– Əhməd müəllim psixoloq, Valeri Qazzayev nəticəyə ciddi fikir verən, həm də çox tələbkar, Hacı Hacıyev (“ Anji”nin baş məşqçisi) təmkinli, taktiki baxımdan savadlı, rəqibi yaxşı oxuyan, İqnatenko (“Tümen”) daha humanist məşqçi kimi yadımda qalıb. Yeri gəlmişkən, mənim İqnatenko ilə münasibətlərim yaxşı olub. Hətta oyunda kapitanlığı da mənə həvalə edərdi.
– Şahin Düniyevlə də birgə çalışmısınız…
– İlk dəfə məşqçiliyə Şahin müəllimin yanında başlamışam, yəni bu sahənin sirlərini ondan öyrənmişəm. Onu da deyim ki, Şahin müəllim çox səmimi, savadlı, obyektiv bir şəxsdir.
– Kənardan sakit təbiətli adam təsiri bağışlayırsınız. Amma meydanda…
– Mən istər futbolçu, istərsə də məşqçi kimi meydanda olanda tamam başqa Arif Əsədov oluram. Yəni 90 dəqiqə sakit ola bilmirəm. İnandıram sizi, elə oyun olub ki, göz yaşlarıma hakim ola bilməmişəm.
– Məğlubiyyəti həzm edə bilməyənlərdənsiniz?
– Uduzmağı bacarmışam, amma içimdə əzab çəkmişəm. Amma məşqçi olanda daha çox üzülmüşəm. Bu da oyunçuların verilən tapşırıqları yerinə yetirə bilməmələrindən irəli gəlib.
– Yəqin ki buna görə hərdən futbolçulara öz iradlarınızı bildirmisiniz?
– Mən oyunçunun səhvini oyundan sonra, yəni isti-isti onun özünə deyirəm. Heç zaman da belə söhbətləri sonraya saxlamıram.
– Devalvasiya klublarımıza necə təsir edir və edəcək?
– Bəli, bu artıq komandalarımızda özünü göstərir. Artıq bəzi klublarımız təlim-məşq toplanışlarını xarici ölkələrdə keçirmirlər, transferlər zəifləyib. Nələr gözlənilir? Bəzi klublarımız dağıla bilər. Çox arzu edərdim ki, “Xəzər Lənkəran”, “Rəvan” da “İmişli” kimi tarixin arxivinə qovuşmasın. Bu prosesdən bizim komandalar üzüağ çıxmağı bacarmalıdır.
– Arif müəllim, bu gün Azərbaycan futbolunda problemlər yaşanır, yoxsa futbolçusunda?
– Ümumi götürsək, problem həm futbolumuzda var, həm də futbolçularımızda… Məsələn, futbolumuzun inkişafı ilə bağlı 10 illik proqram ötən il başa çatdı. Amma nə yazıq ki, bizim uşaq futbolunda bir irəliləyiş olmadı. Doğrudur, uşaq futbolundan çıxanlar var, amma onların sayı azdır. İkincisi, doğrudur, klublarımız Avropa meydanlarına çıxa bildi, o da legionerlərin sayəsində… Amma mənə elə gəlir ki, bizim futbolçularımızın məsuliyyəti kifayət qədər deyil. Bu gün sanki futbolçularımız aristokrat təsiri bağışlayırlar.
– Bəs əvvələr futbolçularımız necə idilər?
– Əvvəllər futbolçularımız meydanlarda, sözün həqiqi mənasında, can-başla oynayardılar. O vaxt hamı “Neftçi”yə düşməyə can atardı. “Neftçi”nin oyunçularını hər kəs tanıyardı, onlara sayğı ilə yanaşardılar (”Neftçi”də oynamayan futbolçu yarımçıq sayılardı). Futbolçular da meydanda can qoyardılar. Çünki hər kəs yaxşı dərk edirdi ki, onun pis oyunu sabah təkcə özü üçün yox, qohum-əqrəbası, dost-tanışı üçün qınağa çevrilər.
– Gənclərlə çalışmısınız… Onlar futbolumuzun sabahına nəsə ərmağan edə biləcəklər?
– Talantlı, perspektivli futbolçularımız olur. Amma müəyyən mərhələdən sonra onlarda elə bil ulduz xəstəliyi baş qaldırır. Pul, ev, maşın fikirləşib yerlərində sayırlar. Futbolçu qarşısına məqsəd qoymalıdır. Mənə görə bu, hər şeydən əvvəl, onların düzgün istiqamətləndirilməmələrindən irəli gəlir. Seçimdən də çox şey asılıdır. Yeri gəlmişkən, U-19-da, (mən iki dəfə bu komandada çalışmışam) U-21-də də bu gün yaxşı futbolçular var.

“Ya nərd atıram,
ya da domino vururam”
– İndi də keçək çaparaq suallara… Ən çox nədən qorxursunuz?
– Haqqımda kiminsə piş şeylər düşünməyindən.
– Ən yaxın dostunuz?
– Şahin Diniyev…
– Eşitdiyimə görə, o həm də qohumunuzdur?
– Ailəvi dostuq.
– Nazim Süleymanon sizin üçün kimdir?
– O da Sumqayıtdandır, mən də. Nazimlə bir məhəllədə böyümüşəm. “Spartak”da bir yerdə çıxış etmişəm.
– Onu təəccübləndirə bilmisiniz?
– Nazimin mənim Vladiqafqazın “Spartak”ına dəvətimdən xəbəri yox idi. O məni Vladiqafqazda görəndə elə təəccübləndi ki, indi də onun təəccüb dolu simasını unuda bilmirəm.
– Məşqçi kimi ən yadda qalan oyununuz…
– Ölkə çempionu adına layiq görüldüyümüz ildəki oyun. Onda biz mövsümün başa çatmasına 3 oyun qalmış çempionluğu təmin etmişdik.
– Saçınızı meydanlarda ağartmısınız?
– Yox, bu, irsidir.
– Legioner olmaq çətindir?
– Bu məsələdə birinci istək olmalıdır, ikinci də məqsəd… Bir sözlə, əsil futbolçu xarakterin varsa, çətin deyil.
– Millimizin baş məşqçisi Robert Prosineçki barədə nə deyə bilərsiniz?
– Bu il onun nələrə qadir olduğu aydın görünəcək.
– Hirslənəndə hara üz tutursunuz?
– Dəniz kənarına çıxıram, ya da bağa gedirəm.
– Ən çox hansı müğənniyə qulaq asırsınız?
– Ağadadaş Ağayevin mahnılarına.
– Hansı mahnını zümzümə edirsiniz?
– “Sarı gəlin”i…
– Hansı komandaya azarkeşlik edirsiniz?
– “Barselona”ya… Öz komandarlarımızın hamısına, amma “Neftçi”yə xüsusi simpatiyam var..
– Bəs hansı oyunçuya simpatiyanız var?
– Neymara… Bir də hazırda “Kəpəz”də oynayan Namiq Ələsgərova… Cavid İmamverdiyevin oyunu da mənim üçün maraqlıdır. Onların yetişməyində əməyim olub.
– Asudə vaxtınızda nə işlə məşğul olursunuz?
– Şahin müəllimlə ya nərd atıram, ya da domino vururam.
– Stolüstü oyunlarda məğlub olanda sarsılırsınız?
– Ümumiyyətlə, məğlubiyyəti sevmirəm.
– Hazırda hansı kitabı oxuyursunuz?
– Futbolla bağlı yenilikləri izləyirəm.
– Sabiq komandanızla münasibətləriniz necədir?
– Bu gün də mənim Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə, eləcə də komandanın digər üzvləri ilə əlaqələrim var. Hətta bu yaxınlarda onlar mənim oğlumun toyunda da iştirak ediblər.
– Dövlətdə dəvə övladda nəvə…
– Bir nəvəm var, adı da Məryəm. Onunla oynayıram. O mənə hər şeyi unutdurur. Hərdən deyirəm, nə yaxşı ki sən varsan, yoxsa işsizlik məni əldən salardı.
– Valideynlərinizin hansı sözünü sırğa etmisiniz?
– Atam tikinti sahəsində çalışıb. O həmişə bizə halalığa sövq edərdi.
– Sumqayıt gənclik şəhəridir. Qocalmayıb hələ?..
– Yox, çünki bu gün də ora cavanların axını çoxdur.
– Sevdiyinizi top dalınca qaça-qaça tapmısınız?
– Yox, bunun futbola əsla dəxli yoxdur. Biz bir məhəllədə böyümüşük, bir məktəbdə oxumuşuq.
– Bəlkə o sizə azarkeşlik edib…
– Hə, ilk azarkeşlərimdən biri elə o olub.
– Uduzanda onu acılamısınız?
– Olub…
– Nə vaxtsa xatirələrinizi yazmaq fikriniz var?
– Bu haqda düşünmək olar…
– Hansı illəri tarixinizdən silərdiniz?
– “Neftçi” “Şəmkir”lə oynayan ili… (Səhv etmirəmsə, 2001-ci il idi) Sumqayıtda küləkli havada keçirilən həmin oyunda öz qapımıza qol vurmuşdum: oyunun ikinci on dəqiqəsində Vidadi Rzayevin asmasından sonra top mənə dəyərək qapıdan keçdi. Oyun da elə bu hesabla başa çatdı.
– Özünüzə hansı xasiyyətinizə görə sarı kart göstərərdiniz?
– Səbirsiliyimə görə. Özü də sarı yox e… qırmızı.
– Bəlkə övladlarınızdan da söz açasınız?
– 3 oğulum var. Onlardan ikisi (Fuad və Cavid) evlidir. Hər ikisi də idman aləmindədirlər – biri məşqçi, o biri isə “Neftçi”nin mətbuat xidmətindədir. 12 yaşlı Gülağa (ona atamın adını vermişik) isə hazırda futbolla məşğul olur. Ümid edirəm ki, o, əsl futbolçu olacaq.

Qvami Məhəbbətoğlu