Pele-Maradona müqayisəsi

0
731

Müasir futbolda hamı iki futbolçunu müqayisə edir: Lionel Messi ilə Kriştianu Ronaldonu. Ancaq keçmişdə bu müqayisə Pele və Dieqo Maradona arasında gedirdi. Düzdür, Pele argentinalıdan yaşca xeyli böyükdür və ondan əvvəlki dövrdə oynayıb. Buna baxmayaraq, “dünyanın ən güclü futbolçusu kimdir?” sualı səslənəndə hamı ya Pele, ya da Maradona deyir. Məlumdur ki, bu iki “futbol kralı” bir-birlərinə qarşı o qədər də mehriban deyillər. Bir-birlərinin bostanına tez-tez daş atan əfsanəvi futbolçular mətbuat üçün maraqlı açıqlamalar səsləndirirlər. Pele – Maradona müqayisəsi geniş sferada gedir və buna hətta bir neçə ölkə prezidenti də qoşulub.

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan Pelenin pərəstişkarı olub. Onun sözlərindən bunu hiss etmək mümkündür: “Mən Ronald Reyqanam. ABŞ-ın prezidenti. Özümü təqdim etməyə ehtiyac var. Çünki məni tanımaya bilərlər. Amma onun təqdimata ehtiyacı yoxdur. Peleni hamı tanıyır”.

UEFA-nın prezidenti, öz dövrünün güclü futbolçularından olan Mişel Platini isə üstünlüyü Maradonaya verir: “Maradona məndən də, Zidandan da dahi futbolçudur. Çünki bizim topla etdiyimizi o portağalla da edə bilir”.

Braziliyalının tərəfdarlarının fikrincə, bütün futbolçular bir yana, Pelenin futboldakı yeri bambaşqadır. İstisna edilmir ki, Maradonanın ötürmə vermək qabiliyyəti Peledən yaxşı olub və ya Yohan Kroyff daha sürətli idi. Meydançada uzun müddət və alternativsiz şahlıq edən Pelenin davamçıları ən yaxşı halda Braziliya Futbol Federasiyasının prezidenti seçiliblər. Braziliyalı yeni oyun obrazı yaratdı və 15 il ərzində həmin dövrün futbolçuları üçün əlçatmaz ideala çevrildi. Ondan sonra gələn yeni nəslin dahi futbolçuları Pele ilə rəqabət aparmaqdan daha çox, onun boş qoyduğu “Futbol kralı” taxtına oturmaq uğrunda mübarizə aparırdılar. Halbuki “Futbol kralı” titulu çoxdan onun adı ilə möhürlənmişdi.

 

10 nömrəli formanın

qiymətini qaldıran

DÇ-1934-də iştirak etmiş braziliyalı Valdemar de Britonun adını çox az adam xatırlayır. Məhz o, Peleni 1965-ci ildə “Santos” klubuna qazandırıb. İki ildən sonra 17 yaşlı hücumçu dünyanın ən güclüsü olmaq üçün İsveçə yollandı və qrup mərhələsinin üçüncü oyununda SSRİ yığmasına qarşı debüt etdi. 1/4 finalda Uelslə matçda yığmanın əsas heyətinə düşən Pele oyunda vurulan yeganə qolun müəllifi oldu. İndiki futbol şərhçilərinin dili ilə desək, bu hesab onun adına yazılıb. 10 nömrəli forma əvvəl də onun sahibinin hücum xəttinin lideri olduğunu bildirirdi, lakin Pelenin sayəsində 10 nömrə özünün əsl mahiyyətinə qovuşdu. Yəni bu nömrə konkret futbolçunun adı ilə bağlı oldu.

1970-ci ildə dünya bəlkə də futbol tarixinin ən güclü Braziliya yığmasının oyununun şahidi oldu. Mundialın startından əvvəl Pelenin iştirakı sual altında idi. Səbəb isə DÇ-1966-dan sonra onun yığmada oynamaqdan imtina etməsi idi. Lakin fikrini dəyişən Pele 29 yaşında Meksika mundialına yollandı. Turnir ərzində hücumçuların arxasında oynayan Pele 6 oyunda 4 qola imza atdı və 5 məhsuldar ötürmə verdi. Bundan başqa o, İngiltərənin qapıçısı Qordon Benksin tarixə düşməsinin səbəbkarı oldu. Belə ki, Benks Pelenin baş zərbəsini qapı xəttindən çıxararaq, futbol tarixinin ən effektli “seyv”ini gerçəkləşdirdi. Peledən başqa heyətində Rivelinyo, Jairzinyo, Tostao, Karlos Alberto Torres kimi dünya ulduzlarının oynadığı Braziliya millisi finala çıxdı və çox da güc sərf etmədən qalib oldu. Bununla da Braziliya həmişəlik olaraq Jules Rimetin kubokunu muzeyinə apardı. Pele indiyə kimi də üçqat dünya çempionu tituluna sahib yeganə futbolçudur.

 

O, futbolkasını niyə satdı?

Ötən əsrin ən yaxşı futbolçusu, əfsanəvi Pelenin Braziliya yığmasının qələbəsi ilə başa çatan 1970-ci il dünya çempionatında geydiyi futbolka Kristi hərracında 220 min ABŞ dollarına satılıb. Futbolkanın bu qiymətə satılması hətta “futbol kralı”nın özünü də heyrətə gətirmişdi. Çünki bir neçə gün əvvəl qiymətli əşyanın ən yaxşı halda 70 min dollara satılacağı bildirilirdi. Xatırladaq ki, formanın, həqiqətən də, Peleyə məxsus olması haqda müəmmalı fikirlər bugünədək səslənməkdədir. 1970-ci ildə Braziliya millisinə başçılıq etmiş Mario Zaqalo bildirib ki, Pelenin həmin final matçının birinci hissəsində geydiyi futbol köynəyi onun evində qorunur. Futbolçunun görüşün ikinci hissəsində geydiyi futbolka isə guya, komandanın fiziki hazırlıq üzrə məşqçisi Admildo Çirola nəsib olub. Pelenin özü isə formasını kimə verdiyini dəqiq xatırlamır. Hərracın rəhbərliyi isə köynəyi oyundan sonra Pele ilə paltar mübadiləsi etmiş italiyalı Roberto Rosatodan aldıqlarını söyləyib.

 

Maradona, Maradona !!!

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Onun futbol həyatı 10 yaşında Qoyo Karrizo adlı dostu vasitəsilə o vaxtlar “Los Kebollitas” komandasının baş məşqçisi olmuş Fransis Korneyo ilə tanış olmasından sonra başlanıb. “Los Kobollitas” onun çıxış etdiyi müddətdə 136 oyunun heç birində uduzmayıb. 1976-cı ildə “Argentinos Xuniors” klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb. O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 12 milyon dollara İspaniya “Barselona”sına transfer olunub. İki il sonra İtaliya “Napoli”sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əllə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu “tanrının əli” vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya “Sevilya”sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyinib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb. Cəzalı olduğu müddətdə o, vətənində “Deportivo Mandiyu” və “Rasinq” klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə “Boka Xuniors”a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. Ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

 

“Mən Peledən yaxşı

futbolçu olmuşam”

Amma dünya Maradonanın sözlərini ciddi qəbul etmir. Dieqo Maradonanın “Mən Peledən yaxşı futbolçu olmuşam. Argentina yığması isə Braziliya komandasından güclü olub” sözlərinə Pele öz münasibətini bildirib. Pele heyətində çıxış etdiyi Braziliya millisinin Argentina da daxil olmaqla, bir çox rəqiblərə qalib gəldiyini bildirib. “Futbol kralı” həmçinin Maradonanın sözlərini heç vaxt ciddi qəbul etmədiyini də qeyd edib.

 

Maradona da

sırğasını satışa çıxardı

İtaliyada keçirilən hərracda tanınmış Dieqo Maradonanın sırğası 36 min dollara satıldı. Amma Maradonanın özünə bu puldan heç nə çatmadı. Pulların hamısını İtaliya rəsmiləri ulduz futbolçunun ödənməmiş qalan vergi borclarının silinməsinə ayırdılar. Qeyd edək ki, brilliant sırğa İtaliya rəsmiləri tərəfindən Maradona bu ölkəyə gələndə müsadirə edilmişdi. Müsadirənin səbəbi Maradonanın İtaliya hökumətinə yığılıb qalmış 52 milyon dollar borcuyla bağlı idi. Həmin borc onun 1980-1990 cı illərdə “Napoli”də oynaması dövründə əmələ gəlmişdi. Bu ilk dəfə deyildi ki, Maradonanın şəxsi əşyaları ondan müsadirə edilirdi. Əfsanəvi futbolçunun Neapola başqa səfərində isə polis onun “rolex” saatını qolundan çıxarmışdı. Lakin polis onu həbs edə bilmir, çünki İtaliya qanunlarına görə, Maradonanın vergidən yayınmasıyla bağlı maddənin qüvvədə qalması müddəti artıq çıxıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here