“Paytaxtdan bölgələrə” layihəsinin ilk tədbiri Şamaxıda keçirilib

680
????????????????????????????????????

Mədəniyyət və Turizm Nazirliyi “Paytaxtdan bölgələrə” adlı yeni layihənin icrasına başlayır. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, bölgələrdə paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan sənət incilərinin nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etməkdir.

Layihə çərçivəsində ilk tədbir oktyabrın 29-da 2015-ci ildə “Azərbaycanın Ədəbiyyat Paytaxtı” elan edilmiş Şamaxı şəhərində keçirildi. Rayon Mədəniyyət sarayında “Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri” adlı sərgi təqdim olundu.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd etdi ki, son illər bölgələrimizin mədəni mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika, beynəlxalq səviyyəli festivallar keçirilir, ayrı-ayrı şəhər və rayonlar müxtəlif meyarlara görə mədəniyyət paytaxtları seçilir. Artıq bir neçə aydır ki, Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” layihəsi həyata keçirilir. Yeni layihə isə paytaxtımızdakı mədəniyyət və incəsənət irsini bölgələrdə təqdim etmək məqsədi daşıyır.
Sərginin əhəmiyyətinə toxunan nazir “Paytaxtdan bölgələrə” layihəsinin də davamlı olaraq ölkəmizin müxtəlif regionlarında keçiriləcəyini vurğuladı.
Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli çıxış edərək tədbirin əhəmiyyətini yüksək qiymətləndirdilər. Belə sərginin böyük ədiblər yetişdirmiş Şamaxı şəhərində keçirilməsinin təqdirəlayiq olduğu vurğulandı.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə görkəmli rəssamlar Səttar Bəhlulzadə, Tahir Salahov, Nəcəfqulu, Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçıları Nizami, Xaqani, Füzuli, Nəsimi, Molla Pənah Vaqif, Mirzə Fətəli, Mirzə Şəfi, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunurdu.