Paytaxt attraksionları nə qədər təhlükəsizdir?

0
362
Həm paytaxt sakinlərinin, həm də qonaqların ən sevimli istirahət yerlərindən biri, heç şübhəsiz, dənizkənarı milli parkdır. Bəziləri gəzmək üçün, bəziləri kitab oxumaq üçün, bəziləri də sadəcə, Xəzər dənizinin sahilə çırpılan dalğalarının səsini eşitmək üçün bulvara üz tutur. Bulvar uşaqların da ən sevimli parklarındandır. Nəinki uşaqların, hətta gənclər bulvarda fəaliyyət göstərən attraksionların daimi müştəriləridir. Bəs həmin bu əyləncə qurğularında təhlükəsəzlik qaydalarına necə əməl olunur?
 

Bu yaxınlarda Türkiyədə fəaliyyət göstərən attraksionların birində balaca uşaq təhlükəsizlik qaydalarına riayət olunmaması nəticəsində həyatını itirib. Biz də paytaxtdakı attraksionların təhlükəsizlik qaydalarına nə dərəcədə riayət olunduğunu araşdırmaq qərarına gəldik. Bu məqsədlə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovla əlaqə saxladıq.

 

“Attraksiondakı yoxlanışlar aktlaşdırılır”

Nazim Məcidovun sözlərinə görə, bulvardakı attraksionların təhlükəsizlik qaydalarına 3 formada nəzarət edilir: “Birincisi, sahibkarın özünün xüsusi işçisi var ki, hər gün qurğuya nəzarət edir, ikinci, Bulvar İdarəsinin milli park müəssisəsinin bir mühəndisi həmin attraksionlara baxış keçirir.  Üçüncüsü də, Fövqəladə Hallar Nazirliyinin (FHN) bu cür qurğulara nəzarət üçün xüsusi idarəsi var. FHN vaxtaşırı rüblüklərdə, tez-tez yoxlamalar aparır. Yoxlamalardan keçən qurğuların üzərinə xüsusi sertifikat yapışdırılır. Attraksiondakı sonuncu və növbəti yoxlanış vaxtı rəsmi jurnalda və ya kitabda sənədləşdirilir və  aktlaşdırılır”.

N.Məcidov qeyd etdi ki, bulvar paytaxt sakinlərinin ən çox ziyarət etdikləri park olduğu üçün buradakı təhlükəsizlik qaydalarına xüsusi önəm verilir: “Təbii ki, heç kim bədbəxt hadisələrdən sığortalanmayıb. Belə hadisələr hər yerdə o cümlədən parklarda da ola bilər. Amma buna baxmayaraq, bütün attraksionlara gündəlik tam ciddi nəzarət tətbiq olunur. Onu da bildirmək istəyirəm ki, 2008-ci il də yaranan yeni Bulvar İdarəsi köhnə attraksionların hamısını bulvar ərazisindən çıxarıb. İstifadə olunan attraksionların əksəriyyəti Avropada istehsal olunub və zəmanətlə alınıb”.

 

“Son 6 ildə heç bir xoşagəlməz

hadisə baş verməyib”

Rəis müavini bildirdi ki, son 6 ildə Milli Parkda heç bir xoşagəlməz hadisə baş verməyib. N. Məcidovun sözlərinə görə, attraksionların bir-birinə yaxın yerləşməsi onlara nəzarəti asanlaşdırır: “Yeni bulvarda bir yeni atraksion var, “Panoram” attraksionu. Köhnə bulvarın orta hissəsində Kukla teatrından saat qülləsinə qədər olan hissədə isə 4-5 atraksion mövcuddur. Qalan 40-a yaxın attraksion isə Dəniz Vağzalının yaxınlığında cəmləşib. Bizim mühəndisimiz maksimum 1 saat ərzində bütün attraksionlara baxış keçirə bilir”. N. Məcidov attraksiona minməmişdən qabaq valideynlərə xəbərdarlıq edildiyini də vurğuladı: “Ümumi bir qayda yoxdur ki, bütün attraksionlara tətbiq edəsən. Hər attraksionun özünün istifadə qaydaları var.  Valideyn bilet alanda ona başa salınır ki, uşaq buna tək minə bilər, yoxsa yox”.

Nazim Məcidovun sözlərinə görə, Bakı Bulvarında elektrik kəsintisi çox nadir hallarda baş verir ki, bu da 3-5 dəqiqə olur: “Bulvarın bütün elektrik xətləri 2008-ci ildə yenilənib, park qırılmayan kabellərlə təchiz olunub. 24 saat növbətiliklə işləyən elektriklərimiz var. Əgər elektrik enerjisinin verilişində kəsinti olarsa, bu zaman mövcud təhlükəsiz təxliyyə qaydaları tətbiq olunur. Bizim əməkdaşlar qurğulardan uşaqları təhlükəsizliyə riayət edərək yerə edirirlər”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here