Paşinyan populizmdən əl çəksə…

0
343

“Növbədənkənar parlament seçkilərindən və Nikol Paşinyanın baş nazir təyin edilməsindən sonra Ermənistanda siyasi ehtiraslar xeyli azalıb. Bunu tufanqabağı sakitlik də adlandırmaq olar. Həmin sakitliyin pozulacağı labüddür. Fikrimcə, Ermənistanda hakimiyyətdə olan Respublikaçılar Partiyası və parlamentdə təmsil edilən digər siyasi partiyalar tərəfindən bu sakitliyin pozulması ehtimalı olduqca azdır. Çünki Respublikaçılar Partiyası əvvəlki siyasi və iqtisadi gücünü, demək olar ki, böyük ölçüdə itirib. “Daşnaksütyun” və “Çiçəklənən Ermənistan” partiyalarının isə Nikol Paşinyan hökumətinə qarşı hər hansı bir şəkildə ümumxalq etirazının önündə getmək ehtimalı çox azdır. Amma siyasətdə qəti ifadələrlə anonslar vermək doğru deyil. Odur ki, nələrin baş verəcəyi Nikol Paşinyanın uğurlu və yaxud uğursuz fəaliyyətindən asılı olacaq”.

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında siyasi elmlər doktoru, ekspert Hatəm Cabbarlı söylədi.

Bildirdi ki, Nikol Paşinyan artıq səkkiz aydır Ermənistanı idarə edir: “Amma o, bu müddətdə ölkənin qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlərin həllində hələ heç bir ciddi nəticə əldə etməyib. Hətta iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı bir strateji plan irəli sürməyib. Nikol Paşinyan yalnız dar çərçivədə struktur islahatlarla kifayətlənib. Belə ki, nazirliklərin sayını 15-dən 12-yə endirib. Struktur islahatları ilə isə hər hansı bir ölkənin sosial-iqtisadi problemlərinin həlli mümkün deyil”.

Ekspertin fikrincə, hakimiyyətə gələrkən sadə xalqa verdiyi vədləri yerinə yetirməkdə çətinlik çəkən Nikol Paşinyanın əvvəlki reytinqi xeyli aşağı düşüb: “Buna rəğmən, Ermənistanın baş naziri müxtəlif vəsitələrlə, o cümlədən sosial şəbəkələrlə gündəmdə qalmağa və reytinqını qorumağa çalışır. Yeri gəlmişkən, postsovet ölkələrində sosial şəbəkələrdən ən çox istifadə edən elə Nikol Paşinyandır. Amma şəbəkələrdə də o, hələlik hökumətin fəaliyyət strategiyası haqqında heç bir ciddi məlumat verməyib. Onun virtual məkanlardakı işi yalnız öz siyasi rəqiblərinə və müxtəlif ittihamlara cavablar vermək və populist şüarlar səsləndirməkdir”.

Ekspert, həmçinin qeyd edib ki, həll edilməyən bir problem də Dağlıq Qarabağla bağlıdır: “Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə bu problemin həlli istiqamətində neqativ fikirlər səsləndirsə də, son zamanlar daha təmkinli bəyanatlar verməyə başlayıb. Şübhəsiz, bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət önəmli rol oynayıb.

Nikol Paşinyan artıq bütün səlahiyyətlərə sahib baş nazirdir. Dağlıq Qarabağ münaqişəsinin həlli sələfləri kimi, onun da qarşısında ciddi bir problemdir. Bunu özü də bilir və mümkün çərçivədə problemin həll edilməsinə təşəbbüs göstərə bilər.

Qeyd edək ki, Azərbaycan və Ermənistan rəhbərləri bu günlərdə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi görüş keçiriblər. Bu görüşü politoloqlar Düşənbə və Sankt-Peterburqda MDB Zirvə toplantısı çərçivəsində baş tutmuş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirirlər.

Məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib. Şübhəsiz, bütün beynəlxalq tribunalarda Dağlıq Qarabağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu, Ermənistanın işğal altında olan torpaqları dərhal azad etməsini bəyan edən Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mövqeyi konkret şəkildə Paşinyana bir daha çatdırılıb. Əgər Nikol Paşinyan məntiqi siyasət həyata keçirmək iradəsi nümayiş etdirə bilsə, bu görüş növbəti konstruktiv görüşlərə də zəmin ola bilər. Digər tərəfdən, bu görüş həm də Ermənistanın dirçəlməsinə də öz töhfəsini vermiş olar”.

Qvami Məhəbbətoğlu, “İki sahil”