Paşinyan müxalifəti zərərsizləşdirməkdə davam edir

İkinci Qarabağ müharibəsinin Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatması nəticəsində işğalçı Ermənistan tarixinin ən ağır, həm də rüsvayçı günlərini yaşayır. Belə ki, hazırda bu ölkədə siyasi qarşıdurmalar daha geniş vüsət alıb. Siyasi böhran şəraitində daha da ağırlaşan iqtisadi vəziyyət həm də Ermənistanda əhalinin yaşayış səviyyəsini sürətlə pisləşdirib. Ölkənin rəhbəri hansısa bir tədbiri görməyi belə düşünmür, yaxud da görməyə çətinlik çəkir. Baş nazir Nikol Paşinyanın başı öz kreslosunu qoruyub saxlamağa o qədər qarışıb ki, o, bu kimi məsələlərə heç vaxt da ayıra bilmir.  İnsafən, Nikol Paşinyan öz krelosu uğrunda mübarizədə uğurlara da imza atmağı bacarıb.

Belə ki, hərbi çevrilişin qarşısını almağı bacaran Ermənistanın baş naziri Nikol Paşinyan “Vətənin xilası hərəkatı”nın təzyiqlərinə baxmayaraq parlamentdə fraksiyaya sahib olan “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarını öz tərəfinə çəkməyə nail olub. Üstəlik, onlarla növbədənkənar parlament seçkilərinin keçirilməsini də razılaşdırıb. Hətta Nikol Paşinyan “Facebook səhifəsində növbədənkənar parlament seçkilərinin iyunun 20-də təşkil olunacağını bildirib. Halbuki müxalifət Nikol Paşinyansız seçki keçirmək niyyətində idi. Şübhəsiz, bütün bunları Nikol Paşinyanın uğurlu siyasi gedişləri kimi dəyərləndirmək olar.

Amma işğalçı ölkədə yenə də onun bu seçiminə qarşı çıxanlar var. Onlar öz fikirlərini növbədənkənar seçki elan edilməsinin yalnız işğalçı ölkənin prezidentinin səlahiyyətlərinə daxil olması ilə əsaslandırmağa çalışırlar. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan isə konkret olaraq bildirib ki, mən erməni dövlətçiliyini qoruyan səngəri heç vaxt tərk etmərəm, buna şübhəniz olmasın. Serj Sarkisyanın belə “canfəşanlığı”, əndişəsi başadüşüləndir. Çünki siyasətçilərin fikrincə, növbədənkənar seçkilər Nikol Paşinyan üçün yeni qüvvə və imtiyazlar demək olacaq. Ən əsası isə “Qarabağ klanını”nı darmadağın edərək erməniləri Robert Köçaryan – Serj Sarkisyan zülmündən xilas edəcək. Vazgen Manukyan da seçkilərə qatılmayacağını, üstəlik küçə mübarizəsini davam etdirəcəyini və bu yolla istədiyinə, yəni Paşinyanın istefasına nail olacağını  bildirib. Eyni zamanda Vazgen Manukyan müxalifət qüvvələrinin heç vaxt Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bütün resurslarını istifadə etmədiklərini diqqətə çatdırıb. Bununla da o, Nikol Paşinyana növbəti dəfə necə deyərlər “xox” gəlib.

Amma görünən odur ki, Nikol Paşinyanın hakimiyyətinə qarşı nə qədər təzyiq davam etsə də, o, erkən parlament seçkilərini keçirməkdə və baş nazir kürsüsünü qorumaqda israrlıdır. Onun bu israrlılığı da Vazgen Manukyan, Serj Sarkisyan, Robert Köçəryan kimi “siyasətçilər”in xalq tərəfindən qəbul edilməməsindən irəli gəlir. Bunu həm də erməni xalqının Nikol Paşinyan hakimiyyətinə olan rəğbəti kimi xarakterizə etmək olar. Digər tərəfdən artıq radikal müxalifətdən təşkil olunmuş 17 partiyanın parçalanması göz qabağındadır. Elə Nikol Paşinyanla razılığa gəlmiş “Çiçəklənən Ermənistan” və “Maariflənmiş Ermənistan” partiyalarının artıq Nikol Paşinyanl sövdələşmələr aparmalarını buna misal göstərmək olar. Yeri gəlmişkən, Vazgen Manukyan hərəkat daxilində hakimiyyətlə danışıqlar aparan, onlarla hesablaşan qüvvələrin olduğuna və bu səbəbdən istənilən nəticə əldə edilmədiyini də vurğulayıb. Siyasətçilərin fikrincə, bu parçalanma daha da sürətlənəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”