Paşinyan hələ də anlamaq istəmir ki…

396

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş katib postuna yiyələnə bilməyən Ermənistan Rusiya ilə münasibətlərini korlayaraq özünü çətin vəziyyətdə qoyub. Digər tərəfdən, İrəvanın Qərblə münasibətləri də istədikləri müstəvidə deyil. Amma uğurlu siyasət həyata keçirən Azərbaycanın nəinki Ermənistanın üzv olduğu, həmçinin üzv olmadığı qurumlarda belə mövqeləri daha da möhkəmlənib. Bu mənada Ermənistanın hazırkı duruma düşməsində Prezident İlham Əliyevin bildirdiyi kimi, bizim də payımız var.

İndi işğalçı ölkənin baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan özünün səhvlərini düzəltmək üçün dəridən-qabıqdan çıxır. Bu məqsədlə o, bu günlərdə Rusiyaya səfər etmək və Prezident Vladimir Putinlə görüşmək niyyətindədir. 

Ermənistan mətbuatının yazdığına görə, bu gün Ermənistanda ən çox müzakirə olunan siyasi məsələlər –   Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi postuna Belarus Respublikasının dövlət təhlükəsizlik katibi Stanislav Zasın namizədliyinin irəli sürülməsi, Gömrüdən Rusiya hərbi bazasının çıxarılması, “Qarabağ klanı”nın lideri hesab olunan, Rusiyaya daha çox bağlılığı ilə tanınan Robert Koçaryanın ikinci dəfə həbs olunması, İrəvanın Moskvanın xəbərdarlığını nəzərə almadan ABŞ-la işbirliyini davam etdirmək niyyətindən əl çəkməməsi, həmçinin Rusiya Prezidenti Vladimir Putinin hələ də seçkilərdə “uğur” qazanmış Nikol Paşinyanı təbrik etməməsidir.

Bəzi erməni siyasətçiləri Ermənistan ərazisindəki hərbi bazada erməni qanunlarından daha çox Rusiya qanunlarının işləməsini vurğulayır, Robert Koçaryanla bağlı Xankəndidə, İrəvanda, həmçinin Moskvada keçirilən etiraz aksiyalarının Rusiyadan qaynaqlandığını iddia edirlər. Adını çəkdiyimiz sonuncu məsələni isə nə qədər gülməli olsa da Vladimir Putinin Nikol Paşinyanı gözü götürməməsi, hətta ona həsəd aparması ilə izah etməyə çalışırlar: “Ona görə həsəd aparır ki, Paşinyan belə legitimliyə malikdir”. Bir sözlə, bəzi erməni saytları Ermənistanda baş verən bütün neqativ hadisələri Rusiya ilə əlaqələndərməyə cəhd edir, bütün problemləri bu ölkənin boynuna yıxır, üstəlik Rusiyanın ünvanına ittiham və tənqidlər yağdırırlar. Şübhəsiz, belə açıqlamalar ciddi vədlərlə küçədən hakimiyyətə gəlmiş Nikol Paşinyana hələ də ümidlər bəsləyən sadə erməni xalqını təsir altında saxlamaqdan başqa bir şey deyil. Amma Nikol Paşinyan hələ də anlamaq istəmir ki, Ermənistanın bütün bəlalarının başında Rusiya deyil, ölkəsinin girovuna çevrildiyi siyasət, daha doğrusu, uzun illər davam etdirdiyi işğalçılıq faktoru dayanır.

Bəli, Ermənistan ilə Rusiya arasında hələ ki gizli şəkildə davam edən münaqişə getdikcə dərinləşir. Yeri gəlmişkən, Vladimir Putinin bu yaxınlarda  Kremldə keçirdiyi  mətbuat konfransında Ermənistanla bağlı suala verdiyi cavabdan da bu, açıq-aşkar hiss olunurdu. Üstəlik, Rusiya Baş nazirinin müavini Dmitri Kozak Ermənistana göndərdiyi məktubunda gələn ildən Rusiya qazının işğalçı ölkəyə hər min kubmetrə görə 150 dollar deyil, 215 dollara satılacağını  bildirib. 

Şübhəsiz, bütün bu olaylar Paşinyanın dekabrın 27-də Rusiyaya nəzərdə tutulan səfərində diqqət mərkəzində olacaq. Politoloqlar növbəti Putin-Paşinyan görüşünün digər görüşlərdən daha çox gərgin məqamları ilə seçiləcəyi qənaətindədirlər. Həmin görüşdən Nikol Paşinyanın necə çıxacağı isə elə indidən aydındır. Belə ki, diplomatiyanın adi qanunlarından xəbərsiz olan və bəzi xoşagəlməz hərəkətləri ilə seçilən, səriştəsiz daxili və xarici siyasəti ilə ölkəsini dalana dirəyən,  hadisələri daha geniş aspektdə analiz edə bilməyən Nikol Paşinyan indiyədək keçirdiyi bütün görüşlərdən, o cümlədən Vaşinqtondan, Brüsseldən, Sankt-Peterburqdan əli ətəyindən uzun qayıdıb. Bu mənada, Rusiyada keçiriləcək görüşdə də onun nəsə əldə etməsini düşünmək sadəlövhlük olardı. Amma yaxınlarda bu gərginliyin iqtisadi və sosial məsələləri daha da alovlandıracağı qənaətinə gəlmək daha doğru olardı.

Qvami Məhəbbətoğlu, “İki sahil”