Paşinyan: Erməni-rus layihəsi hazırlanır

413

Ermənistanın xarici siyasətinin əsas vəzifələrindən biri Rusiya ilə dostluğu dərinləşdirmək və ikitərəfli münasibətlərin səviyyəsini yüksəltməkdir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “məxməri inqilab”da qələbəsinin 100 gününü simvolizə edənİrəvandakı mitinqdə deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin ciddi pisləşməsi barədə bəyanatları gülməli adlandırıb: “Baş nazir seçildikdən sonra Rusiya Prezidenti Vladimir Putinlə artıq iki dəfə görüşmüşəm və onunla üç dəfə telefonla danışmışam. Bizim münasibətlərimiz yaxşıdır və gələcəkdə daha da yaxşı olacaq”.

N. Paşinyan mitinqə toplaşanları əmin edib ki, Ermənistan xarici siyasət kursunu dəyişməyə hazırlaşmır, buna görə Rusiya ilə münasibətlərin dərinləşdirilməsi ölkə rəhbərliyinin prioritet vəzifələrindən biri olaraq qalır. Baş nazir üstəlik yeni erməni-rus humanitar layihəsinin anonsunu verib, həmin layihə barədə tezliklə ictimaiyyətin məlumatı olacaq. N. Paşinyan layihəni misilsiz adlandırıb.

Hökumət başçısı iddia edib ki, Ermənistanın əvvəlki hakimiyyəti bütün xətalarını və səhv qərarlarını Rusianın üzərinə atırdı və öz addımlarını xarici qüvvələrin təzyiqi ilə izah edirdi: “Ermənistanda baş verənləri dünyanın, o cümlədən Rusiyanın heç biri analitik mərkəzi pronoqlaşdıra bilməyib, Qərb və Rusiyadakı tərəfdaşlar respublikadakı yeni vəziyyəti tam qiymətləndirə bilməyib. Respublika nə Qərbə, nə də Şərqə tərəf gedir, o, ayaqları üstündə möhkəm dayanır və öz maraqlarını qoruyur. Ermənistan Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə davam edəcək”.

Paşinyan həmçinin deyib:“Sizdən gizli Qarabağla bağlı heç bir kağızı imzalamaram. Variant olsa, bura gələcəyəm, sizə təqdim edəcəyəm, özünüz qərar verərsiniz, bu variantla gedək, ya yox”. O, rəqiblərini KİV-lərin alınmasında, sosial şəbəkələrdə uydurma hesabların yaradılmasında və Paşinyan hökumətinin hakimiyyətə “torpaqları təhvil vermək” üçün gəldiyi barədə şayiələr yaymaqda ittiham edib.

Paşinyanın sözlərinə görə, əslində bunu ondan əvvəlkilər etmək istəyirdilər və onun əlində bunu sübut edən bütün sənədlər var.

“Biz sülh yolu ilə tənzimlənməyə hazırıq. Lakin mənim torpaqları təhvil vermək niyyətində olduğumdan şübhələnən anlamır ki, məsələni hökumət həll etmir, xalq həll edir”, – Paşinyan əlavə edib.

O vurğulayıb ki, indiyə kimi Qarabağ üzrə heç bir danışıq aparmayıb.

Onun sözlərinə görə, bəzi adamlar Ermənistanda “vətəndaş müharibəsi”nin mümkünlüyünü bildirirlər: “Vətəndaş müharibəsi yalnız sizin ofislərinizdə ola bilər. Neçə vətəndaşın dəstəyinə maliksiniz ki, vətəndaş müharibəsi olsun? 17 keçmiş korrupsioner və daha 22 uydurma sosial şəbəkə hesabı. Budur sizin vətəndaş dəstəyiniz”. Onun sözlərinə görə, əgər kimsə bir də “vətəndaş müharibəsi” təhlükəsi ilə hədələsə, onunla Ermənistanın Milli Təhlükəsizlik Xidməti məşğul olacaq.