“Partizan”la oyun yadıma düşdü

516
– Boy, müəllim məzuniyyətdən qayıdıb, xəbərimiz də yoxdur. Soruşmaq ayıb olmasın, harada istirahət etdin, a müəllim? Olmaya Havay adalarında?
 

 

Onun bu atmacasına cavab vermək istəyirdim ki, qonşumuz Kəramət məni qabaqladı:

– Ağzında müəllim deyirsən. Müəllim hara, Havay adaları hara? Çox şübhəsiz ki, o hansısa havayı adalarda istirahət edib. Mən kənar adalarında da deyə bilərdim. Sadəcə müəllimə olan hörmətim lap kənara çıxmağa imkan vermədi.

Kəramətin bu sözləri gülüşlə qarşılandı. Qonşulardan kimsə dilləndi:

– Əhsən, sənə Ay Kəramət, kişinin oğlu söz üçün gəzmir də…

Sədrəddin kişinin: “Ya Allah”, – deyərək zərləri atması ilə ortalığa sükut çökdü. Sədrəddin başını qaldırıb qonşulara baxarkən Güləhməd dilləndi:

– A kişi, özün oyna da… Nə vaxtadək qonşulardan kömək umacaqsan?

Sonra o, Nurulla və Cərullaya üzünü tutub dedi:

– Siz də özünüzü yığışdırın, yetər him-cim eləməyiniz. Axı görürsünüz ki, həlledici oyundur, himləmə yeri deyil. Yoxsa istəyirsinizi ki, mən də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev kimi addım atım?

– O nə addımdır elə? Bu sözləri isə məhəlləmizdə futbol azarkeşi kimi tanınan Nurəddin bəy dedi.

– Xəbəriniz yoxdur məgər xəbərdən? – deyə Güləhməd əlindəki zərləri nərdtaxtanın üstünə qoyub açıqlama verməyə başladı:

– Yəqin bilirsiniz də… Son oyunlarda onun rəhbərlik etdiyi “Neftçi” komandasının oyunçuları öz qapılarına 3 qol vurublar. Bu isə biabırçılıqdır. Jurnalistlərdən biri soruşub ki, ay Böyükağa müəllim, bu biabırçılığın qarşısını almaq üçün nə etmək fikrindəsiniz? Gözünə döndüyüm Böyükağa müəllim də deyib ki, bunun bir yolu var. Jurnalist deyib ki, o yol hansı yoldur? O da deyib ki, bəs hər bir futbolçumuzun yanına bir futbolçu da qoyacağam ki, öz qapımıza qol vurmasınlar. İndi onun sözü olmasın, mən də sizin yanınıza öz adamlarımı qoyacağam ki, him-cim etməyəsiniz…

Onun bu açıqlaması da gülüşə səbəb oldu. Gülüşlər səngiməmiş Kəramət dilləndi:

– Vallah, kim nə deyir desin mənə elə gəlir ki, bizim Böyükağa müəllimin bu kimi baməzə sözlərini toplayıb bir kitab nəşr etdirmək olar. Kitaba da belə ad vermək lap yerinə düşər: “Futbolumuzun Molla Nəsrəddini”. Sizi inandırım, həmin kitabın o qədər oxucusu olar ki…

Az sonra nə fikirləşdisə Kəramət mənə üzünü tutub söylədi:

– Müəllim, bəlkə bu işi boynuna götürəsən? Sənə bir babat sponsor da tapmaq məndən…

Kəramətin bu təklifini rəğbətlə qarşılasam da, susmağa üstünlük verdim. Çünki verəcəyim açıqlamadan asılı olmayaraq, onun gülüşə cevrilə biləcək cavabından ehtiyatlandım.

Bu zaman futbol azarkeşi kimi tanınan Nurəddin bəyin hıçqırtısı eşidildi. Qonşular bir nəfər kimi: “Buna nə oldu?” deyərək onun başına toplaşdılar.

– A kişilər, nə olacaq? Siz danışdıqca “Neftçi”nin “Partizan”la oyunu yadıma düşdü, nəticədə qəhər məni boğdu da… Vallah, həmin oyunda Böyükağa müəllimin “partizanlığı” komandanı fəlakətə sürüklədi. Digər tərəfdən də, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin sözü olmasın, elə yerli futbolçularımız var ki, 600 min pul alırlar. Amma bir məşhur filmdə deyildiyi kimi, di gəl, oyunlarına bax… Hər oyuncu da bir bəhanə gətirir. Kimi deyir, nə bilim, stadionun ot örtüyü bərbad idi, kimi deyir, nə bilim, hava isti idi. Atalar əbəs yerə deməyiblər ki, inək sağa bilməyənə həyət əyridir.

Sədrəddin bu sözlərə bənd imiş kimi dilləndi:

– Hə, indi deyirsən ki, elə bu səbəbdən Güləhməd mənimlə bacarmır?

… Güləhməd Sədrəddin kişini tərs-tərs süzərək dodaqlatı nəsə mızıldandı.

Qvami Mehəbbətoğlu