Partiya sədri: Həmrəyliyi bundan sonra da qorumalıyıq

0
57

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Ermənistanın  təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə sentybarın 27-dən etibarən başladığı zəfər yürüşü 44 gün ərzində qələbə ilə başa çatdı. Şübhəsiz, bu qələbədə xalqımızın birliyi mühüm rol oynadı. Prezident İlham Əliyev öz çıxışlarında və müsahibələrində qələbənin əldə edilməsində bu həmrəyliyin, birliyin böyük rol oynadığını dəfələrlə vurğulayıb. Bu birliyə, həmrəyliyə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi   partiya da bütün umu-küsüləri bir yana qoyaraq Ali Baş Komandanın ətrafında sıx birləşməklə öz töhfələrini veriblər.

Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Vətən müharibəsinin ilk günlərindən ölkəmizdə elə bir həmrəylik, elə birlik formalaşdı ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm: “Amma onu deyə bilərəm ki, belə birliyə, həmrəyliyə indiyədək dünyanın heç bir ölkəsində təsadüf olunmayıb.  Bu mənada bu birliyimiz dünyaya bir nümunədir desəm, səhv etmərəm. Konkret siyasi partiyalara gəldikdə isə onların Prezidentimizə, Ali Baş Komandanımıza dəstəyini cəmiyyətimizin siyasi uğuru kimi dəyərləndirmək olar. Belə ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları ilə əlaqədar olaraq ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-sinin imzaladıqları bəyanatda qeyd edilirdi ki, rəhbəri olduqları siyasi təşkilatların hər bir üzvü Azərbaycan Ordusunun zəfər yürüşünə, haqq savaşına dəstək verməyə, həmçinin əldə silah döyüşlərdə iştirak etməyə hazırdır.”

Müsahibimiz, həmçinin qeyd etdi ki, siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirdilər: “Şübhəsiz, bu kimi faktlar siyasi partiyaların taleyüklü problemimizi hər zaman diqqət mərkəzində saxlamalarının sübutudur.

Zənnimcə, dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən belə mürəkkəb bir şəraitdə siyasi partiyaların bu addımını siyasi yetkinliyin göstəricisi, həm də  ölkəmizdə yaşanan siyasi birliyin təcəssümü kimi xarakterizə etmək olar. Hətta mən deyərdim ki, siyasi təşkilatların Ali Baş Komandanın yanında olduqlarını bəyan etmələri, onu dəstəkləmələri tarixi əhəmiyyət kəsb edən hadisədir. Bu yerdə bir məqamı da vurğulamaq istərdim. Şübhəsiz, bu prosesdə geniş dünyagörüşünə, siyasi uzaqgörənliyə, diplomatik bacarığa malik İlham Əliyev faktoru mühüm rol oynayıb.  Bunu elə həmin siyasi partiyaların Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə ünvanladıqları  təbrik məktubunda da aydın görmək mümkündür.”

Müsahibimiz, həmçinin vurğuladı ki, siyasi partiyaların xalqımızın, dövlətimizin bu haqq işində vahid mövqe nümayiş etdirmələrini Prezidentimiz İlham Əliyev də yüksək qiymətləndirib: “Məsələn, dövlətimizin başçısı  Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində siyasi partiyaların mütləq əksəriyyətinin işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı onun yürütdüyü siyasəti tam dəstəklədiklərini bildirməklə yanaşı, bu addımı siyası dialoqun çox aktiv fazası kimi qiymətləndirib. Bəli, 44 günlük Vətən müharibəsində müxalifət-iqtidar məsələsi əsla gündəmdə olmadı. Bütün diqqət cəbhəyə, ordumuza, Ali Baş Komandanımızın qətiyyətli addımlarına hakim kəsildi. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da Ali Baş Komandanımızın ətrafında yumruq kimi birləşərək, onu  qeyd-şərtsiz dəstəklədilər.”

Partiya sədri mövzu ilə bağlı fikirlərini bu sözlərlə yekunlaşdırdı: “Bir  partiyanın rəhbəri kimi siyasi partiyaların belə həmrəyliyi, birliyi məndə  məndə qürur hissi yaradır. Hər şeydən əvvəl ona görə  ki, Vətən müharibəsi həm də ölkəmizdəki  siyasi birliyi dünyaya göstərdi. Hətta mən deyərdim ki, qələbəmiz birliyimizdən keçdi. Odur ki, biz vəzifə və rütbəmizdən asılı olmayaraq bu birliyi, həmrəyliyi bundan sonra da qorumağı bacarmalıyıq. İnanıram ki, ölkəmizin taleyüklü məsələləri ilə bağlı birliyimiz davamlı olacaq və bu, sonrakı illərdə bizi daha da əzmkar edəcək.  Çünki birlik, həmrəylik bütün uğurların açarıdır.”

Qvami Məhəbbətoğlu, “İki sahil”