Partiya sədri: Birliyimiz davamlı olacaq

0
32

Bu gün  Azərbaycanda yeni siyasi mühit, siyasi həmrəylik mövcuddur. Artıq ölkəmizdə siyasi plüralizmin şaxələnməsi, çoxpartiyalı siyasi sistemin yeni konfiqurasiyasının formalaşması prosesi daha da intensivləşib. Son parlament seçkiləri və orada bir çox partiyaların təmsil olunması, müstəqillik tariximizdə ilk dəfə müxalifət nümayəndələrinin parlament rəhbərliyinə seçilməsi, bununla da dövlət quruculuğu prosesində çoxpartiyalı siyasi sistemin təmsilçiliyinə geniş yer verilməsi, bir sıra yeni partiyaların dövlət qeydiyyatına alınması dediklərimizə sübutdur. Bu sıraya siyasi partiyaların liderləri ilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsində mütəmadi keçirilən görüşləri, dialoqları da əlavə etmək olar. Bu məqamda dövlət başçısının oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsindəki bu fikri də xatırtlatmaq yerinə düşərdi: “Biz siyasi dialoqun çox aktiv fazasındayıq.”

Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz son 17 ildə özünün ən yüksək inkişaf nöqtəsinə çatıb: “Bu, artıq bir reallıqdır ki, bu gün Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirilir. Məqsəd ölkəmizin hərtərəfli, dinamik, dayanıqlı inkişafının təmin edilməsidir. Dövlət başçısının reallaşdırdığı siyasi, iqtisadi islahatlar Azərbaycanımızı dünyada söz sahibinə çevirib.”

“Demokratik ölkələrdə siyasi sistemin həm formalaşmasında, həm də onun inkişafında siyasi partiyaların rolu danılmazdır. Bu mənada belə tədbirlərin də keçirilməsinə  ehtiyac duyulurdu” sözləri ilə söhbətini davam etdirən müsahimiz daha sonra dekabrın 16-da Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri və ictimai fəallar ilə mobil rabitə və videokonfrans formatında təşkil olunan görüşündə partiya sədri kimi iştirakından söz açdı. Bildirdi ki,  bu görüşdə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə və Zəfər paradı, xalq-dövlət-ordu birliyi, yeni yaradılmış “YAŞAT” Fondunun əhəmiyyəti, tarix boyu müxtəlif sınaqlardan keçən Azərbaycan-Türkiyə birliyi, COVID-19 pandemiyasına qarşı mübarizədə cəmiyyət arasında sosial məsuliyyət hissinin aşılanmasında maarifçilik işinin birgə təşkili ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılacaq böyük quruculuq işlərindən də ətraflı danışıldı: “Müzakirələr zamanı partiya sədrləri bundan sonra da Prezident İlham Əliyevin dövlətimizin inkişafı və beynəlxalq nüfuzunun artmasına yönəlmiş siyasətinə daim dəstək göstərəcəklərini və konstruktiv əməkdaşlığa hazır olduqlarını bildirdilər. Əslində, xalqını, millətini sevən, dövlət maraqlarını hər şeydən üstün tutan hər bir vətənpərvər şəxs bu addımı atmalıdır. Biz hamımız Azəbaycan vətəndaşlarıyıq, ölkəmizin taleyüklü məsələlərini hamılıqla əl-ələ verib həll etməliyik. Biz birlikdə hər şeyə qadirik. Erməni faşizmini diz çökdürən bu birliyimiz, inşallah, digər  işlərin də  öhdəsindən gəlməyə imkan verəcək. İnanıram ki, ölkəmizin taleyüklü məsələləri ilə bağlı birliyimiz davamlı olacaq və dövlətimizə, xalqımıza öz töhfəsini verəcək. Qeyd etməliyəm ki, bu görüş həm də yüksək siyasi mədəniyyətin, bir-birlərinin fikirlərinə hörmətin, konstruktiv təkliflərin təcəssümü kimi yaddaşıma həkk olundu.”

Qvami Məhəbbətoğlu, “İki sahil”