“Parisdə çətin ki, münaqişənin həlli ilə bağlı razılaşma əldə etmək mümkün olsun”

509
Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək  növbəti görüşdə münaqişənin həlli ilə bağlı addımlar atıla bilər.
Bu ayın sonunda Parisdə Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti görüş keçiriləcək. Bununla bağlı məsələyə münasibət bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişinin hazırlanması işinə başlamağın tərəfdarıdır: “Azərbaycan prezidentlərin bu ayın sonunda Parisdə keçiriləcək üçtərəfli görüşündən ciddi irəliləyiş gözləyir”.

O, qeyd edib ki, həmsədrlər bir neçə məsələni əhatə edən struktur təkliflər veriblər: “Biz belə qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmalarını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik. Biz yeni mərhələyə tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik”.

Məsələyə münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyov iki ölkə prezidentlərinin Paris görüşünün ancaq danışıqların intensivləşdirilməsinə xidmət edə biləcəyini söylədi. Rasim Musabəyov: “Parisdə münaqişənin həlli ilə bağlı hansısa sazişin imzalanacağını gözləmirəm. Belə hesab edirəm ki, ən yaxşı halda bu görüş danışıqların  davam etməsi üçün yeni əsas ola bilər”,-dedi.

Millət vəkili Fazil Mustafa da prezidentlərin görüşünü irəliyə doğru bir addım hesab etsə də, onlar arasında hər hansı sənədin imzalanmasının inandırıcı olmadığını söylədi. “Ermənistan hələ də qeyri-konstruktiv mövqe nümayiş etdirməkdədir. Belə olan halda, Parisdə çətin ki, münaqişənin həlli ilə bağlı razılaşma əldə etmək mümkün olsun”,-deyə Fazil bəy fikrini tamamladı.

ƏZİZ MUSTAFA