Pandemiya Ermənistanı çökdürür

0
89

Ermənistanda koronavirus pandemiyasının geniş vüsət alması işğalçı ölkənin sosial-iqtisadi durumunu  daha da pisləşdirib. Hətta məlumatlara görə, hazırda Ermənistan hər yüz min nəfərə düşən koronavirus daşıyıcılarının sayına görə  “dünya lideri”nə çevrilib. Belə ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 46 mini keçib. Pandemiya qurbanlarının sayı isə minə  çatıb. Şübhəsiz, bu, Ermənistan rəhbərliyinin dünyanı cənginə alan koronavirus bəlası ilə vaxtında mübarizəyə baslamamasından irəli gəlib.  Yaranmış vəziyyəti şərh edən “Ədalətli Ermənistan” təşəbbüs qrupunun üzvü Norayr Norikyan bildirib ki, artıq Ermənistan dəhşətli koronavirusun yesiri olub. Bu isə  o deməkdir ki, koronavirus pandemiyası artıq Ermənistana qalib gəlib.

Yeri gəlmişkən qeyd edək ki, işğalçı ölkənin baş naziri Nikol Paşinyan koronavirusla mübarizə tədbirləri görmək əvəzinə həmin vaxt “təbliğat” kampaniyası aparırdı və bu bəlaya evdə çəkilmiş araqla qalib gəlməyin mümkünlüyündən dəm vururdu. Elə bu səbəbdən Azərbaycana qarşı hərbi cinayətləri davam etdirmək siyasətindən əl çəkməyən, beynəlxalq hüquq normalarına məhəl qoymayan işğalçı ölkədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejiminin müddəti gələn ilin yanvarın 11-dək uzadılıb. Ermənistan Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, guya bu addım əhalinin sağlamlığını qorumaq və müvafiq profilaktik, epidemiya əleyhinə tədbirlər görülmək üçün qəbul olunub. Karantin müddəti bitənə qədər quru yolla ölkəyə giriş qadağan edilib.

Ekspertlərin fikrincə, görülən tədbirlər sadəcə imitasiya xarakteri daşıyır. Bu isə bir daha onu göstərir ki, COVID-19 pandemiyasının iqtisadi fəsadları ilə mübarizədə aciz qalmış  baş nazir Nikol Paşinyanın bu fəlakəti aradan qaldırmaq üçün hər hansı tədbirlər planı yoxdur. Nəticədə, pandemiya fonunda işğalçı ölkədə sosial-iqtisadi durum getdikcə ağırlaşır. Məsələn, hazırda işğalçı ölkədə hər 3 nəfərdən biri yoxsulluq həddində yaşayır, hər 5 nəfərdən biri isə işsizdir. Bu artıma ölkədə cövlan edən koronavirus pandemiyası da öz “töhfə”sini verib. Bu da Ermənistanda kütləvi narazılıqlar yaradıb. Əhali Nikol Paşinyanın yarıtmaz siyasətinə qarşı öz iradlarını bildirməkdədirlər.

Bir sözlə, bu faktlar, eləcə də Nikol Paşinyanın hakimiyyətə gəlişi zamanı verdiyi vədlərinin heç birini reallaşdıra bilməməsi onun siyasi karyerasına ciddi təsir edib. Belə ki, bu günlərdə keçirilən rəy sorğusuna görə, respondentlərin yalnız 17,2 faizi baş nazir Nikol Paşinyanı  dəstəkləyib. Bu isə o deməkdir ki, Nikol Paşinyan iqtidarı sosial dayaqlarını itirməkdə davam edir. Şübhəsiz, bu da sosial böhrandan xəbər verir. Amma demokratiyadan, xalqın dərd-sərindən çox uzaq olan, Nikol Paşinyan yenə öz ampluasındadır. Belə ki, o, koronavirusun ölkəsinin sosial-iqtisadi vəziyyətinə ciddi zərbə vurduğunu etiraf etsə də,  ortada sosial böhranın olmadığını bildirib.

Belə bir vəziyyətdə baş nazirin əsasə rəqibləri – Robert Koçaryan və Serj Sarkisyan, eləcə də vaxtilə Nikol Paşinyanın silahdaşları olmuş, lakin indiki hakimiyyətdə özlərinə yer tapa bilməyənlər daha da fəallaşıblar. Hətta Robert Koçaryan çıxışlarının birində vurğulayıb ki, hazırda respublikada sadə vətəndaşların rifah halının hədsiz pisləşməsi ölkədə sosial narazılığı daha da gücləndirib. Bu isə bir tərəfdən inqilabi ab-havanı, digər tərəfdən Ermənistanı tərk edən insanların kütləviliyini şərtləndirib.

Bəzi məlumatlara görə Nikol Paşinyanının əleydarları öz məqsədlərinə nail olmaq üçün Qarabağdakı separatçı rejimdən, eləcə də xarici qüvvələrdən istifadə etməyə çalışırlar. Bir sözlə, görünən budur ki, pandemiya dövründə Nikol Paşinyan hakimiyyəti ilə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma, həmçinin əhalinin narazılığı ölkədə yeni xaosun formalaşmasına zəmin yaradıb, yəni işğalçı ölkədə ictimai-siyasi proseslər daha gərgin mərhələyə qədəm qoyub. Bu mənada yaxın gələcəkdə işğalçı ölkədə daha geniş etiraz aksiyalarının başlanması istisna olunmur. Bu isə o deməkdir ki,  Ermənistanı, o cümlədən Nikol Paşinyanı qarşıdakı dövrdə daha böyük “sürprizlər” gözləyir.

Qvami Məhəbbətoğlu, “İki sahil”