Pərviz həmişə deyərdi…

133

İkinci Qarabağ savaşı dediyimiz Vətən müharibəsindən sonra Azərbaycandakı Şəhid xiyabanları yenidən sıralandı, çiçəklər də, ömürlər də, yaşlar da təzələndi. Bu sıralarda Mingəçevirin son şəhidi 7 ay 10 gündən   sonra nəşi  ailəsinə təhvil veriən  Pərviz  Hafiz oğlu Tağıyev də  dəfn olundu.

Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan Pərvizin valideyinləri ilə görüşdük. Bu xəbərdən təkcə ailə deyil, bütün şəhər sarsılmışdı. Hamı onun tapılması üçün qurban deyir, nəzir edirdi. Gənc olmasına baxmayaraq Pərviz  ailəsinə, valideynlərinə və hər kəsə gözəl davranışına, sağlam xarakterinə görə böyük hörmətə layiq idi, hər kəs xətrini çox istəyirdi. Pərviz  Suqovuşanın və Talış kəndinin azadlığı uğrunda qəhrəmanlıqla döyüşüb şəhid olmuşdu.

Anası Gültəkin xanımın, atası Hafiz kişinin göz yaşları bulaq kimi qaynasa da, “Təki Vətən yaşasın”, “Vətən sağ olsun” deyirlər.  Ataların beli bükülsə də, anaların ürəyi yansa da, göz yaşları qaynayıb içinə axır, sağlam dayanır  qara dərdin qarşısında, cavan gəlinlər qaralar bağlasa da: “Övladımız atasız böyüyər, Vətənsiz böyüməz” dedilər.

…Bizimlə birlikdə ailəni ziyarət edən ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun da adından  şəhidin ailəsinə başsaglığı verdi, ailəsinə və qohumlarına səbrlər dilədi.  Dedi ki,   müharibədə  gənclərimizin necə bir vətənpərvər oğullar olduğunun şahidi olub: “İndi belə oğullarımızın sayəsində  Qarabağımızda bayrağımız  qürurla dalğalanır”.

Pərviz  sağlığında həmişə deyərdi: “Vətən sağ olsun “. Pərvizin atası Hafiz Tağıyev  bizimlə söhbətində  belə dedi: ” Adi ölüm olsaydı, bu bir ata üçün çox çətin və əzablı olardı. Oğlum Vətən uğrunda şəhid oldu. Özü qürurlu bir gənc idi. Həmişə deyərdi ki, biz oğular vətən üçün sipər doğulmuşuq, şəhid olsam ağlamayın”.

Hafiz ata  min əziyyətlərlə böyütdüyü oğluna böyük arzular bəsləmişdi. Lakin şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir, başını dik tutub, göz yaşlarını ovundurmağa çalışırdı: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun”.

Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan Gültəkin ana  “Vətən sağ olsun”, – dedi. “Pərviz mənim həm oğlum, həm də qızım kimi idi. Hər bir dərdimiz ortaq idi. İstədiyi qız da vardı. Fədakar qoçaq bir övlad idi. Həmişə deyirdi ki, şəhid olmaq istəyirəm amma qoruxuram, anam buna dözməyə.  Onun əsgər yoldaşları ilə təskinlik tapıram.  Onlar Pərvizin cəbhədə göstərdiyi ifidliklərdən danışanda yenidən Pərvizimi  gözlərimin önündə canlandırıram.

Döyüşlərin ilk günündən  ən ağır əməliyyatlarda iştirak etmişdi: Düşmən artıq Pərvizin izinə düşmüşdü. Yoldaşları deyirlər ki, Pərviz ermənilərə güllə atmağa aman vermirdi. Mənimlə telefonda danışanda da yüksək əhval-ruhiyyədə olurdu. Ona özündən muğayat olmağı tapşırırdım, narahat olma, deyirdi, bir də ki, alnıma nə yazılıbsa, o da olacaq. Pərviz idmançı idi, çox cəld, çevik uşaq idi.  Oğlumla sonuncu dəfə  danışdım, ondan sonra əlaqəmiz olmadı. Pərivz Aprel  döyüşlərində də iştirak edib. İki-üç gün mühasirədə qalsalar da yenə düşmənə qalib gəlmişdilər. Pərvizlə bağlı arzularım çox idi. Nə deyim”.

Çoxlu arzuları vardı. Hərbi xidmət sahəsində daha böyük hədəfləri vardı. Bu sözləri bizimlə söhbətində Pərvizin xalası Qeys xanım Muxtarova  dedi: ”Qanlı bir  müharibədə gənclərimiz  bir anda arzuları ilə birgə əbədiyyət yolçusu oldular. Pərviz bir ailənin oğlu idi, bir Vətənin fəxri oldu. Ölümü qorxu ilə deyil, məğrurcasına qarşıladı.
Bütün qohumların, qonşuların sevgisini qazanmışdı. 7 ay bunlarla birgə ağladıq, yol gözlədik, hamımız Pərvizin sağ olduğuna ümid edirdik. Çünki biz bilirdik ki, Pərviz düşmənə can verən oğul deyildi. İnana bilmədik sona qədər onun ölümünə. O qədər qürurlu, o qədər nurlu bir övlad idi ki… İndi deyirəm ki, biz bilməmişik bu uşaq imam övladı imiş. Ona görə də getdi əbədiyyətə qovuşdu. Balamız bir evin oğlu kimi getdi, amm bir elin oğlu kimi qayıtdı. Mən onun haqqında yüksəkdən nəsə deyə bilmirəm Amma özüm düşündüyüm kimi,  içimi yandırır ağı, bayatı, sən yaman sevirdin, yaman həyatı.

Mən Pərviz haqqında böyük bir kompozisiya  da yazmışam, nə vaxtsa qismət olarsa bizim bu kompozisiya da işıqlanar. Həmin kompozisiyadan iki kəlmə  ana oğul səhnəsindən söyləmək istərdim:

– Of yandı bağrım başı,

Odlandı bağrım başı,

Ölənəcən qurumaz,

Ay ellər, gözüm yaşı.. .

Şəhid balamız isə deyir:

– Alışma yanma, ana, mən vətən qurbanıyam,

Ölməmişəm şəhidəm, dillərin dastanıyam.

Doğrudan da bizim Pərviz dillərin dastanıdır. Azacıq təsəllini onunla tapırıq yoxsa biz bu həyata Pərvizsiz sarıla bilmərik. Yəni Pərviz tək valideynləri üçün yox bütün nəsil üçün əziz idi. Böyük bir xalqıb baş ucalığıdır Pərviz”.

Qeyd edək ki, 7 ildən artıq hərbi hissədə qulluq edən Azərbaycan Ordusunun əsgəri olan Pərviz Tağıyev Vətən Müharibəsi zamanı Suqovuşanın azad olunması uğrunda  savaşıb.  O,  sentyabrın 27-də  Suqovuşan döyüşləri  zamanı şəhid olub.

Onun nəşi 7 ay 10 gün  tapıla bilməyib. Müdafiyə Nazirliyi  tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. 2021-ci il mayın 5-də nəşi tapılıb və  şəhid Pərviz Tağıyevin Azərbaycan bayrağına bükülmüş tabutu Mingəçevir Şəhidlər Xiyabanına gətirilib. Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, əsgərlər yaylım atəşi açıblar. Bundan sonra şəhid torpağa tapşırılıb, tabuta bükülmüş bayraq isə əbədi saxlanmaq üçün ailəsinə təhvil verilib.

1990-ci il martın 22-də Mingəçevir şəhərində anadan olan Pərviz Hafiz  oğlu Tağıyev  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın  azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində Mingəçevir 51 şəhid verib.

Esmira Hidayətova, Mingəçevir.