Pərviz Bağırov: “İstəyimə nail oldum”

606

Onun çox sadə bioqrafiyası var. Ömür yolunun qızıl sətirləri indi-indi yazılır. İllər öncə Kəmalə xanımla Füzuli kişinin ailəsində iki oğlan uşağı dünyaya göz açmışdı. Minlərlə sakin kimi, Füzuli də səadətini, uşaqlarının xoşbəxtliyini tapmaq üçün Yevlax rayonunun Tanrıqullar kəndindən Mingəçevirə üz tutmuşdu. Şəhərin axar-baxarlı, Kür çayına yaxın, idman obyektlərinin çoxluğu ilə seçilən ərazisində məskən saldılar. İllər ötdü – Kür Olimpiya Tədris İdman Mərkəzi, şəhər stadionu bu ailədə böyüyən yeniyetmələrin sevimli yeri oldu. Onlar burada çoxçeşidli idman növləri ilə məşğul ola bilir, həm də Mingəçevirə üz tutan adlı-sanlı, titullu idmançıları yaxından görür, onlarla tanış olmaq imkanı əldə edirdilər. Pərviz belə bir mühitdə böyümüşdü. Lakin o, üstünlüyü idmanın boks növünə vermişdi. Hələ Mingəçevirdəki Texniki Liseydə təhsil alarkən ilk boks məşqlərinə gedir, boksun əlifbasını öyrənməyə çalışırdı. Bu işdə ona özünə doğma saydığı, müəllim bildiyi Vüqar Ələkbərov yardımçı oldu. Yeri gəlmişkən, Vüqar Ələkbərov ölkəmizə 2000-ci ildə Sidney Olimpiadasının bürünc mükafatını gətirmişdi. Onda müstəqil Azərbaycanın idmançıları dünya arenalarında kövrək addımlarını atırdılar. İlk beynəlxalq idman uğurları ölkəmizə təzə-təzə ayaq açırdı. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ildən-ilə Azərbaycan idmançılarının uğurları artdı və indiki səviyyəyə çatdı. Gənclərin idmana həvəs və marağı get-gedə artmağa başladı. Belə gənclərdən biri də Pərviz Bağırov oldu. Azərbaycan idmanını çələngə bənzətsək, Pərviz də burada özünəməxsus bir naxışdır.

Yeniyetməlik illərindən başlayan uğurlar Pərvizin karyerasında zirvəyə aparan yollar idi. Hər dəfə respublika birinciliyində qazandığı qələbələr onun yaxınlarına – xüsusən də anasına qol-qanad verib, fərəhləndirib. Dünyasını dəyişən həyat yoldaşından sonra iki övladının böyüyüb boya-başa çatması üçün hər zəhmətə qatlaşıb Pərvizin anası.

İllər sonra Pərvizin yeddi dəfə Azərbaycan çempionu olması ona olan etimadı artırıb. Qəti əmin olub ki, oğlu düz yoldadır, fəaliyyət istiqaməti onu nailiyyətlərə aparır.

Şəxsi məşqçisi Vüqar Ələkbərovun dəvəti ilə Pərviz Bakıya yollanır, “Neftçi” İdman Klubunda məşqlərə başlayır. Yeri gəlmişkən bildirək ki, Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycan idmançılarının əldə etdiyi 56 medaldan 16-sı “Neftçi” İdman Klubu üzvlərinin payına düşür. Boks aləmində olduğu 11 il ərzində Pərvizin nailiyyətlərinə nəzər yetirək:

– Yeddi dəfə boks üzrə Azərbaycan çempionu, 2011-ci ildə İrlandiyanın paytaxtı Dublində gənclər arasında keçirilən Avropa çempionatının (62 kq) çəki dərəcəsində qızıl mükafatçısı, 2012-ci ildə İrəvanda (Ermənistan) keçirilən dünya çempionatının (64 kq) çəki dərəcəsi üzrə bürünc mükafatçısı, Nəhayət 2015-ci ildə I Avropa Oyunlarında 69 kiloqram çəki dərəcəsində qızıl medal! Əlbəttə, çəkilən zəhmət, qarşıya qoyulan məqsəd heç vaxt itmir. Pərviz arzularının çiçək açması üçün gecəsini-gündüzünə qatdı; qələbəsi ilə Azərbaycan bayrağını başı üzərinə qaldırdı, Azərbaycanın himni dünyaya səs saldı.

Pərvizlə söhbətimizdə final oyununu bir daha yada saldıq. O dedi: “Rusiyalı rəqibim güclü idmançı idi. Avropa çempionu titulunu daşıyırdı. Finala ən güclülər yüksəlir. Rusiyalı idmançı Aleksandr Besputinlə final qarşılaşmasını anama həsr etmişdim. Bu mənə əlavə güc gətirdi. Qalib gəldim”.

İdmançılarımızın uğurlarını müxtəlif idman arenalarından izləyən ölkə Prezidenti İlham Əliyevin, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın sevinc dolu təbəssümünü, fərəhini aydınca sezmək olurdu. Pərviz Bağırov deyir: “Əməyim Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsi tərəfindən layiqincə qiymətləndirildi. Bütün bunlara görə ölkə Prezidentinə dərin minnətdarlığımı bildirirəm. İstəyimə nail oldum. Xalqımızın, dövlətimizin başını uca etdim”.

Pərviz Bağırovun – 21 yaşlı gəncin “Şöhrət” ordeninə layiq görülməsi onun gələcək şöhrət zirvələrinə ucalmasının zəmanətidir.

O, iyulun sonlarına qədər Mingəçevirdə – anası və qardaşı ilə birgə olacaq. Dincələcək, sevincli anlarını ailəsi, yaxınları və bütün mingəçevirlilərlə paylaşacaq… Sonra isə yeni qələbələr sorağı ilə məşqlərinə davam edəcək; avqustda Fransada təlim-məşq toplanışında olacaq. Oktyabr ayında Qətərdə keçiriləcək dünya birinciliyində iştirak edəcək. Pərviz Bağırovu qələbə münasibəti ilə təbrik edirik, onun yeni-yeni müjdələrlə bizi sevindirəcəyinə əminik.