Özünü sözündən asan şair

187

   Mərhum dostum Aşıq Şahsultanın tövsiyyəsi ilə bir neçə il bundan öncə “Dirili Qurbani” poeziya məclisinə ayaq açdım. Və o məclisdə respublikamızın ayrı- ayrı bölgələrindən olan söz adamları ilə, yazarlarla tanış oldum: o cümlədən də gözəl Qarabağımızın dilbər guşələrindən olan Cəbrayıllı Taryel Abbaslı, Yusif  Dirili, Qorxmaz Abdulla, Nazir Çərkəzoğlu , Əjdər Yunus Rza, Əhməd Fərhad, Malik Əhmədoğlu, Sabir Şirvan və siyahını uzatmamaq üçün adını yazmadığım neçə- neçə sevimli yazarlarla yaxından tanış oldum. Cəbrayıllı bu yazar qardaşlarımdan yazıçı-publisist Nazir Çərkəzoğlu və şair Əjdər Yunus Rza ilə münasibətlərimiz isə daha üst düzeyə yüksəlmiş oldu. Aramızdakı yaradıcılıq münasibətləri yaxın dostluq səviyyəsində davam etməkdədir.

Bu məqaləmdə isə poeziyasını özündən, özünü poeziyasından daha çox sevdiyim şair dostum Əjdər Yunus Rzanın söz dünyasından söhbət açmaq istəyirəm. Cəbrayıl rayonunun “kürəyini” Gordubaba dağına söykəyən Xələfli kəndində gözünü dünyaya açan şairin poeziyasının mayasını- ana xəttini elə o Gordubabadan başlayan yurd sevgisi, Vətən məhəbbəti təşkil edir.

Dodaqlardan düşmür adı,

Bilinməyir rəngi, dadı.

Sevgi gözəl bir dünyadı,

Şükür, tale yazıb bizə.

Bir vətəndaş şair kimi elə, obaya, torpağa, Vətənə məhəbbətini şeirlərində poetik bir dillə bir manifesto kimi belə səciyyələndirir:

Heyifsilənməsin qoy ömrü bitən,

Torpağın altı da, üstü də Vətən.

Könül dünyasına qəvvaslıq etdiyim şair qardaşımın şeirlərinin dili Xələfli bulaqlarının suyu kimi saf və şirindir. Çünki o öz rişəsini, qidasını minillik tarixi olan aşıq poeziyasından alır. Bu klassik ənənələri ləyaqətlə davam etdirir.

Bir gülə çiçək verdim,

O gül məndən incidi.

Çiçək gülün əlində

Mirvaridi, incidi.

 

Biri bağımın barı,

Təzə açmış nübarı.

Biri könlümün yarı,

Dünyamın sevincidi.

Əjdər Yunus Rza yaradıcılığı boyu şeirlərində sözün ecazkar sehrindən yerində və məharətlə istifadə edir. O, şeirlərində əlçatmaz ideyalardan uzaq qaçır, fikirlərini canlı xalq dilində, anlaşıqlı bir şəkildə ifadə etməyə çalışır. Xalqın çalxana-çalxana durulan təxəyyülündən süzülüb gələn söz qaynağından mükəmməl formada qidalanmağa çalışır.

Bir dağın qucağında

Dan üzü duman çağlar,

Bir gülün solmasına

Bir şehli çəmən ağlar.

 

Gör, gündə neçə çiçək,

Neçə- neçə gül solur.

Gör, gündə neçə kərə

Çəmənlər saçın yolur.

Şair qardaşımın səmimi duyğularla qələmə aldığı şeirlərində sözün kəsəri və çəkisi oxucu qəlbinə anında yol tapmaqla onun ruhunu yerindən oynada bilir.

Uzaq ol haramdan, uzaq ol şərdən,

Sifətin görünər, yırtılsa pərdən.

Səp, Əjdər, yaxşılıq toxumu hərdən,

Kimsə biçəcəkdi, sən biçməsən də.

“Hayana baxıram barıt qoxuyur” – deyən bu söz ustadı bu narahat dünyamızda baş verən faciələri qəlb ağrısı ilə ifadə edir. Və sonda bu ağrı-acılardan can qurtarmaq üçün daha sərt bir yola əl atmış olur.

Qoşulub aylara, ilə gedirəm,

Qarışıb yağışa, yelə gedirəm.

Başımı götürüb elə gedirəm,

Tövbə,bu dünyaya bir də gəlmərəm.

Başını götürüb bu dünyadan getmək istəyən şair başqa bir şeirində isə insanları bu gözəl dünyamızı qorumağa çağırır:

Bu dünyanın keşiyində

Durmaq üçün yaranmışıq.

Biz dünyanın əşrəfiyik,

Qurmaq üçün yaranmışıq.

Ə.Y.Rzanın formaca da, məzmunca da rəngarəng olan şeirlərinin içərisində “Qar yağır” şeirinin özünəməxsus yeri vardır. Sanki o, şeir yazmır. Könlündən axan duyğuları sadəcə həzin və kövrək notlar üstündə pıçıldayır.

Qar yağır

Kiminin yoluna,

Kiminin evinə.

Kiminin dərdinə,

Kiminin keyfinə.

Qar yağır

Çörəyi daşdan çıxanın çörəyinə,

Görüşə gedəmməyən

iki gəncin ürəyinə…

Şair qardaşım Qarabağ haraylı şairdir. Düşmən tapdağı altında otuz il qalan torpaqlarımızın ağrı- acısını köksündə daşıyan bu insan həmin ağrı- acıları, göynərtiləri şeirlərində noetik boyalarla, çeşid- çeşid yozumlarla əks etdirilməklə bu ağrıları sənin də ağrılarına çevirə bilir. Bu uğura isə sevinməyə bilmirsən.

Yurdsuzluq köksümdə tale dağıdı,

Qisməti kədərdi, qəmdi, ağıdı.

Ömrün elə vaxtı, elə çağıdı,

Dolanır payızla qış arasında,

Bir şair sıxılır daş arasında.

“Sevməyə nə var ki, həsrət çətindi” – deyən şairi tökə-tökə itirdiyimiz yurdlarımızın sancısı daha çox ağrıdır.

Bəhrəsin vermirsə ötüşən vaxtım,

Neyləsin taleyim, neyləsin baxtım.

Ay Əjdər, yurdumda yıxıldı taxtım,

Odur ki, düzəlmir heç belim mənim.

***

Viran olub obam, elim,

Solub meşəm, yanıb çölüm.

Gəl, dərdimi sənlə bölüm,

Qoşul mənə, ağla, qaboy,

Ağla, ağla, ağla, qaboy.

İtən torpaqlarımızın yanqısını yana- yana yaşayan və yana- yana da şeirlərində əks etdirən şairin qəlbi yalnız Vətən eşqiylə çarpır.

Mən elə bilirdim ki,

Ayrılıq bir nağıldı.

Öz başıma gələndən

Nağıl dünyam dağıldı.

Əjdər müəllimin yurd sevdalı şeirləri içərisində “Niyə açdın, ay bənövşə” – şeiri də diqqəti daha çox cəlb edir.

Niyə açdın, ay bənövşə,

Dərənin ki, yoxdu sənin?

Doluxsunmış gözlərini,

Görənin ki, yoxdu sənin.

 

… Müjdəçisən yurdda yaza,

Əjdər hanı şeir yaza?

Dəstələyib gözəl qıza,

Verənin ki, yoxdu sənin.

Filologiya üzrə fəlsəfə doktoru, AMEA-nın böyük elmi işçisi, “Xudafərin” qəzetinin redaktoru, gözəl qələm sahibi Şakir Albalıyev Ə.Y.Rza haqqında yazdığı məqalələrindən birində qeyd edirdi ki, “Şairin Vətən sevgisi şimali- cənublu Azərbaycan coğrafiyası çərçivəsindən aşıb böyük türk birliyinə qovuşur”.Bu doğrudan da belədir.

Uyğurumun dili yanır,

Qandallanmış əli yanır.

Atillanın eli yanır

Qan tökülür, alov yağır,

Oyan, Türküm, oyan, bağır!

 

Uyğur- Oğuz ortaq candı,

Damarımdan axan qandı.

Harayından içim yandı…

Turan böyük şimşək çaxır,

Oyan, Türküm, oyan, bağır!

Ə.Y.Rzanın yaradıcılığını vərəqlədikcə, diqqətlə izlədikcə gözlərimiz önündə şairin poetik dünyası ən dolğun şəkildə öz əksini tapır. Bu ustad yazarın əhatə dairəsi, yaradıcılıq manerası gözlərimiz önündə öz əksini noetik boyalarla tapmış olur. Bu isə insanı sevindirməyə bilmir.

Əjdər müəllimin müxtəlif  illərdə müxtəlif mövzularda qələmə aldığı “Haray”, “Gordubaba yadındamı?”, “Atatürk”, “Xocalı dərdi”, “Heydərbabayla üz-üzə” və “Azadlıq carçısı” kimi poemaları onun yaradıcılıq dünyasının çoxşaxəliliyindən soraq verir.

Şairin Vətən haqqındakı fikir və düşüncələrinin sərhəddi, noetik üfüqləri poemalarında daha da genişlənir və nəticədə onun poetik duyğularının obrazlı təcəssümünə çevrilir. Böyük ustad sənətkarımız Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasının təsiri ilə yazdığı “Gordubaba yadındamı?” poeması dediklərimin ən bariz təcəssümüdür.

Heydərbaba, Gordubaba, dağlısız,

Hər ikiniz əlinizdən bağlısız.

Qoşa dərdsiz, sinəmizə ağrısız,

Bu ağrılar dünyamızı qopardı,

Bu ağrılar Şəhriyarı apardı.

 

…Biz qoşulduq qaçqın adlı karvana,

Mən nə deyim karvan çəkən sarvana.

Səpələndik Mil-Muğana, Şirvana,

Görüşürük yaşdan- yaşa, ay baba,

Vaxt gecikir qan -qisasa, ay baba.

Xocalı faciəsi ilə bağlı çox poemalar yazılıb. Azərbaycan ədəbiyyatında əksər sənətkarlarımız bu mövzuya müraciət ediblər, o cümlədən də sevimli şair qardaşım Əjdər Yunus Rza.

Dostlar gələcəyə inanıram mən,

Qisas qiyamətə qalmayacaqdır.

Bu gün Xocalını ağlayan Vətən,

Sabah Xocalısız olmayacaqdır.

Məhz bu cür böyük inamın nəticəsi idi ki, qırx dörd günlük Vətən müharibəsini boyük qələbə ilə başa vurduq. Otuz illik bir həsrətin üzərindən qalın bir xətt çəkmiş olduq.

Şair “Heydərbabayla üz -üzə” poemasında isə Araz çayını çəpər edib yurdumuzu “o tay-bu tay” deyə ikiyə bölənlərə qarşı sonsuz nifrətini poetik bir dillə belə ifadə edir.

Qarı düşmən yolumuzu bağladı,

Doğma ellər bir- birinə yad oldu.

Kimi gördüm bu görüşdən ağladı,

Göz yaşımız məşəl oldu, od oldu.

Ə.Y.Rzanın ” Atatürk” və “Azadlıq carçısı” poemaları da onun yaradıcılığında mühüm yer tutur. Belə ki, bu poemalar Türk dünyasının iki böyük liderinin- Mustafa Kamal Atatürkün və Məhəmməd Əmin Rəsulzadənin bədii obrazlarını noetik bir dillə lirik formada sevə -sevə vəsf edir. Bu isə istedadlı tarixçi alim qardaşımın, yəni gözəl şair Əjdər Yunus Rzanın tarixi keçmişimizə dərin sevgisinin təzahürüdür.

Dünya hesablaşıb, hesablaşır da,

O bir Günəşdir ki, sönməyəcəkdir.

O Türk dünyasının Öndəri kimi,

Sonsuz səmalardan enməyəcəkdir.

Şairin şeirlərindəki qəlb oxşayan, könül doyuran cəhətlərdən təkcə söhbət açmağım, bu duyğuları nəzərə çarpdırmağım o demək deyil ki, şair qardaşımın şeirlərində heç bir nöqsan yoxdur. Yeri gəlmişkən onu da demək istərdim ki, Ə.Y.Rza klassik poeziya ənənələrimizə nə qədər sıx bağlı olsa da, müasir şeir formalarından qismən uzaqdır. Şair diqqətini bu yönə də yönəltsəydi necə də xoş olardı…

Ə.Y.Rzanın yaradıcılığını oxumadan sevmək, sevmədən də oxumaq mümkün deyil. Çünki şairin hansı şeirinə müraciət etsən, hansı misrasına Vətən eşqilə çırpınan bir qəlbin həzin çırpıntılarının, ülvi döyüntülərinin sədasını duyarsan. Ata- baba yurduna dərin sevgi, Vətən torpağına ilahi bir məhəbbət onun könlündən çağlaya-çağlaya axan şirin duyğularının parlaq aynasıdır. Bu dünən də belə olub, bu gün də belədir. İnanıram ki, sabah da belə olacaqdır.Odur ki, bundan sonrakı yaradıcılıq yollarında da şair qardaşıma dərin sevgilərlə böyük uğurlar arzulayıram. Şair necə də gözəl deyib:

Bilirəm bir zaman qınanacağam,

İçimdən keçəni yazdığım üçün.

Amma zaman- zaman mən qalacağam,

Özümü sözümdən astığım üçün.

 

 

 

27- 31 mart 2020- ci il.

                                                                                    Ələsgər Talıboğlu

                                                                       Şair-publisist, AYB- nin üzvü, M.Araz   

                                                                       mükafatı laureatı.