Özünü şikəst kimi göstərən dilənçi… polisi görən kimi qaçdı

381

Mingəçevirin mərkəzi bazarının qarşısında dilənçiliklə məşğul olan adamlara tez-tez rast gəlinir. Amma bu gün qarşılaşdığımız vəziyyətə insan bilmir gülsün. ya ağlasın. Cavan bir oğlan pul dilənmək üçün özünü şikəst kimi təqdim edirdi. Belə ki, ağzı aşağı sərilmişdi, sanki nə yeriyə bilirdi, nə də tərpənirdi. Yoldan ötənlər ürək ağrısı ilə ona yaxınlaşır, qarşısında pul yığmaq üçün qoyulmuş qutuya pul atırdılar. Biz də ürək ağrısı ilə həmin adama yaxınlaşıb adını, soyadını, haradan gəldiyi, nə kimi köməyə ehtiyacı olması ilə maraqlandıq. O: “Danışa bilmirəm, məndən əl çəkin”,-dedi.

Həmin ərazidə olan dükan sahibləri bizə bildirdilər ki, ona yazığınız gəlməsin, 2 saat içində qarşısına qoyduğu qutu pul ilə dolur və pulları götürüb gedir. Obyekt sahibləri onu da bildirdilər ki, səhər tezdən bir xanım onun qoluna girib bura gətirir, sonra isə birgə gedirlər.

Bir az keçmiş əraziyə polislər gəldilər. Özünü şikəst kimi təqdim edən dilənçi cəld ayağa qalxaraq, pullarını da yığışdıraraq qaçmağa başladı. Sanki bayaq yerə sərilmiş, başı əsən bu adam deyildi. Onu tanıyanlar avtomobilinin də olduğunu dedilər…

Özünü şikəst kimi təqdim edən şəxsin fotolarını da təqdim edirik.

Esmira Hidayətova, Mingəçevir