Özündənrazı fransızları cəzalandırmaq lazımdır

0
453

Avrokubokda yoluna davam edən yeganə komandamız olan “Qarabağ” sabah qrup mərhələsində mübarizəyə başlayacaq. Təmsilçimiz yer aldığı qrupda ilk matçını Fransa klubu “Sent-Etyenn”ə qarşı keçirəcək. Fransa Liqa 1-də keçirdiyi ilk turun 3-də qələbə qazanıb, 1-də də heç-heçə edən “Sent-Etyenn”in səviyyəsi barədə danışmaq yəqin ki, artıq olar.

 

Mərkəzi arena hazırdır

Oyunöncəsi ən çox maraq doğuran məqam stadionla bağlı idi. Belə ki, Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü dəyişdirilməli idi. Arena rəhbərliyi verdiyi sözün üstündə durdu və stadionu matça yetişdirdi. Artıq yeni ot örtüyü tam döşənib və komandalar bu gün matç öncəsi son məşqlərini burada keçəcəklər. Dünən ot örtüyünün xətləri də çəkilib və digər tamamlama işləri də görülüb. Eyni zamanda iş icraçısı, AFFA nümayəndəsi və digər rəsmi şəxslərin iştirakı ilə stadionun qəbul edilməsi barədə akt tərtib edilib. Bu gün isə UEFA nümayəndəsi stadiona baxış keçirərək, arenanın oyuna yararlı olub-olmadığına dair qərar verəcək.

Qeyd edək ki, “Qarabağ”ın məşqi bu gün saat 18:45-də, “Sent-Etyenn”inki isə 20:00-da başlanacaq.

 

Tərlan Quliyevdən başqa hamı debütantdır

“Sent-Etyenn”lə oyun “Qarabağ”ın bir neçə futbolçusu üçün yubileylə əlamətdar olacaq. Belə ki, Admir Teli 35-ci, Maksim Medvedev 30-cu, Riçard Almeyda və Leroy Corc 10-cu Avroliqa matçına çıxacaqlar. Onların hamısı bütün oyunlarını təsnifat mərhələsində keçirib. Bu üzdən həm yubilyarlar, həm də meydana çıxacaq digər oyunçular üçün Fransa təmsilçisi ilə görüş yarışın əsas mərhələsində debüt olacaq. Bu, yalnız Tərlan Quliyevə aid deyil. Çünki müdafiəçi 2 il əvvəl “Neftçi” ilə Avropa Liqasının qrupunda çıxış edib.

 

“Sent-Etyenn”in prezidenti: “İnkişaf üçün bu mərhələdən keçməliyik”

“Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Məqsəd isə ondan ibarətdir ki, klubun inkişaf mərhələsini davam etdirək”. Bunu “Sent-Etyenn”in Müşahidə Şurasının sədri Bernar Kayazzo deyib. Əlcəzair doğumlu Kayazzo həm Fransa çempionatında, həm də Avroliqada uğurlu çıxış etməyi qarşılarına məqsəd kimi qoyduqlarını bildirib: “Liqa 1-in 3 komandası Qətərdən gələn gəlirlər hesabına Fransada 119 matç keçirib. Bu, Avropada faydalı təcrübə olacaq. Biz həm çempionatda, həm də avrokuboklarda yaxşı oynamaq istəyirik. Bu, çətindir. Ancaq bilirik ki, inkişaf etmək üçün bu mərhələdən keçməliyik”. “Sent-Etyenn”in 2 prezidentindən biri olan Kayazzo “Qarabağ”dan başqa, qrupdakı rəqiblərinin büdcələrinin onlardan çox olduğunu söyləyib: “Mən “Karabükspor”un prezidenti ilə müzakirə apardım. Ondan büdcələrini soruşdum. Mənə 17-18 milyon avro deyildi. Ancaq onlar oyunçuların maaşına görə vergi ödəmirlər. İstənilən halda, onların büdcəsi yaxşı formadadır. “Dnepr” və “İnter”in büdcələri bizdən üstündür”. 60 yaşlı klub sahibi qrupdan çıxmaq istədiklərini ifadə edib: “Qrupdan çıxmaq qəhrəmanlıq olardı! Biz buna iddia edirik. Ancaq biz artıq Liqa Kubokunu qazanmaqla, çempionatda IV olmaqla igidlik göstərmişik. Əgər 7-ci büdcə ilə yekunda çempionatı IV və ya V bitirsək, istənilən halda bu, uğur sayılacaq!”

 

“İnter” və “Dnepr”in ardından 3-cü ola bilərik”

“Biz Avropa Liqasına vəsiqə qazanmışıq. Amma orada çıxış etmək asan olmayacaq. Hazırda qrupumuzdakı favoritlər – “İnter” və “Dnepr”in ardından 3-cü ola bilərik. Ancaq qrupumuzdan çıxmaq üçün hər şeyi edəcəyik”. Bunu “Sent-Etyenn”in baş direktoru Rolan Romeye deyib. 69 yaşlı mütəxəssis komandasının Avroliqadakı çıxışından danışıb: “2013-cü ilin avqustunda “Esbyerq”ə qarşı düzgün oynamadıq. Bu il isə bundan nəticə çıxarmışıq. Hazırda bir neçə futbolçumuz zədəli olsa da, işçi qüvvəmiz genişdir. Bu turnirdə çətin də olsa oynamaq istəyirik”. Romeye bu heyətlə çempionatda və Avroliqada eyni vaxtda mübarizə apara biləcəklərini qeyd edib: “Biz son “transfer pəncərəsi” zamanı baş məşqçimiz Kristof Qaltyenin istəyi ilə yaxşı oyunçu ala bilmədiyimiz üçün məyus olduq. Ancaq almaq istədiyimiz futbolçu son dəqiqədə bizə arxa çevirdi. Bununla belə, düşünürəm ki, heyətimiz ötən mövsümdəkindən xeyli güclüdür. Universal və gənc 23 peşəkar futbolçu ilə müqavilə bağlamışıq. Avrokuboklarda iştirak edən klublar hər il çempionatda bundan əziyyət çəksələr də, bizim əlimizdə hər iki cəbhədə oynamaq üçün material var. Aydın məsələdir ki, Avropa Liqasına etinasız yanaşmayacağıq”.

 

“Qarabağ” güclü azarkeş dəstəyi altında sabit çıxış edir”

“Rəqibimizi tanımağa çalışırıq ki, səfərdə necə oynayacağımızı bilək. Biz Bakıya xal almaq üçün gedirik”. Bu sözləri isə “Sent-Etyenn”in futbolçusu Mustafa Bayal Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun haqda danışarkən deyib. Seneqallı yarımmüdafiəçi “Qarabağ” haqda heç bir məlumatlarının olmadığını deyib: “Rəqib haqda çox söz deyə bilmərəm. Yalnız bəzi oyunlarının videosuna baxmışıq. Ona görə də səfərdəki matçda çox diqqətli olmalıyıq. Bizi Bakıda asan oyun gözləmir. Rəqibin çoxsaylı azarkeşinin olduğunu bilirik. “Qarabağ” güclü azarkeş dəstəyi altında sabit çıxış etdiyini də bilirik”.

Xatırladaq ki, “Qarabağ” – “Sent Etyen” oyunu sentyabrın 18-də keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.

 

18 sentyabr

21:00 “Qarabağ” (Azərbaycan) – “Sent-Etyenn” (Fransa)

Hakimlər: Stiven MakLin, Qavin Harris, Fransis Konnor, Alasdair Ross

Əlavə köməkçi hakimlər: Brayan Kolvin, Endi Dallas (hamısı Şotlandiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here