“Özünəinamı zəiflər başqalarının düşüncələrini təqlid edirlər”

622
Öz fikri ilə hərəkət edən insan yanlış addım atsa da, o öz səhvlərindən nəticə çıxarmağı bacarır. İnsan düşündükcə beynin dərin qatları inkişaf edir və hərtərəfli düşünmə, qərar qəbul etmə qabiliyyəti yaranır”
 “Həyat teatr tamaşası kimidir. Onun nə qədər davam etməsi yox, nə qədər maraqlı oynanılması önəmlidir” fikirləri yəqin ki, bir çoxlarına məlumdur. Bu, hər nə qədər tez-tez işlədilən ifadə olsa da, özündə çox böyük məna ehtiva edir. Başqalarının marağını çəksin və ya baxımlı olsun deyə yaşadığımı həyatı onların istəyinə görə səhnələşdiririk çox zaman. Alqışlanmaq sevdası və ya başqalarının düşüncəsində təqdir almaq istəyimi insanları buna vadar edir, deyə bilmərəm. Bəlkə də bu bizə alqış gətirər, bəs pərdələr enib, işıqlar söndükdən sonra? Yalnız özümüzlə baş-başa qaldıqda anlayırıq ki, bütün ömür boşa yaşanılıb. İşimiz, evimiz, ailəmiz bizim yox, başqalarının istədiyi kimidir. Ürəyimizin səsinə qulaq asmaq əvəzinə, başqalarının düşüncələrinə əsaslanaraq etdiyimiz seçimlər, verdiyimiz qərarlar, qaçırdığımız şanslar gəlib qarşımızda dayanar.

 

Başqalarının düşüncələrini təqlid edənlər

“Dünyanın ən bədbəxt insanı başqalarının düşüncələrinə ilişib qalan insandır” deyir müdriklərdən biri. Bir işə başlamazdan əvvəl onu necə edəcəyimizdən daha çox, “camaat nə fikirləşər, görəsən, belə eləsəm nə deyərlər?” fikirləri üzərində düşünürük. Beləliklə də, girdiyimiz çox işdən məğlub çıxırıq. Əlbəttə ki, ilk dəfə görəcəyimiz hər hansı bir işin üsulunu öyrənmək üçün sınanılmış təcrübələrdən faydalanmaq lazımdır. Lakin öz düşüncələrinə deyil, başqalarının seçiminə üstünlük verdiyiniz zaman o işi siz deyil, başqası görmüş olur. “Aida” Uşaq Psixologiya Mərkəzinin sədri Aida Nəbiyeva insanların çox zaman təcrübədən faydalanmaq əvəzinə, onu olduğu kimi öz həyatlarına tətbiq etdiklərini bildirdi: “Biz həyatımızla bağlı hər hansı bir tədbir görərkən və ya işlə bağlı addım atarkən başqalarının təcrübəsinə baxıb hərəkət etməyi, ya da həmin təcrübəni olduğu kimi götürüb öz həyatımıza tətbiq etməyi çox sevirik. Bu da insanlarda özünə güvənin zəif olmasından, yaradıcı qabiliyyətin formalaşmamasından irəli gəlir. Başqalarının həyatına baxaraq yaşayan insanlar çox zaman səhv addımlar atırlar ki, bu da həyatlarında uğursuzluqla nəticələnir”.

Psixoloq A. Nəbiyeva insanların atdıqları səhv addımda belə nə isə öyrəndiklərini vurğuladı. O bildirdi ki, başqalarının düşüncələrinə görə hərəkət edən bir insan özündə yeni qabiliyyətlər kəşf edə və irəliyə gedə bilmir: “İnsanın bəzi məsələlərdə özbaşına hərəkət etməsi də doğru deyil. Hər hansı bir məsələdə məsləhət almaq, təcrübədən faydalanmaq lazımdır. Başqasının təcrübəsindən istifadə etməyin müəyyən qədər müsbət tərəfləri də var. Sınanılmış təcrübələr var ki, bu, insana müəyyən mənada uğur gətirə bilər. Lakin başqasının addımlarını olduğu kimi təkrarlamaq, hər şeyə o cür baxmaq doğru deyil. İnsan hər addımda öz daxilindəki səsə qulaq asmayacaqsa, “görüm başqaları necə edir” düşüncəsi ilə yaşayacaqsa, o heç vaxt irəli gedə bilməyəcək. Öz fikri ilə hərəkət edən insan yanlış addım atsa da, o öz səhvlərindən nəticə çıxarmağı bacarır. Bu həm də insanda dərindən düşünmək funksiyasını formalaşdırır. İnsan düşündükcə beynin dərin qatları inkişaf edir və hərtərəfli düşünmə, qərar qəbul etmə qabiliyyəti yaranır”.

 

“Məsləhətə açıq olmaq, lakin bu vəziyyətdən sui-istifadə etmək yaxşı hal deyil”

Həyatımıza nəzər salsaq, orada öz istəklərimizdən daha çox, başqalarının fikrinə rast gələrik. Cəmiyyətimizin böyük əksəriyyətini belə insanlar təşkil edir. Özümüzü dərk etdiyimiz, həyata ciddi addımlar atmağa başladığımız andan etibarən “camaat nə deyər?” düşüncəsi bizə hakim kəsilməyə başlayır. “Deyərlər”i əlimizdə bayraq eləyib rəssam olmaq istəyən övladımızı ya müəllim, ya da həkim olmağa məcbur edirik. Qızını başqaları “hələ ailə qurmayıb” dedi-qodusundan qurtulmaq üçün tez ərə verməyə çalışanlar, oğluna “oxumuş” qız almaq sevdasında olan valideynlər də bu axına düşənlərdəndir. Ailəsini, işini, evini, bütün həyatını başqalarının düşüncəsinə görə quran insanlar ancaq qocalanda fərqində olurlar ki, onlar əslində illərdir başqalarının həyatını yaşayırlar.

“Ailəm” jurnalının baş redaktoru, sosioloq Aydın Ucal cəmiyyətdə formalaşan bu cür düşüncənin həm mənfi, həm də müsbət tərəfləri olduğunu vurğuladı: “Ümumiyyətlə, insan məsləhətə açıq olsa yaxşıdır. Birinin bilmədiyi bir sahədən başqası məlumatlı ola bilər. Ancaq bu vəziyyətdən sui-istifadə etmək yaxşı hal deyil. Çünki cəmiyyətdə heç bir fərd başqa bir fərdlə eyni deyil. Bu baxımdan “başqaları nə deyər?” düşüncəsi birincidən çox, ikinciyə aiddir. Ona görə də belə bir düşüncə ilə həyatını istiqamətləndirmək doğru deyil. Bu psixologiyanın mənbəyinə gəlincə, burada məsələ bir qədər də mürəkkəbdir. Çünki bu psixologiyanın formalaşmasında rol oynayan faktorların sayı bir yox, daha çoxdur. Ən əsas faktorlardan biri isə insanların cəmiyyətdə tutduğu mövqedir. Digər tərəfdən, cəmiyyət üçün dediyimiz bu şeyləri ailə üçün də demək mümkündür. Çünki fərdlər eyni olmadığı kimi, ailələr də bir-birindən fərqlənir. Belə olan halda isə istənilən müqayisə qüsurludur. Hesab edirəm ki, istər milli dəyərlərimizi, istərsə də mənəvi dəyərlərimizi ön planda tutmaqla bu problemin qarşısını almaq mümkündür”. Atalarımız “məsləhətli don gen olar” deyiblər. Başqalarının da əynində çox “don” bəyənə bilərsiniz. Lakin məsləhət görülənlər də, bəyəndikləriniz də öz ölçülərimizə uyğun olmalıdır…

Xəyalə Sadıqova