“Özümü heç kimlə müqayisə etmək istəmirəm”

0
429

Dünya futbol tarixinin ən yaxşı qapıçılarından biri hesab edilən Canluici Buffon ölkəsinin “La Qazzetta dello Sport” qəzetinə maraqlı müsahibə verərək, yaxın illər üçün planlarından danışıb.

— Antonio Kontenin İtaliya yığmasına baş məşqçi təyin edilməsi səncə, düzgün atılan addımdır?

— O, ölkə futboluna və tək-tək götürüldükdə hər futbolçuya xeyir verəcək. Bəzi fərqli xüsusiyyətlərinə və xarakterinə baxmayaraq, Konte vəziyyətdən yaxşı baş çıxarmaq baxımından olduqca ağıllıdır.

— Amma o, əsl “Yuventus”ludur. Komandanın möhkəm birləşməsinə ehtiyac olduğu bir vaxtda onun gedişi bu problem olmayacaq?

— Konte güclü xarakterə malik olan və qalib gəlməyi sevən məşqçidir. Amma əminəm ki, italiyalıların 95 faizi Konteni sevimli komandalarının, o cümlədən yığmamızın başında görmək istəyirlər.

— Hazırda İtaliya futbolu liderləri təqib etmək üçün son imkana malikdir…

— Amma sonuncu imkan olmayacaq. Həyat inkişaf edir və imkanlar həmişə olacaq.

— Bugünkü “Yuventus” hansı imkanlara malikdir?

— “Yuventus” İtaliya futbolunda, A seriyasında ilk iki yeri tutur. Komandamız Avropanın ən yaxşı 8 klubundan biridir. Bu, Kontenin sayəsində əldə edilib. “Yuventus”un indiki məşqçisi Alleqri kifayət qədər təcrübəlidir və Kontenin ona qoyub getdiyi mirasdan bacarıqla istifadə edəcəyinə inanıram. Mənə elə gəlir ki, o, düzgün ideyalara malikdir. Yeni məşqçinin komandaya, bəlkə də, xeyri olacaq. Ən önəmli fakt bizim qələbə istəyimiz və son üç mövsümdə qalib gəlmək arzumuzu qoruyub saxlaya bilməyimiz olacaq.

— Ötən il dedin ki, əsas problem qələbədən çox yorulmağınızdır…

— Risk futbolda həmişə olub. İndi qələbə qazanmaq yenidən daha çətin olacaq. Ötənilki uğurları təkrarlamaq nə bizə, nə də bizdən sonrakı nəsillərə nəsib olacaq. Bütün bunlara baxmayaraq, “Yuventus” azarkeşlərini təəccübləndirməyə və sevindirməyə, nəyə qadir olduğunu, kimin komandaya məşqçilik etməsindən asılı olmayaraq, qələbə qazanmağa və güclü olduğunu sübut etməyə cəhd edəcək.

— Hər şeyin yaxşı olacağını öncədən hiss edirsən?

— Hazırda əsas diqqəti fiziki hazırlıq məsələsinə yönəltmişik. Yoldaşlıq oyunlarında uğursuzluqlar ola bilər. Əsas çempionluq ruhumuzu qoruyub saxlamaqdır.

— Alleqri sənə necə təsir bağışlayır?

— Onun futbol haqda təsəvvürləri fərqlidir, oyun modeli, sxemi də özünəməxsusdur. O, savadlı və sağlam mütəxəssisdir. Biz Alleqrinin oyun metodlarını məmnunluqla qarşılayırıq.

— Çempionlar Liqasında hansı məqsədləri qarşınıza qoymusunuz?

— İki il əvvəlki uğuru təkrarlamağı — ən azı 1/4 finala adlamağı planlaşdırmışıq. Yaxşı bilirik ki, müəyyən səbəblər üzündən Avropanın aparıcı komandaları ilə rəqabət aparmaq çətindir. Amma 8 komanda sırasında olmaq iqtidarındayıq. Ötən ilə gəlincə, Avropa Liqasının səviyyəsinin aşağı olması barədə fikirlər eşitdik. Biz italiyalılar bəzən özümüzə çox arxayın oluruq və ona görə də uğursuzluğa düçar olduğumuz üçün günahı özümüzdə axtarmalıyıq.

— Alleqri ilə Pirlo necə yola gedirlər?

— Onlar daim nəyisə müzakirə edir, hətta soyunub-geyinmə otağında belə, fikir mübadiləsini davam etdirirlər. Onlar cəmi bir dəfə aralarında fikir ayrılığı olan iki ağıllı insandırlar.

— Vidal hələ də “Yuventus”ludur?

— Əlbəttə. O, soyunub-geyinmə otağında ən fəallardan biridir. Vidal bizlərdən biridir.

— Qalliani bu yaxınlarda dedi ki, Dieqo Lopes Avropanın ən yaxşı qapıçılarından biridir…

— Çox gözəl, Lopes mənim də xoşuma gəlir. A seriyasında əcnəbi qapıçıların sayı artmaqdadır. Zənnimcə, bizim qapıçıların əcnəbi qapıçılarla rəqabətə girməsi xeyrimizə olacaq.

— “Yuventus”la 2015-ci ilə kimi müqavilən var və onlar sənə həddən artıq inanırlar…

— Bu, həqiqətən də, belədir və bizim aramızda problem yoxdur. Mən öz həyatımda əsas müqaviləmi imzalamışam. 13 ildir “Yuventus”da oynayıram və əgər rəhbərlik etiraz etməsə, bundan sonra da burada çıxış etməyimə şad olaram.

— Dino Zoff kimi, 41 yaşına kimi oynamaq istəyirsən?

— Özümü heç kimlə müqayisə etmək, kiməsə oxşatmaq istəmirəm. Mən yalnız istəyirəm ki, özümdən sonra futbolda bir iz buraxa bilim. Zoffdan bir az öncə oynamağa başlamışam. Əgər 41 deyil, 40 yaşımda futbolla vidalaşsam, bu mənim üçün eyni şey demək olacaq.

— Gələcəkdə futbol funksioneri olmağı planlaşdırmısan?

— Çoxları belə hesab edir ki, məşhur futbolçu karyerasını başa vurandan sonra yüksək vəzifələrdə işləməlidir. Amma bu səhv düşüncədir. Sən karyeranı başa vurandan sonra ancaq bacardığın işlə məşğul olmalısan. Mən butslarımı mıxdan asdıqdan sonra özümlə məşğul olacaq, gələcək sənətimi dərindən öyrənəcəyəm. Bir tərəfdən bunu daha tez etməyi düşünürəm. Ancaq “Yuventus”da da çox oynamaq istəyirəm. Mən hələ də inkişaf etmək, bildiklərimi təkmilləşdirmək istəyirəm. İndidən gələcək həyatımda futboldankənar rəqabətə hazır olmaq istəyirəm.

— 2018-ci il dünya çempionatında yığma komandanın tərkibində 6-cı dəfə iştirak edə bilərsən. Bu isə rekord demək olacaq. Braziliyadakı uğursuzluqdan sonra Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək və revanş almaq arzun varmı?

— 2010-cu ildə ağır zədə aldıqdan sonra uzunmüddətli plan qurmaq fikrindən vaz keçmişəm. Ona görə də, ancaq yaxın perspektivlər üzərində fikirləşirəm. Mən hələ özümü futbol oynamaq üçün kifayət qədər enerjili hesab edirəm. Əgər növbəti dünya çempionatında iştirak etsəm, bu, mənim üçün möhtəşəm olacaq. Dünyada cəmi 3 futbolçu 5 dünya çempionatında oynaya bilib. Ona görə də hələlik bu barədə düşünmək istəmirəm. Hesab edirəm ki, bu 4 il çox çətin olacaq. Məni artıq dəfələrlə “qoca” adlandırıblar. Hazırda 36 yaşım var və hələ də yaxşı formada olmağım çoxlarını qıcıqlandırır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here