Özümü hava şarından aşağı buraxdım

O gün çox yaxın dostum, usta Həsənəliyə dedim ki, nə olar, məni də mindir o hava balonuna… Mən də heç olmasa, ömrümdə bir dəfə Bakıya yuxarıdan aşağı baxım, sonra da öz təəssüratlarımı dost-tanışla bölüşüm. Usta sözümü yerə salmadı və yanında mənə yer elədi.
… Havada yavaş-yavaş uçan şardan yerə baxmağın yaman qəribəliyi varmış. Amma nə gizlədim, balonumuz yuxarı qalxdıqca mənim əhval-ruhiyyəm birdən-birə pozulmağa başladı. Nöşün ki, paytaxtımıza baxdıqca ürəyim sıxılırdı. Amma bu barədə usta Həsənəliyə bir söz demədim. Çünki qorxdum ki, balonundan məni yerə ata… Nə isə, bu sıxıntı məni necə gic eləmişdisə, nə vaxt Qaradağın üzərinə yetişdiyimizi bilmədim. Onda gördüm ki, sementdən yaranmış qatı dumana bürünmüşük. Bu burulğandan birtəhər çıxanda bir-birimizi tanımadıq: ağappaq idik. Üst-başımızı, üz-gözümüzü elə göydəcə birtəhər təmizləyib uçuşumuza davam elədik. Şəhərə girəndə ürəyimdən lap qara qanlar axmağa başladı. Çünki burada aparılan abadlıq-quruculuq işlərinin tozu göylərə elə bülənd olmuşdu ki, göylərin də bu tozdan əlhəzər qıldığını güman etdim… Üstəlik, od vurulmuş zibilliklərdən üzüyuxarı qalxan qara tüstü bu toza qarışmaqla lap alayı bir mənzərə yaradırdı. Elə bu səbəbdən nəfəs almağım tam çətinləşdi. Usta Həsənəli vəziyyətimdən duyuq düşən kimi əleyhqaz geyinməyimi məsləhət gördü. Lakin bu da mənə kömək etmədi. Odur ki, ustadan xahiş etdim ki, hava şarını bir yerdə əyləsin. Usta gülərək: “Ay rəhmətliyin nəvəsi, – dedi,- məgər xəbərin yoxdur ki, indi şəhərin əksər məkanları hasara alınıb?”. “Elə isə dəniz kənarına”, – demək istəyirdim ki, usta bu arzumu da ürəyimdə qoydu: “Bu hasarlanma bəzi məkanlara aid olsa idi, dərd yarı idi. A kişi, dənizin sahilləri də artıq hasara alınıb. Bir sözlə, indi bu şəhər başdan-başa hasarlanıb”.

Bu izahatdan sonra usta Həsənəli bir qədər fikrə getdi. Sonra nə fikirləşdisə, söhbətini davam etdirdi: “İndi şəhərdə harada boş yer tapılırsa, orada çoxmərtəbəli binalar tikilir. Ya da bir ticarət obyekti inşa edirlər. Həmin binalar da nə Azərbaycan memarlığına uyğun gəlir, nə də Şərq memarlığına… Onları da bir-birinə o qədər yaxın-yaxın tikirlər ki, həmin yerlərə heç günəş işığı da düşə bilmir. İndi de görüm, gün işığı düşə bilməyən yerə mən bu hava şarını necə endirim axı? Bu boyda şəhəri döndəriblər öz şəxsi həyətlərinə… Harada nə istəyirlər, onu da tikirlər. Kimsə də onlara “gözün üstə qaşın var” demir”. Ustaya demək istədim ki, heç olmasa, küçələrdən birində məni yerə sal. Elə bu zaman qulağıma əcaib maşın siqnallarının səsi gəldi: “Ay usta, olmaya hava şarına siqnal qoymusan”, – dedim. Usta aşağı boylanmağımı xahiş etdi. Gördüm üzərindən keçdiyimiz küçədə elə tıxac yaranıb ki, nə ucu var, nə də bucağı… Şəhərin daha bir neçə küçəsində belə mənzərənin şahidi olduq. Uzun sözün qısası, usta bu boyda şəhərdə hava şarını əyləməyə bir yer tapmadı ki, tapmadı. Səbrim tükəndiyindən özümü başıaşağı hava şarından aşağı buraxdım. Bu zaman çarpayıdan yerə necə dəydimsə, səsimə uşaqların anası da yuxudan ayıldı. Əşi, son günlər bu istilər əməlli-başlı bir yuxu görməyə də imkan vermir…

Qvami Məhəbbətoğlu